Mərsiyələr ölən bir şəxsin haqqında deyilən xüsusi şeir formasıdır. Hələ qədimdən dünyanın bir çox xalqlarında mərsiyə ənənəsi olmuşdur. Qədim türklərdə hansısa qəhrəman öləndə yuğ deyə məclis qurular , ozanlar onun igidlikləri sayar, iştirakçılar da ağlayarmışlar. Sonralar bu ədəbiyyatımızda ağı kimi öz yerini aldı. Ərəblərdə də hələ cahiliyyət dövründən mərsiyə demək adəti var idi. Hal-hazırda əlimizdə olan Tövrat və Zəburda da mərsiyələr vardır. Bəs görəsən İslamın bu barədə nəzəri nədir?
Qurani Kərimdə Allah bəzilərinin başına gələn müsibətləri qeyd edir. Məsələn, Uxdud (Xəndək) əhli barədə.
"...And olsun şahidlik edənə və şahidlik edilənə! Xəndək əhli öldürüldü. Yanacaqla alovlandırılmışdı. O zaman onlar xəndəyin ətrafında oturub, Möminlərə etdiklərini seyr edirdilər..."
Büruc surəsi, 3-7-ci ayələr.
"Diri-diri torpağa basdırılan qız uşağının soruşulacağı zaman. Hansı günaha görə öldürüldü deyə."
Təkvir surəsi, 8-9-cu ayələr.
Eləcə də Həzrət Yəqubun (ə) Həzrəti Yusufu (ə) yad etməsi:
"Onlardan ayrılıb "Heyif Yusufdan" dedi. Qəmdən gözlərinə ağ gəldi və o qəzəbini boğmuşdu."
Yusuf surəsi, 84-cü ayə.
(Həzrəti Yəqub əleyhissalamın illərlə "Yusuf vay!" deməsi ilə "Hüseyn vay!" demək arasında nə fərq var?)
İslam tarixində də ölən şəxs üçün ağlamaq və müsibətini yad etmək vardır. Əhli-sünnətin elə öz mənbələrində bu barədə kifayət qədər dəlil vardır:
Abdullah ibni İkrimə dedi: "Camaatın sözünə təəccüb edirəm ki, guya Ömər ibni Xəttab novhə deməyi qadağan etdi! Halbuki Ömər Mədinədə Xalid ibni Vəlid üçün ağladı, onunla birlikdə olan Bəni-Muğeyrə qadınları yeddi günə qədər əzadarlıq etdilər, paltarlarını cırdılar, üzlərinə vurdular və bu günlərdə ehsan verdilər, Ömər onlara mane olmadı."
"Tarix Mədinətu Diməşq", İbni Əsakir, cild 16, səh. 277
"Buğyətut-taləb fi tarix hələb", İbnul-Ədim, cild 7, səh. 3170
Ummu Sələmə dedi: "Mən cinlərin Hüseyn ibni Əli (əleyhissalam) üçün novhə dediyini eşitdim."
"Əl-Bidayə vən-Nihayə", İbni Kəsir Diməşqi, cild 6, səh. 236
Səhabə Ğənim ibni Qeys ibni Sufyanın Rəsulullah (sallallahu aleyhi və alih) dünyadan gedəndə dediyi mərsiyə:
"Agah olun! Vay olsun mənə, Rəsulullah (s.a.a) öldü!
Onun sağlığında rahat idim, gecələri aramlıqla sübh edirdim."
"Tarixul-Kəbir", Buxari, Qeys Əbu Ğənimin şərhi-halı, nömrə 641
"Təbəqatul-Kubra", İbni Səd, cild 7, səh. 124
Əhli-xilafa görə Əbu Bəkr də Rəsulullah (sallallahu aleyhi və alih) haqqında mərsiyə deyib:
"Ey gözüm, daim ağla və yorulma, o Seyyid üçün ki, ağlanılmaq onun haqqıdır..."
"Təbəqatul-Kübra", İbni Səd, cild 7, səh. 277
Həmçinin Ömər ibni Xəttabın da mərsiyə dediyini iddia edirlər:
"...Bəli, Nəbi Muhəmməd (s.a.a) özü üçün təyin edilən əcəlin gəlməsiylə ölmüşdür,
Biz isə bütünlüklə onun dininə bağlı qalacağıq, verdiyini verib, qadağan etdiyini qadağan edəcəyik..."
"İthafuz-zair", İbni Əsakir, səh. 173
Əmirəlmuminin Əli əleyhissalama da nisbət verilən şeirlər divanında ondan bəzi mərsiyələr nəql olunub:
"İnsanlar əsla başlarına gələn bu müsibəti kiçik bilib yox saya bilməz,
Zira qırılan sümük heç vaxt tam sağalmaz.
Bu dərd təzələnər hər dəfə,
Bilalın onun adını anaraq oxuduğu hər azanda hər namaz vaxtı."
"Divani Əli ibni Əbu Talibin(ə)", Fərhad, səh. 23
Həzrəti Fatimənin (salamullahi aleyha) bu mərsiyəsi isə çox məşhurdur:
"Torpağın altında dəfn edilənə söylə ki, mənim nalə və fəryadımı duyur,
Başıma gələn müsibətlər gündüzün başına gəlsəydi, gecə olardı.
Muhəmmədin kölgəsində qorunar, o belə gözəlkən, haqsızlığa uğramaqdan qorxmazdım.
Bu gün isə zəlil birinə boyun əyər, haqsızlığa uğramaqdan qorxar və zalimi ridam ilə dəf edərəm.
Gecə budağın üzərində hüznlü qumru ağladığı vaxt mən də sübhə qədər ağlaram.
Səndən sonra hüznü özümə dost, sənin üçün tökülən göz yaşlarımı şal edəcəyəm.
Əhmədin qəbrinin torpağını iyləyən şəxsə ömrü boyu başqa ətir iyləməməkdən başqa nə olar ki,
Başıma gələn müsibətlər gündüzün başına gəlsəydi, gecə olardı. "
"Subulul-huda vər-rəşad", Diməşqi, cild 12, səh. 289
Atikə binti Zeydin mərsiyəsində isə Rəsulullahın (sallallahu aleyhi və alih) zövcələrinin halı təsvir edilir:
"Ölüm acısı qəlblərdə yığılmışkən, uzun sürəcək bir ayrılığın hüznüylə dərd çəkirlər,
Ovuclarıyla üzlərinə vururlar hüznləri səbəbindən və sanki ağılları getmiş başlarından."
"Təbəqatul-kubra", İbni Səd, cild 2, səh. 288
Ömər ibni Xəttab öləndə də onun üçün arvadı Atikə, Heysəmənin qızı və başqaları tərəfindən mərsiyələr deyilib:
"Əl-Bidayə vən-Nihayə", İbni Kəsir Diməşqi, cild 7, səh. 231
Osman ibni Əffan barədə də Hassan ibni Sabit, Nuveyri və başqaları mərsiyələr deyib:
"Əl-Bidayə vən-Nihayə", İbni Kəsir Diməşqi, cild 7, səh. 320
Müaviyə ibni Əbu Süfyan öləndə Əymən binti Hərimdə belə bir mərsiyə dedi:
"Hadisələr Hərb ailəsinin qadınlarını, başı qaldıracaq bir surətdə vurdular,
Bu fəlakət onların saçlarını ağartdı, ağ üzlərini qaraltdı.
Əgər sən Hind ilə Rəmlənin üzlərinə vurarkən ağlayışlarını görsən,
yaralı bir fəryadçının ağlayışı kimi ağlayarsan."
"Əl-Bidayə vən-Nihayə", İbni Kəsir Diməşqi, cild 8, səh. 241
Hətta sələfi alimi İbni Teymiyyə Əl-Hərrani öləndə də şairlər onun haqqında mərsiyələr demişdilər:
"Əl-Bidayə vən-Nihayə", İbni Kəsir Diməşqi, cild 14, səh. 233
İbni Kəsirin özü də bəzi şəxslərə mərsiyə demişdir, məsələn, Qaziyul-quzat İzzəddin Əbdüləziz ibni Hatim Şafei barədə:
"Sanki ölümün, sənə öncədən bildirilmişdi,
Sən də onun üçün ən xeyirli azuqəni hazırlamışdın."
"Əl-Bidayə vən-Nihayə", İbni Kəsir Diməşqi, cild 14, səh. 437
Əhli-Sünnət alimi Sibt İbni Covzi Hələb şəhərində olarkən əhali istədi ki, İmam Hüseyn əleyhissalam haqqında danışsın. O isə minbərə çıxdı, ağlaya-ağlaya bu mərsiyəni dedi:
"Vay o kəsin halına ki, şəfaətçisi düşməni ola, Qiyamət günü ki, insanların torpaqdan çıxmağı üçün Sur üfürülər,
Fatimə (sa) Qiyamət günü Məhşərə varid olar, bir halda ki, köynəyi Hüseynin (ə) qanına bulaşıb."
"Əl-Bidayə vən-Nihayə", İbni Kəsir Diməşqi, cild 13, səh. 207 (hicri 654-cü ilin hadisələri)
Osmanlı sultanlarından Sultan Əbdüləziz isə İmam Hüseyn əleyhissalam haqqında bu mərsiyəni demişdir:
"...Quranı, dini-islamı mətah kimi satdılar,
Əhli-beyti üryan-büryan Şamda əsir etdilər,
İnsanlığa rəva olmaz belə bir iş tutdular,
Ümmət olmaq belədirmi Həzrəti Peyğəmbərə?
Həm ciyərpareyi-Fatimə, nuri-çeşmi-Heydərə?
Ey müsəlmanlar, dinlədiniz, fəryad-fəğan etdiniz,
Dini-islam olmusuz, Rəsula iman etdiniz,
Bəs buna necə tab etsin Sultan Xəlifə Əbdüləziz?!
Ümmət olmaq belədirmi Həzrəti Peyğəmbərə?
Həm ciyərpareyi-Fatimə, nuri-çeşmi-Heydərə?"
Nəticə: Bu siyahını çox uzatmaq olar, ancaq görünən odur ki, İslamda mərsiyə vardır və hətta üstündən illər də keçməsinə baxmayaraq baş verənləri mərsiyə ilə xatırlatmaqda bir problem yoxdur. İmam Hüseyn əleyhissalama niyə matəm saxladığımızı isə bu məqalədən oxuya bilərsiniz: