Tarix boyu İmam Hüseyn (ə) - a yas saxlamaq barədə müxtəlif şübhələr irəli sürülülmüşdür. Onlardan bəzilərini sadalayıb Allahın izni ilə cavab verəcəyik. Niyə hər il Muhərrəm ayında əza saxlayırıq? İmam Hüseyn (ə) üçün əzadarlıq etmək bidətdirmi? Niyə başqa imamların şəhadətinə yox, məhz İmam Hüseyn (ə) üçün bu qədər əzadarlıq edirsiniz? İmam Hüseyn (ə) şəhid olub Cənnətdədirsə niyə ağlayırsınız? Ağlamaq müsəlmanları zəiflətmirmi və s.
Əslində bütün bu şübhələrin cavabını bir faktla vermək mümkündür: Rəsulullah (s.a.v.v) və Əhli-Beyt (ə) məhz İmam Hüseyn (ə) üçün xüsusi ağlayıblar. Ətraflı cavab kimi isə aşağıdakı dəlillərimiz vardır:
Allah Əli (ə) - ın, Həsən (ə) və başqa İmamların (ə) müsibətini əvvəlcədən bilirdi, ancaq məhz İmam Hüseyn (ə) barədə Rəsulullah (s.a.v.v) - a xüsusi xatırlatma edir və dəfələrlə mələklər gəlib İmam Hüseyn (ə) - ın necə öldürüləcəyini xəbər verirlər. Sual: Məgər Allahın xoşu gəlir Peyğəmbərinin (s.a.v.v) hər dəfə bu müsibətə ağlamağından? Niyə bir dəfə ilə kifayətlənmir? Deməli, burada mühüm bir mesaj vardır.
Ummul-Fəzl: Fatimə (ə) dünyaya bir övlad gətirdi və mən o uşağı qucağıma götürdüm. Bir gün də Həzrətin (s) xidmətinə yetişdim və qucağımda olan uşağı Həzrətin (s) qucağına qoydum. Həzrətin (s) gözü mənə sataşanda gördüm ki, gözlərindən yaş axır. Dedim: “Ey Allahın peyğəmbəri, atam-anam sənə fəda olsun, nə olub?” Həzrət (s) buyurdu: “Cəbrayıl (ə) mənim yanıma gəldi və mənə xəbər verdi ki, ümmətim bu uşağı qətlə yetirəcək.” Dedim: “Bu uşağı?” Buyurdu: “Bəli.” Sonra mənə İmam Hüseynin (ə) qırmızı rəngli türbətindən verdi.
"Mustədrək aləs-səhiheyn", cild 3 səh. 176.
Əli (ə) ilə Siffeyn döyüşünə gedirdik. Neynəva deyilən yerə çatanda Əli (ə) (şiddətlə ağladı və gözündən axan yaşlar yeri islatdı), sonra dedi: "Ey Əba Əbdillah, Fərat çayı kənarında səbrli ol! Səbrli ol, ey Əba Əbdillah!" Nə baş verdiyini soruşanda Əli (ə) dedi: Bir gün Rəsulullah (s.a.v.v.)-in yanına getdim və ağladığını gördüm və soruşdum: Ey Allahın Rəsulu, niyə ağlayırsan, səni ağladan nədir? Yoxsa kimsə səni qəzəbləndirib?- Buyurdu: "Xeyr, Cəbrail (ə) sən gəlməzdən bir az əvvəl burada idi və Hüseyn (ə)-n Fərat çayının yanında şəhid olacağını xəbər verdi. Daha sonra Peyğəmbər (s.a.v.v.) buyurdu: Cəbrail (ə) mənə "Onun türbətini görmək istəyirsən?"- dedi. Bəli dedim. O da əlini uzatdı və mənə bir ovuc torpaq verdi. Bax bu səbəbdən ağlayıram."
"Məcməuz-Zəvaid", Heysəmi, cild 9, səh. 187.
Bu mövzuda hədislər çoxdur, ancaq məqalənin həcminə görə iki hədis ilə kifayətlənirik.
Digər bir şübhə isə odur ki, nəyə görə bu ağlamağı illərdir davam edirik.
Dedi: “Heyif Yusufdan!” Və qəm-qüssədən (qəm-qüssənin çoxluğundan) onun hər iki gözünə ağ gəldi və onu daim qüssə boğurdu. (Yusuf surəsi, 84-cü ayə)
Yəqub (ə) öz oğlunun hələ diri olduğunu bilə-bilə 80 il ağlayır və axırda gözləri kor olur. Deməli, ağlamaq Qurana əsasən bidət deyil. Ancaq Ali-Əbanın sonuncu nümayəndəsinin şəhid olması Yusifin ayrılığından daha böyük müsibətdir.
İmam Əli ibni Hüseyn (ə) illərlə bu faciəyə ağlamağını belə izah edir:
“Məni danlamayın! Həzrət Yəqub (ə) övladlarından birini itirdi, o qədər ağladı ki, gözlərinin görmə qabiliyyətini əlindən verdi. O övladın ölməsi də məlum deyildi. Lakin mənim gözümün qarşısında ailəmdən bir gün ərzində 14 nəfərin başını kəsdilər. Siz güman edirsiniz ki, bu qəm-qüssə məndən əbədi olaraq uzaqlaşacaq?”
"Əl Bidayə vən Nihayə", İbni Kəsir, cild 9 səh. 125.
Rəsulullah (s.a.v.v) sünnəsində də ölən şəxs üçün uzun müddət əzadarlıq barədə kifayət qədər sübutlar var:
Əhməd ibn Hənbəl İbn Ömərdən nəql edir ki, Rəsulullah (s.a.v.v) Uhuddan qayıdan zaman Ənsarın qadınlarının öz şəhidləri üçün ağladığını müşahidə etdi. Rəsulullah (s.a.v.v ) buyurdu: “Lakin Həmzənin ağlayanı yoxdur.” (İbn Ömər) dedi: "Həzrət (s.a.v.v) bir az yatıb istirahət edəndən sonra qadınlar Həmzə üçün ağlamağa başladılar. O gündən bu günədək qadınlar əvvəlcə Həmzəyə, sonra isə öz ölənlərinə əzadarlıq edirlər"
"Musnəd", Əhməd ibni Hənbəl, cild 2 səh. 40
"Əl Bidayə vən Nihayə", İbni Kəsir, cild 4 səh.55.
Vaqidi (vəfatı: hicri 207) və İbni Səd (vəfatı: hicri 230-cu il) də öz dövrlərində hələ də qadınların Həmzəyə ağladığını qeyd edib:
"Usdul-Ğabə", İbni Əsir, , cild 2, səh.48
"Təbəqatul-kubra", İbni Səd, cild 2, səh. 44
Əgər bu iş bidət olsaydı, bunu nəql edən alimlər bu barədə susmazdılar və öz etirazlarını bildirərdilər.
Əlavə olaraq, təkcə ağlamaq yox, şiddətlə ağlamaq, sinə vurmaq da caizdir:
Aişə deyir:"Peyğəmbərin (s.a.v.v) vəfatından sonra) ayağa qalxdım, gedib qadınlarla birlikdə sinəmə və üzümə vurmağa başladım.”
"Sirətun-Nəbəviyyə", İbni Hişam, cild 4, səh. 305
Hədis və tarix kitablarında Rəsulullah (s.a.v.v) və səhabələrinin ölümü ilə bağlı mərsiyyələr də qeyd olunmuşdur. Nəticə olaraq, ümumi bir qayda kimi İmam Hüseyn (ə) üçün ağlamaq, əzadarlıq etmək, mərsiyyə demək icazəlidir. Xüsusi olaraq da Əhli Beyt (ə) imamları həm özləri bunlara əməl edib, həm də müsəlmanlara İmam Hüseyn (ə) - ın əzadarlığını keçirtməyi buyurublar. Çünki İmam Həsən (ə) - ın da buyurduğu kimi, heç bir gün İmam Hüseyn (ə) - ın günü kimi ola bilməz.