Əvvəli burada:
Əlibağlı namaz qılmaq vacibdirmi?
Bu mövzunu isbat etmək üçün əsasən bir neçə hədis gətirirlər. Biz onlardan ən əsaslarını araşdıracağıq. Digərləri barədə də ümumi rəyi qeyd edəcəyik:
a) Səhl ibni Səd deyir: "İnsanlara namazda sağ əllərini sol əlin biləyinə qoymaları əmr olunurdu."
"Səhih", Buxari, Kitabul Azan, Sağ əlin sol əlin üzərinə qoyulması babı.
Əhli-sünnətin ən mötəbər bildiyi kitabda bu mövzuda cəmisi bir hədis var və orada da əmr edənin kimliyi bilinmir. Əgər bu barədə Rəsulullahdan (s.a.a) əmr gəlsəydi, açıq-aşkar şəkildə Onun buyurduğu qeyd edilərdi. Aydın məsələdir ki, bu əməl də digər bidətlər kimi dinə sonradan sünnət adıyla əlavə edilib.
b) Vail ibni Hucr Peyğəmbərin (s.a.a) namaza başlayarkən əllərini qaldıraraq təkbir etdiyini gördüyünü rəvayət etdi. Həmmam (Peyğəmbərin) əllərini qulaqlarına qədər qaldırdığını göstərmiş, sonra paltarına sarınmış, sağ əlini sol əlinin üzərinə qoymuşdur. Rüku etmək istəyəndə əllərini paltarının arasından çıxarmış, əllərini qaldırıb təkbir etmiş və rükuya getmişdir. "Səmiallahu limən həmidəh" deyəndə əllərini yenidən qaldırmış, səcdə edərkən iki əllərinin arasına səcdə etmişdir.
"Səhih", Muslim ibni Həccac Nişaburi, Kitabus Salat, 15-ci bab.
Hədisin sənədində problem vardır, çünki hədisi Vailin oğlu Əbdülcəbbar nəql edir, o isə atasını görməyib və hədisin sənədində ehtimal olaraq deyirlər ki, qardaşından və hansısa məchul azad olunmuş quldan nəql edir. Elə qardaşı Əlqəmə də, İbni Həcərin "Təqrib"-də qeyd etdiyi kimi, atasından hədis nəql edə bilməzdi. Bu məsələni Zəhəbi də "Əl-Muğni" əsərində təsdiqləyir ki, Əlqəmə atasından hədis nəql edə bilməz. Bu səbəblə də hədis munqəti olur.
c) Abdullah ibni Məsud sol əlini sağ əlinin üzərinə qoyaraq namaz qılırdı, Peyğəmbər (s.a.a) onu gördü və sağ əlini sol əlinin üzərinə qoydu.
"Sünən", Beyhəqi, cild 2, səh. 44
Əvvəla Abdullah ibni Məsud ilk müsəlmanlardan idi və namazı yaxşı bilirdi. Hədisin sənədində isə Huşeym ibni Bəşir var. Əhli-sünnət alimlərinin də təsdiq etdiyi kimi, Huşeym çox tədlis edərdi, yəni bir ravidən hədisi eşitməsə də ondan eşitdiyini iddia edərdi və sənədi qopuq münqəti hədisləri deməkdən zövq aldığını deyirdi. Bu səbəbdən bəzi alimlər ondan hədis rəvayət etmirdilər. ("Təhzib ət-təhzib", İbni Həcər Əsqəlani , cild 11, səh. 59, "Ət-tədil vət-təcrih", Baci, cild 3, səh. 1183)
Bu mövzuda başqa hədislər də vardır ki, onların da ya sənədində problem vardır, ya da digər səhih hədislərlə ziddiyyət təşkil edirlər.
Əbu Davudun "Sünən" kitabında səhih sənədlə nəql olunmuş hədisdə deyilir:
İbni Abbas (ra), Abdullah ibni Harisin saçını arxasına yığaraq namaz qıldığını gördükdə saçlarını açmış və o da buna mane olmamışdı. Namazı bitirdikdən sonra isə dedi ki: "Mənim başımdan sənə nə?" "- Rəsulullah (sallallahu aleyhi və alih) buyurdu: Belə namaz qılan əlləri bağlı namaz qılan kimidir."
"Sünən", Əbu Davud Sicistani, Kitabus salat, Kişinin saçını arxadan yığaraq namaz qılması babı
Məhəmməd ibn Ömər və İbn Əta rəvayət ediblər, Əbu Həmid Saidi həzrət Peyğəmbərin (s) on nəfər səhabəsindən eşitdi ki, o on nəfərin biri Əbu Qutadə idi. Əbu Həmid orada dedi: Peyğəmbərin (s) necə namaz qıldığını mən sizin hamınızdan yaxşı bilirəm. Ona dedilər: Elə isə namazı qılaraq göstər. O dedi: Allahın Rəsulu (s) namaza durduqda əllərini qulaqlarının yaxınlığına qədər qaldırardı və sonra təkbir deyərdi. Ta ki, bədəninin hər üzvü öz yerində qərar tutardı, sonra Fatihə surəsini və bir başqa surə oxuyardı, sonra təkbir deyərdi, sonra iki əlini qulaqlarının yaxınlığına qədər qaldırardı, sonra rükuya gedərdi və iki əlinin ovucunu dizlərinə qoyardı, sonra aram olardı, başını nə yuxarı qaldırmazdı və nə də çox aşağı sallamazdı, səmiəllahu limən həmidəh zikrini deyərək əllərini qulaqlarının yaxınlığına qədər qaldırardı, sonra Allahu əkbər deyərək özünü yerə atardı, əlinin iki ovucunu yanına qoyardı, sonra başını yuxarı qaldırar və sol ayağı üstə oturardı, səcdə etdikdə hər iki ayağının barmaqlarını açar və səcdə edərdi, sonra Allahu əkbər deyərək durar və sol ayağı üstə oturardı, bütün vücudu aram olduqdan sonra yenidən səcdəyə gedərdi həmin işi yenidən səcdədə təkrar edərdi.
Onların hamısı dedilər: Düz dedin, Peyğəmbər (s) namazı belə qılardı.
"Sünən", Tirmizi, Kitabus salat, Namazın vəsfləri babı
"Sünən", Əbu Davud, Kitabus salat, Namazın açılışı babı
"Sünən", Darəmi, Kitabus salat, Peyğəmbərin (s.a.a) namazının sifətləri babı
Əbu Hamid 10 səhabənin yanında namaz qılır və heç biri demir ki, niyə əllərini bağlamadın. Ümumiyyətlə, bircə dənə də səhih hədis yoxdur ki, Rəsulullahın (sallallahu aleyhi və alih) namazda əllərini bağlamasını isbat eləsin. Həmçinin, səhabə və tabeinlərdən də bəzilərinin namazda əllərinin açıq olduğu barədə dəlillər var (Abdullah ibni Zubeyr, Həsən Bəsri, Nəxəi və s.) Əgər namazda əlləri bağlamaq sünnə idisə, nə üçün həmin şəxslər bu sünnəyə əməl etmirlər? 23 il peyğəmbərlik dövründə camaat hələ başa düşə bilmədi ki, namazda əlləri açmaq lazımdır ya bağlamaq? Gündə 5 dəfə namaz qılan 200 000-ə yaxın müsəlman Peyğəmbərin (sallallahu aleyhi və alih) neçə min dəfə necə namaz qılmasını görmüşdülər, amma əlləri bağlamaq mövzusu cəmi bir neçə səhabədən rəvayət olunduğu iddia edilir ki, onların da necəliyini yuxarıda gördük. Eləcə də hər bir məzhəb əllərin harada bağlanması barədə də ixtilaf ediblər. Bir dəstə deyir ki, əlləri sinədə bağlamaq lazımdır, sələfilər kimi. Hənəfilər isə deyirlər ki, əlləri sinədə bağlamaq qadınlara məxsus əməldir, gərək göbəyin altında bağlana. Həmçinin, hənəfi alimi Sərəxsi yazırdı:
"Şafeiyə görə, namazqılanın əllərini sinədə tutması daha əfzəldir... Ona xatir ki, sinə iman yeridir, beləliklə namazda imanı əlinlə qorumaq daha əfzəldir, nəinki iki əlini göbəyin altında qərar verərək övrətə işarə etmək."
Sərəxsi özü isə belə düşünür:
"Beləliklə, əlləri qarnın altında bağlamaq əhli-kitaba bənzəməkdən uzaqdır və övrəti örtməyə daha yaxındır, buna görə də daha üstündür."
"Əl-Məbsut", Sərəxsi, cild 1, səh. 24
"Amma biz deyirik, əlləri qarnın altında bağlamaq əhli-kitaba bənzəməkdən uzaqdır və övrəti örtməyə daha yaxındır, həmçinin şalvarı da düşməkdən saxlayır. Həmçinin padşahların yanında da əlini qarnın altında bağlamaq ədəbdəndir. Əli sinəyə qoymaq isə özünü qadına oxşatmaqdır."
"Umdətul-qari şərhi səhih Buxari", Ayni Hənəfi, cild 5, səh. 280
Qazi Əbu Yəla Hənbəlidən də soruşanda ki, niyə qarın altına qoyulmalıdır, demişdir: Çünki o övrətdir.
"Əl-Füru", Şəmsuddin İbni Muflih, cild 1, səh. 361
Sələfilər isə iddia edir ki, əllər sinədə bağlanmalıdır və göbəkdən aşağıda bağlamaq barədə hədislər zəifdirlər.
Muhəmməd ibni Əbdulvəhhab isə deyirdi:
"Namazda əllərin haraya qoyulması barədə səhih heç nə gəlməyib."
"Muxtəsər zadul məad", Muhəmməd ibni Əbdulvəhhab, səh. 13
Əhli-Beyt əleyhimussalam isə namazda əllərin bağlanmasını qadağan etmişlər və onlardan rəvayət olunan hədislərdə əlibağlı namaz qılmaq əmr olunmayıb. Birinci İmamdan sonuncusunadək aralarında ixtilaf olmayıb və hamısı eyni sözü deyib:
İmam Sadiq əleyhissalam Həmmad ibni İsaya necə namaz qılmağı təfərrüatı ilə izah etmək üçün ayağa qalxıb şəxsən özü namaz qılır: "...Bu zaman, İmam düzgün bir şəkildə qibləyə doğru durub, barmaqları bitişik halda, əllərini qıçlarına doğru yönəltdi. Ayaqlarının isə arasında üç barmaq məsafə olacaq şəkildə bir-birlərinə yaxınlaşdırdı..."
"Vəsailuş-şiə", Hürr Amuli, cild 4, səh. 673
Əli əleyhissalam buyurdu: "Müsəlman bir şəxs namazda, Allahın hüzurunda olanda əllərini bağlayaraq özünü küfr əhlinə, yəni məcuslara bənzətməməlidir."
"Xisal", Şeyx Səduq, cild 2, səh. 161
İmam Baqir əleyhissalam buyurdu: "Namazını şövq və hüzurla qıl və namazda əllərini bağlama, çünki bu məcusilərin əməlidir."
"Kafi", Kuleyni, cild 3, səh. 336
Nəticə olaraq, namazda əllərin bağlanması barədə heç bir qəti dəlil yoxdur, istisnasız bütün məzhəblərə görə namazda əlləri bağlamaq onsuz da vacib deyil, şiələrə görə isə namazı batil edir. Üstəlik, bu əməl əhli-kitab və məcusilərin əməlidir və müsəlmanlara onlara bənzəməmək əmr olunmuşdur.