Ramazan ayının günlərinin əməlləri

 

1. Gecələr olduğu kimi, gündüzləri də Quran oxumaq müstəhəbdir. Ramazan ayında 1 ayə oxumaq başqa aylarda bütöv Quran xətminə bərabərdir. 

2. "Allahummə haza şəhru ramazan" duasını oxumaq.

3.  Ramazan ayında deyilən təsbihatı demək.

4.  Ramazan ayında deyilən salavatı demək.

5. Şeyx Müfid “Muqnəə”də  Əli ibn Məhziyardan  nəql edir: İmam Məhəmməd Təqi (ə) bu zikrin ramazan ayının gecə və gündüzündə, əvvəlindən axırına kimi oxumağın müstəhəb olduğunu buyurmuşdur:

Ey hər şeydən öncə və əvvəl olan, sonra hər şeyi yaradan və daha sonra bütün şeylər fani olacağı halda, baqi və əbədi qalan! Ey tayı-bərabəri olmayan! Ey uca göylər və aşağı yerlərdə, onların üstündə, altında və onların (yer və göylər) arasında ondan başqasına ibadət olunmayan! Səndən başqa kimsənin saya bilmədiyi həmd-səna yalnız Sənə məxsusdur! Məhəmməd və Məhəmmədin Əhli-beytinə Səndən başqa kimsənin saya bilmədiyi qədər salam göndər!

Ya zəlləzi kanə qəblə kulli şəy`, summə xələqə kullə şəy`, summə yəbqa və yəfna kullu şəy`, ya zəlləzi ləysə kəmislihi şəy`, və ya zəlləzi ləysə fis səmavatil ula və la fil ərəzinəs sufla, və la fəvqəhunnə və la təhtəhunnə və la bəynəhunnə ilahun yu`bədu ğəyruh, ləkəl həmdu həmdən la yəqva əla ihsaihi illa ənt, fəsəlli əla Muhəmmədin və ali Muhəm-məd, səlatən la yəqva əla ihsai-ha illa ənt.

6. Kəfəmi “Bələdul-əmin” və “Misbah”da Seyid ibn Baqidən nəql edir ki, hər kəs bu duanı bu ayın hər günündə oxusa, Allah taala onun qırx illik günahların bağışlayar:

İlahi, ey Ramazan ayının – Quranı nazil və bəndələrinə oruc tutmağı vacib etdiyin ayın Rəbbi! Bu il və hər il mənə hörmətli evinin (Kəbənin) ziyarətini nəsib et və mənim böyük (kəbirə) günahlarımı bağışla ki, həqiqətən, Səndən başqası onları bağışlaya bilməz, ey əzəmət və kəramət sahibi!

Əllahummə rəbbə şəhri rə-məzanəlləzi ənzəltə fihil Qur`an, vəftərəztə əla ibadikə fihis siyam, urzuqni həccə bəytikəl hərami fi hazəl ami və fi kulli am, vəğfir liyəz zunubəl izam, fəinnəhu la yəğfiruha ğəyruk, ya zəl cəlali vəl ikram.

7. Hər gün bu zikri yüz dəfə demək. Mühəddis Feyz “Xulasətul-əzkar”da bunu nəql etmişdir:

Zərər və xeyir verən Allah pak və bütün eyiblərdən uzaqdır. Haqq olaraq hökm yürüdən Allah pak və bütün eyiblərdən uzaqdır. Uca və yüksək Allah pak və bütün eyiblərdən uzaqdır. O, pak və bütün eyiblərdən uzaqdır. Həmd-səna Ona məxsusdur. O pak, bütün eyiblərdən uzaq və daha ucadır!

Subhanəzzarrin nafi`, sub-hanəl qazi bil həqq, subhanəl əliyyil ə`la, subhanəhu və bihəmdihi subhanəhu və əla

8. Şeyx Müfid “Muqnəə”də buyurmuşdur:- “Peyğəmbərə hər gün 100 dəfə salavat göndərmək mübarək ramazan ayının sünnəsindir. Əgər daha çox olsa, daha da fəzilətlidir.