İmam Məhdi (əf) və Ramazan ayı

Ramazan ayı Allahın bəndələri üçün açdığı geniş süfrəsidir. Bu süfrənin başında da bəndələrinin ən üstünü, bəndələri üzərindəki xəlifəsi Həzrəti Məhdi əleyhissalam var. Ramazan ayı bəndəlik ayıdır. Bu ayda Allaha yaxınlaşmaq və özümüzü düzəltmək üçün çox böyük fürsətlər vardır. Eyni zamanda, bu ayın ibadətlərinə, dualarına və hadisələrinə diqqət edəndə görürük ki, sanki çox mühüm bir mətləbi bizə çatdırmaq istəyirlər: Ramazan ayı həm də İmam Zaman əleyhissalamın dəfələrlə yad olunduğu aydır. Sanki bu ayda İmam Zaman əleyhissalam ilə rabitə qurmağı məşq edirik. Sanki paklaşaraq, ibadət edərək Ona daha çox bənzəməyə başlayırıq.

1. Ramazan ayının hədəfi bizim vərə və təqvaya yiyələnməyimizdir: 

Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə təqvalı olasınız.

Bəqərə surəsi, 183-cü ayə

Rəsulullah (s.a.a) Şabaniyyə xütbəsində buyurur: 

Əmirəl-möminin Əli (ə) soruşdu: “Ya Rəsuləllah, bu ayın ən gözəl əməli nədir?” Peyğəmbər(s.a.a) buyurdu: “Ey Əbəl-Həsən, bu ayın ən yaxşı və fəzilətli əməli Allahın günah və haram buyur­du­ğu işlərdən çəkinməkdir.”

“Vəsailuş-şiə”, Hürr Amuli, cild 7, səh. 227

İmam Sadiq (ə): “Hər kəs Qaimin (əf) səhabələrindən olmaq istəyirsə, intizar çəksin və intizarda olan halda, vərəyə riayət edib əxlaqi gözəlliklərə yiyələnsin.”

“Əl-Ğeybə”, Numani, 11-ci bab, Qeyb dövründə şiələrin səbr edib oturmaqlarını nəql edən hədislər, hədis 16.

2. “Hər bir şeyin baharı var, Quranın da baharı Ramazan ayıdır.”

“Kafi”, cild 2, səh. 630

Maraqlıdır ki, İmam Zaman əleyhissalam da bahar adlanır: 

İmam Zaman əleyhissalamın Samirradakı sərdabda olan ziyarətnaməsində o Həzrətə (əf) belə müraciət edilir:
 
"Əssəlamu aleykə ya rəbiul-ənam və nəzrətul-əyyam."
 
"Salam olsun sənə, ey aləmin baharı və günlərin təravəti."
 
"Misbah", Kəfəmi, cild 1, səh. 495
"Zadul-Məad", Əllamə Məclisi, cild 1, səh. 540

Səqəleyn hədisinə görə də Quran və Əhli-Beyt (ə) Qiyamətə qədər bir-birindən ayrılmaz. 

Eyni zamanda, Ramazan ayında Quran xətm edib zəmanə imamına hədiyyə etməyin də böyük mükafatı vardır:

Əli ibni Muğeyrə deyir: İmam Kazım əleyhissalama dedim: Atam babandan (İmam Baqir əleyhissalamdan) hər gecə Quran xətm etmək barədə soruşdu. Baban soruşdu ki, hər gecə Quran xətmi? Dedi: Hər gecə Quran xətmi (Ramazan ayında). Mübarək Ramazan ayında? - Bəli. O qədər ki bacarıram. Atam Ramazan ayında 40 dəfə Quran xətm elədi. Mən də atamdan sonra onun kimi Quran xətm elədim. Bəzən olurdu ki, qırxdan çox xətm edirdim. Bəzən də bundan az. Boş vaxtımdan, işimdən, həvəsimdən və tənbəlliyimdən asılı olaraq. Fitr bayramı günü gələndə, bir xətmi Rəsulullah (s.a.a) üçün qərar verdim, digərini Əli əleyhissalam üçün, digərini Fatimə salamullahi aleyha üçün, digərlərini yerdə qalan İmamlar (ə) üçün ta ki sənə çatdım. Bir xətm də sənin üçün qərar verdim. O vaxtdan ki, bu hala çatmışam. Bu iş üçün mənə hansı savablar var? Həzrət buyurdu: Bu işlərinin əvəzi odur ki, Qiyamət günü onlarla birlikdəsən. (Təəccübdən dedim): Allahu Əkbər! Bu işə görə mənə belə bir savab savab veriləcək? Həzrət (ə) 3 dəfə buyurdu: Bəli!  
 
Üsuli-Kafi, Şeyx Kuleyni (r), cild 2, səh. 618


3. Qədr gecəsi, mələklər və Ruh Allahın Höccətinin yanına nazil olurlar.
Əmirəlmuminin Əli (əleyhissalam): “Həqiqətən, Qədr gecəsi hər il vardır və o gecədə ilin əmri (təqdiri) nazil olur. Həqiqətən, o əmrin Rəsulullahdan (s) sonra sahibləri vardır.” Mən dedim: “Onlar kimlərdir?” Buyurdu: “Mən və mənim nəslimdən olan on bir nəfər – onlar muhəddəs (ilahi ilham alan) imamlardır.”


“Kafi”, cild 1, səh. 247


İmam Baqir (ə): “Qədr gecəsi bizdən gizli deyildir,  mələklər həmin gecə bizim ətrafımızda dövr edərlər.”


“Təfsir”, Əl-Burhan, cild 5, səh. 13


Qədr gecəsi Qiyamətə qədər olacaq və buna görə də hər dövrdə mələklərin nazil olduğu bir imam mütləq olmalıdır. Qədr gecəsi mələklər “min kulli əmr”- “hər bir işdən ötrü” - İmama nazil olub illik müqəddərat barədə İmam Zaman əleyhissalama məlumat verirlər. 
Rəsulullah (s.a.a) Əli əleyhissalama buyurdu: “Bu surə (Qədr surəsi) məndən sonra sənə, səndən sonra isə övladlarına məxsusdur. Mələklər içində qardaşım olan Cəbrail (ə) hər il ümmətimin hadisələrini mənə bildirirdi. Allaha and olsun ki, o hadisələr sənə də nübüvvət hadisələri kimi bildiriləcəkdir. Bu surənin parlaq bir nuru sənin qəlbində və vəsilərinin qəlbində Qaimin (ə) sübhünün doğuşuna qədər davam edəcəkdir.”


“Biharul-ənvar”, Əllamə Məclisi, cild 25, səh. 70


4. Qədr gecəsi “Allahummə kun li vəliyyikə” duasını oxumaq
İmam Sadiq (əleyhissəlam) buyurdu:
“Ramazan ayının iyirmi üçüncü gecəsində bu duanı səcdədə, ayaq üstə, oturan halda və hər bir vəziyyətdə təkrar et. Həmçinin ay boyu və nə vaxt imkan tapsan, ömrünün hər zamanında – yadına düşdüyü vaxt – bu duanı oxu.
Uca Allahı mədh etdikdən və Peyğəmbərə (ona və ailəsinə salam olsun) salavat göndərdikdən sonra belə de:
“İlahi! Öz vəlin (Huccət ibnil Həsən) üçün bu saatda və hər saatda vəli (himayəçi), qoruyucu, rəhbər, köməkçi, yol göstərən və nəzarətçi ol. Nəhayət, onu yer üzündə itaətlə yerləşdirənə və orada uzun müddət hökmranlıq etməsinə imkan verənə qədər…”


“Kafi”,Kuleyni,  cild 4, səh. 162


5. Bir çox hədislərə görə zühurun elanı Ramazan ayının 23-cü gecəsi olacaq:
İmam Baqir (ə): “Göydən bir carçı Qaimin adı ilə car çəkəcək. Beləliklə, Şərqdə və Qərbdə hər kəs onu eşidəcək… Səs Ramazan ayında, cümə gecəsi, 23-cü gecədə olacaq. Bu barədə şəkk etməyin…”


“Əl-Ğeybə”, Numani, 14-cü bab, 13-cü hədis


6. Ramazan ayının dualarında da İmam Zaman əleyhissalam yad olunur. Bu barədə xüsusi olaraq İftitah duasını qeyd etmək lazımdır ki, Ramazan ayında hər gecə oxunması tövsiyə edilib: 
“...İlahi, zəmanənin sahibi həzrət Qaimə – intizarı çəkilən ədalətli imama salam yetir, onu dərgahına yaxın olan mələklərlə əhatə et, Ruhul-Qudus vasitəsilə təsdiq et, ey aləmlərin Rəbbi! İlahi, onu yer üzündə kitabına dəvətçi və dinini dirçəldən xəlifən et, necə ki, ondan əvvəlkiləri xəlifə etdin, onun üçün razı olduğun dinini onun vasitəsilə bərpa et, qorxusunu əmin-amanlığa çevir ki, Sənə ibadət etsin, heç bir şeyi Sənə şərik qoşmasın. İlahi, onu əziz et, onun zühuru ilə bizə izzət ver, ona kömək et və bizi ona yardımçı et, ona izzətli zəfər, asan uğur və iqtidar və Öz tərəfindən ona qüdrət və səltənət bağışla! İlahi, onun vasitəsilə dinini və Peyğəmbərinin sünnəsini aşkar et, belə ki, varlıqların qorxusundan heç kimə haqq və həqiqətdən bir şey gizli qalmasın…”

7 Hər gün oxunması tövsiyə olunan “Allahummə haza şəhru Ramazan…” duası:
“...Səndən Məhəmmədin canişini və xəlifəsinə, daim ədaləti bərqərar edərək qoruyanlarına (onlara salam və salavat olsun) yardım etməyini diləyirəm. Onlara Öz yardımını əta et, ey ondan başqa heç bir məbud olmayan, Sənə and verirəm Səndən başqa heç bir məbudun olmamasını, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, məni dünya və axirətdə onlarla birgə et…”


 8. Ramazan ayında hər namazdan sonra oxunan “Allahummə ədxil əla əhlil quburis-surur” duası. Bu duada istənilən şeylər ancaq zühur zamanı baş verə bilər və dolayısı ilə zühur üçün olan bir duadır:

9. Həmçinin Ramazan ayının 6-sı oxunan digər bir duada da İmam Zaman əleyhissalam dua edilir:


“Ey cəlal və ikram sahibi, əlçatmaz izzət sahibi! Səndən istəyirəm. Ey Allah! Ey Rəhman! Səndən istəyirəm ki, Məhəmmədə və Məhəmmədin ailəsinə salavat göndərəsən, Məhəmməd ailəsinin fərəcini (nicat və zühurunu) tezləşdirəsən və onların fərəci ilə bizim də fərəcimizi yetirəsən…”


“Biharul-ənvar”, Əllamə Məclisi, cild 95, səh. 24


10. Ramazan ayının 8-ci günü oxunan duada: 


“Səndən istəyirəm ki, Məhəmməd və Ali-Məhəmmədə salavat göndərəsən, Ali-Məhəmmədin fərəcini tezləşdirəsən, onlarınla birlikdə mənim də fərəcimi və bütün mömin kişi və qadınların fərəcini tezləşdirəsən.”


11. 12-ci gecənin duasında: 
“İlahi! Məhəmməd və Ali-Məhəmmədə salavat göndər, qəlbimi itaətkar, əməlimi sevindirici, ruzimi bol et. Peyğəmbərinin (ona və ailəsinə salam olsun) hovuzunu mənim üçün dayanacaq və qərargah et. Ali-Məhəmmədin fərəcini  salamatlıqla tezləşdir, ey mərhəmətlilərin ən mərhəmətlisi!”


“İqbalul-əmal”, Seyid ibni Tavus, səh. 141


12.  Ramazan ayının 13-cü günü Sahibəzzaman (əf) barədə xüsusi dualar da gəlmişdir: 
İlahi, mən sənə dindarlıq edirəm itaət və vilayətinlə, və peyğəmbərin Muhəmmədin (s.a.a) vilayəti ilə, və peyğəmbərinin sevimlisi Əmirəlmumininin vilayəti ilə, peyğəmbərin nəvələri, cənnətinin cavanlarının ağaları Həsən və Hüseynin vilayəti ilə. Və sənə dindarlıq edirəm ey Rəbbim, Əli ibni Hüseynin, Muhəmməd ibni Əlinin, Cəfər ibni Muhəmmədin, Musa ibni Cəfərin, Əli ibni Musanın, Muhəmməd ibni Əlinin, Əli ibni Muhəmməd, Həsən ibni Əlinin, və Ağam və Mövlam Sahibəzzəmanın (ə) vilayəti ilə. Sənə dindarlıq edirəm ey Rəbbim, onların itaəti və vilayəti ilə, onları fəzilətli etdiyin şeyə təslim olmaqla, razılıqla, inkar və təkəbbürsüz, o cür ki, Kitabında nazil etmisən! İlahi! Muhəmməd və Ali Muhəmmədə salavat yetir, danışan dilin, ədalətinlə qiyam edən, hörmətini təzim edən, səni ifadə edən, hökmünlə danışan, "görən gözün", "eşidən qulağın", bəndələrin üzərində şahidin, məxluqatın üzərində höccətin, sənin yolunda cihad edən, itaətində çalışan vəlin və xəlifəndən hər cür bəlaları dəf elə, onu öz pozulmayan əmniyyətində qərar ver, məğlub olmayan qoşununla kömək elə, ona yardım et, onu himayə elə, məni və mənim övladlarımı , valideynlərimi və onların övladlarını o şəxslərdən qərar ver ki, ona kömək edirlər və dünya və axirətdə ondan kömək alırlar. Pərakəndəliyimizi onunla aradan qaldır, ayrılığımızı onun vasitəsilə birliyə çevir. İlahi! Onun vasitəsilə zülmü aradan apar, ona düşmən olanları məhv et, zəlalət başçılarını elə aradan apar ki, yer üzündə izi də qalmasın!


Biharul-ənvar, cild 98, səh. 37


13. Ramazan ayının 21-ci gününün sübhündə, İmam Sadiq əleyhissalam səcdədə uzun bir duada belə deyərdi: 


“(İlahi!) Məhəmməd və onun Əhli-beytinə salavat göndər və o kəsin fərəcinə (zühuruna) izin ver ki, onun fərəci ilə Sənin dostlarının və yaratdıqların içindən seçilmişlərin qurtuluşu gerçəkləşsin, onun vasitəsilə zalımlar məhv edilsin və həlak olsunlar. Ey aləmlərin Rəbbi! Bunu tezləşdir.”


“İqbalul-əmal”, Seyid ibni Tavus, səh. 200