Əli (ə) və Qırtas hadisəsi

Bütün insanlıq üçün qara səhifələrdən olan Qırtas hadisəsi zamanı, Rəsulullahın (sallallahu aleyhi və alih) vəsiyyət yazmağına mane oldular və Ona hörmətsizlik edərək sayıqlamaqda ittiham etdilər və yanında səs-küy saldılar. Bu məqalədə isə həmin hadisə ilə bağlı şübhələrdən birinə cavab verəcəyik. 

 

Əgər Əli əleyhissalam da orada idisə, nəyə görə həmin şəxslərə mane olmadı və ya nəsə demədi? 

 

Əvvəlcə Əli əleyhissalamın orada iştirakı barədə:

 

"...Sonra insanlardan üz çevirdi və camaat qalxıb öz evinə getdi, təkcə Abbas, Fəzl ibni Abbas və Əli ibni Əbu Talib (ə) qaldılar."

 

"Əl-İrşad", Şeyx Mufid, cild 1, səh. 184

 

Elədirsə, bəs nəyə görə Əli əleyhissalam da oradakılar kimi səs-küy salmadı?

 

1. Rəsulullahın (sallallahu aleyhi və alih) yanında səs ucaltmaq haramdır:

 

Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin. Yoxsa, özünüz də hiss etmədən əməlləriniz hədər gedər.

 

 

Hucurat surəsi, 2-ci ayə

 

 

Əli əleyhissalam özü də Qasiyə xütbəsində buyurur:

 

Həzrət məni heç vaxt yalan danışan görmədi, eləcə də heç vaxt məndən bir səhv tutmadı. Həzrət Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmi uşaq vaxtı süddən ayırdıqları zaman Allah ən böyük mələyini Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmi gecə gündüz böyüklük, doğruluq və yaxşı əxlaqa sövq etməkədən ötrü göndərdi. Mən təzə doğulmuş, həmişə anasının dalınca düşən dəvə balası kimi onun ardınca gəzirdim. Həzrət hər gün əxlaqdan mənə yeni-yeni hikmətlər aşkar edərək onun xəttində irəliləməyimi tövsiyə edirdi.

 

 

"Nəhcul-bəlağə", Seyid Rəzi, 192-ci xütbə (Qasiyə xütbəsi)

 

 

Bu halda necə mümkün ola bilər ki, Əli əleyhissalam Rəsulullahın (s.a.a) yanında səsini çıxartsın? Əgər Rəsulullah (s.a.a) əmr etsəydi, Əli əleyhissalam oradakıları susdurmağa qadir idi.

 

2. Rəsulullahın (s.a.a) yanında mübahisə etmək də olmaz:

 

Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir.

 

Ənfal surəsi, 46-cı ayə

 

Rəsulullah (s.a.a) Qırtas hadisəsi zamanı da oradakıları buna görə qovdu:

 

İbni Abbas belə demişdir: Peyğəmbərin ağrısı şiddətlənəndə: "Yazı yazmaq üçün bir şey gətirin, sizə elə bir kitab (vəsiyyət) yazım ki, ondan sonra heç bir zəlalətdə qalmayasınız."-buyurdu. Ömər: "Peyğəmbərin xəstəliyi ağırlaşdı. Bizim əlimizdə də Allahın Kitabı vardır. O bizə yetər"-dedi. Buna görə oradakı səhabələr ixtilafa düşdülər. Sözləri bir-birinə qarışdı. Rəsulullah (s.a.a): "Yanımdan gedin! Mənim yanımda deyişmək olmaz!"- dedi. İbni Abbas bu sözləri ravi Ubeydullah ibni Abbasa nəql etdikdən sonra otaqdan çıxaraq belə dedi: "Ah, nə böyük müsibətdir o müsibət ki,  Rəsulullah (s.a.v.v.) və yazmaq istədiyi yazı arasında pərdə oldu!"

 

 

"Səhih", Buxari, Kitabul-Elm, Elmin yazılması babı, hədis 114.

"Səhih", Buxari, Kitabul-Mərza vət-Tibb, xəstənin "yanımdan qalxın" deməsi babı, hədis 5669.

 

 

İbni Abbas dedi: Cümə axşamı Peyğəmbərin (s.a.v.v.)  ağrıları şiddətləndikdə buyurdu: “Mənim üçün bir kürək sümüyü gətirin, sizin üçün elə bir kitab (vəsiyyət) yazım ki, məndən sonra heç vaxt yolunuzu azmayasınız.” Bu zaman dava-dalaşa və mübahisəyə başladılar, halbuki heç bir peyğəmbərin hüzurunda mübahisə rəva deyilir. Sonra dedilər: “Peyğəmbər  sayıqlayır! Ondan soruşun!

 

 

"Səhih", Buxari, Kitabul-Cizyə, Yəhudilərin ərəb yarımadasından çıxarılması babı, hədis 3167

"Səhih", Muslim, Kitabul-Vəsiyyət, vəsiyyəti olmayanın onu tərk etməsi babı, hədis 1637

 

 

Əgər Əli əleyhissalam da oradakılara qoşulub mübahisə etsə idi, oradakılardan fərqi nə olardı?

 

 

3. Həmin vaxt orada Ömərə müxalif olan şəxslər də vardı:

 

 

Buna görə evdəkilər ixtilafa və dalaşmağa başladılar. Onların bəzisi: "Yazı dəsti gətirin, sizə vəsiyyətnamə yazsın, ondan sonra yolunuzu azmayasınız!"-deyirdi. Bəziləri də bundan başqa şeylər deyirdilər.

 

 

"Səhih", Buxari, Kitabul-Məğazi,  Peyğəmbərin (s.a.v.v.) xəstəliyi və vəfatı babı, hədis 4432

"Səhih", Muslim, Kitabul-Vəsiyyət, vəsiyyəti olmayanın onu tərk etməsi babı, hədis 1639

 

 

Əhli-xilafın öz mənbələrinə əsasən, orada bəzi şəxslər Ömərə qarşı çıxdılar və Peyğəmbərin (s.a.a) əmrini yerinə yetirməyə çalışdılar. Onlardan soruşuruq: hansı dəlilə əsasə deyə bilərsiniz ki, Əli əleyhissalam onların arasında deyildi?

 

 

4. Digər bir ehtimal da budur ki, Əli əleyhissalam xilafətə iddia edən münafiqləri ifşa etmək istəyirdi.

 

 

Rəsulullaha (s.a.a) nəuzu billah, ona "Sayıqlayır" deyib iftira atanları tanıtmaq istəyirdi və onların xilafətə layiq olmadıqlarını sübut etdi. Həmçinin yanında mühahisə edənləri qovdu. Peyğəmbərin (s.a.a) yanından qovduqlarını da xəlifə seçib dini onlardan öyrənmək də bir ayrı məsələdir.

 

 

5.  Rəsulullah (s.a.a) sonuncu dəfə müsəlmanlara höccəti tamam etmək istəyirdi.

 

 

Rəsulullah (s.a.a) dəfələrlə Əli əleyhissalamın vilayətini müsəlmanlara çatdırmışdı, bununla belə istəyirdi ki, sonuncu dəfə höccəti tamam eləsin və yazılı şəkildə vəsiyyət etsin ki, gələcəkdə heç kim deməsin niyə Əli əleyhissalam xəlifə oldu.

 

 

6. Əhli-xilafda olan bir hədisdə deyilir ki (hədis elə onlara görə də zəifdir), kağız-qələm gətirmək əmri elə Əli əleyhissalam tapşırılmışdı:

 

 

Əli ibni Əbu Talib (əleyhissalam): Peyğəmbər mənə dedi ki, ona yazmağa bir şey gətirim, elə bir şey yazsın ki ümmət ondan sonra heç vaxt azmasın. Əli (ə) dedi: Mən qorxdum ki, o bundan öncə vəfat edər. Dedim: Mən yadda saxlaya bilərəm və başa düşərəm. Buyurdu: Sizə namaz qılmağı, zəkat verməyi və əlinizin altında olanlara qarşı mehriban olmağı vəsiyyət edirəm.

 

 

"Musnəd", Əhməd ibni Hənbəl, cild 1, səh. 90

"Fəthul-bari", İbni Həcər Əsqəlani, cild 1, səh. 186

 

 

Hətta hədis zəif olsa da, əhli-sünnətə görə ehtimal var ki, kağızı gətirmək əmri Əli əleyhissalama verilmişdi və etirazlar da birbaşa ona yönəlmişdi ki, gətirməsin. (Təbii ki, elə hədisin məzmunu belə digər səhih hədislərlə ziddiyyət təşkil edir. Peyğəmbər (s.a.a) onsuz da Quranda illərlə əvvəl gəlmiş hökmləri təzədən niyə yazdırmaq istəyərdi ki, ümmət azmasın?)

 

Təbii ki, əvvəldə də qeyd etdiyimiz kimi, Əli əleyhissalamın Rəsulullaha (s.a.a) bağlılığı və itaəti bəlli idi, Rəsulullahın (s.a.a) əmrinə ilk reaksiya verən elə Əli əleyhissalam olacaqdı və etirazlar da sırf ona yönələcəkdi.

 

Nəticə olaraq, Əli əleyhissalam həmin hadisə zamanı orada idi. Onun orada istər sükut etməyi, istərsə də etiraz etməyi özbaşına ola bilməzdi, çünki Əli əleyhissalam digərlərindən fərqli olaraq Rəsulullahın (s.a.a) tərbiyə etdiyi idi və əxlaqı, qeyd-şərtsiz itaəti və fədakarlığı hər kəsə bəlli idi. Düşünən şəxslər üçün bu hadisə belə kifayət edərdi ki, Rəsulullaha (s.a.a) iftira atan, əmrindən çıxan, yanında səsini qaldırıb mübahisə edən və nəticədə Rəsulullahın (s.a.a) qovduğu şəxslərin arxasınca yox, Allahın (s.a.a) seçdiyi və Rəsulullahın (s.a.a) dəfələrlə fərqləndirdiyi şəxsin arxasınca getsinlər.