Bir neçə əməldən ibarətdir:
1. İftar etmək. Şam namazını qılıb sonra iftar etmək müstəhəbdir. Əgər zəiflik ona qələbə çalsa və ya onu başqaları gözləməsələr.
2. Haramdan, şübhədən pak şeylə iftarını açsın. Ən yaxşısı, namazının savabı yüz bərabər olsun deyə, halal xurma ilə iftar etməkdir.
Xurma, su, rütəb xurma, süd, halva, nabat və isti su ilə də iftar etsə, yaxşıdır.
3. İftar vaxtı nəql olunmuş duaları oxusun. O cümlədən:
Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu.
İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar açdım və Sənə təvəkkül etdim.
duasını oxusa, Allah taala ona bütün oruc tutanların savabını verər. Əgər Seyid və Kəfəminin “Əllahummə rəbbən nuril əzim” duasını oxusa daha çox fəzilət əldə edər.
Bir rəvayətdə deyilir ki, Həzrət Əli (ə) iftar etmək istədikdə deyərdi:
Bismillah, Əllahummə ləkə sumna və əla rizqikə əftərna, fətəqəbbəl minna innəkə əntəs səmiul əlim.
Allahın adı ilə! Səndən ötrü oruc tutduq və Sənin verdiyin ruzi ilə iftar açdıq. Belə isə, onu bizdən qəbul et. Çünki Sən eşidən və bilənsən.
4. Hər kəs birinci tikəsində:
Bismillahir rəhmanir rəhim, ya vasiəl məğfirəti iğfir li.
(Bağışlayan və mehriban Allahın adı ilə! Ey hədsiz bəxşiş sahibi, mənim günahlarımı bağışla!)
desə, Allah taala onu bağışlayar. Hədisdə deyilir ki, ramazan ayının günlərinin axırında Allah taala minlərlə bəndəni cəhənnəmdən azad edər. Allahdan sənin də onlardan biri olmağını istə.
5. İftar vaxtı “Qədr” surəsini oxusun.
6. Sədəqə verin və oruc tutanları bir xurma, ya bir içim şərbətlə olsa belə, iftar versin. Peyğəmbər (s)-dən rəvayət olunur ki, hər kəs bir oruc tutana iftar versə, özündən bir şey azaltmadan onun savabı qədər savab qazanmışdır. İftar edən şəxsin də yemək yeməklə qazandığı savabdan ona da yetişəcəkdir. Əllamə Hilli. “Sədiyyə” adlı risaləsində belə yazır: “Hər kəs ramazan ayında mömin bəndəyə bir tikə ilə olsa belə, yedizdirsə onun üçün otuz mömin bəndəni azad etmiş şəxsin savabı yazılar və bir duası Allah dərgahında rəva olunar.”
7. Hər gecə 2 rükət namaz qılmaq, hər rükətdə Fatihədən sonra 3 dəfə İxlas surəsi ilə. Namazdan sonra 10 dəfə salavat demək. Hər kəs belə etsə günahları bağışlanar.
8.Hər gecə min dəfə “Qədr” surəsini oxumaq nəql olunmuşdur.
9. Hər gecə əgər imkan olsa yüz dəfə “Duxan” surəsini oxusun.
10. Ramazan ayı ərzində 3 dəfə Cövşən Kəbir duası oxumaq. Hər gecə 10 fəsil oxumaqla mümkündür.
11. Seyid rəvayət edir ki, hər kəs bu duanı ramazan ayının gecələrində oxusa, onun qırx illik günahları bağışlanar. Dua belədir:
İlahi, ey Ramazan ayının Rəbbi! Bu ayda Quranı nazil və oruc tutmağı bəndələrinə vacib etmisən. Peyğəmbər və onun Əhli-beytinə salam və rəhmət göndər, bu il və hər ildə öz evinin ziyarətini mənə nəsib et və mənim o böyük günahlarımı bağışla. Çünki həmin günahları Səndən başqası bağışlaya bilməz, ey bağışlayan və xəbərdar Allah!
Əllahummə rəbbə şəhri rəməzan əlləzi ənzəltə fihil Qur`an, vəftərəztə əla ibadikə fihis siyam, səlli əla Muhəmmədin və ali Muhəmməd, vərzuqni həccə bəytikəl hərami fi ami haza, və fi kulli am, vəğfir li tilkəz zunubəl izam, fəinnəhu la yəğfiruha ğəyruk, ya Rəhimu ya Əllam.
10. Hər gecə məğribdən sonra “Həcc” duasını oxusun.
11. Hər gecə İftitah duasını oxumaq. Bu duada İmam Məhdi (əf) barədə də çox işarələr olunmuşdur və mənasına diqqət edərək oxunmağı tövsiyə edilir.
12. Gecə müstəhəb namazlardan birində Fəth surəsini oxumaq. Hər kəs belə etsə həmin ili bəlalardan qorunar.