Mövlud keçirtmək, xüsusən də Həzrəti Rəsulullahın (s.a.a) mövludunu qeyd etmək icazəlidir? Bu məqaləmizdə həm şiə, həm də sünni mənbələri ilə bu suala cavab verəcəyik:
Qurani Kərim:
"Hər kim Allahın ayinlərinə hörmət etsə, (bilsin ki,) bu, qəlblərin təqvasındandır."
Həcc surəsi, 32-ci ayə
Peyğəmbərin (s.a.a) Özü də, mübarək təvəllüd günü də Allahın şüarlarındandır və o günün hörmətini saxlamaq Peyğəmbərin (s.a.a) hörmətini saxlamaqdır.
Məryəm oğlu İsa dedi: “Ey Allahım! Ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə endir ki, bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən yaxşısısan!”
Maidə surəsi, 114-cü ayə
Diqqət edin, İsa (ə) səmadan onun üçün enəcək yemək dolu süfrəni o qədər əzəmətli sayır ki, onun illərlə davam edəcək bir bayram olmasını istəyir. Halbuki Rəsulullah (s.a.a.) bütün məxluqatın ən əzəmətlisidir və Onun bizim dünyamıza gəlməsi daha böyük bayramdır.
Şiə mənbələri:
İmam Cavad (ə): "Oruc tutmaq müstəhəb olan günlər 4 gündür ki, onlardan biri də Peyğəmbərin (s.a.a) mövludu olan Rəbiul-əvvəl ayının 17-sidir."
"Ət-Təhzib", Şeyx Tusi, cild 4, səh. 305.
İmam Cavad (ə): "Hər kəs Rəbiul-əvvəl ayının 17-si oruc tutarsa, bir ilin orucunun savabını alar."
"Misbahul-mutəhəccid", Şeyx Tusi, səh. 733
İmam Kazim (ə): "Rəbiul-əvvəl ayının 17-si , Peyğəmbərin (s.a.a) mövludu gününün orucu sünnətdir."
"Vəsailuş-şiə", Hürr Amuli, cild 10, səh. 455.
Həmçinin ümumən Əhli-Beyt (ə) barədə məclis təşkil etmək bəyənilən əməldir və mövlud qeyd edərkən də Rəsulullah (s.a.a) və Əhli-Beyti (ə) yad edilir:
Bəkr ibn Muhəmməd İmam Sadiqin (əleyhissəlam) belə buyurduğunu nəql etmişdir: “Füzeylə belə dedi: “(Məclis təşkil edərək) oturub, hədis danışırsız?”
Füzeyl dedi: “Bəli, sənə qurban”.
Buyurdu: “Mən həmin məclisləri sevirəm. Bizim məsələmizi (vilayət və imamətimizi) diri tutun, ey Füzeyl. Allah bizim məsələmizi diri saxlayana rəhm etsin.
"Qurbul-isnad", Himyəri, səh. 36 hədis 117
Sünni mənbələri:
Rəsulullahdan (s.a.a) bazar ertəsi oruc tutmaq barədə soruşdular, buyurdu: "Bu gün mənim dünyaya gəldiyim və peyğəmbər olaraq göndərildiyim gündür."
"Səhih", Muslim ibni Həccac Nişapuri, cild 2, səh. 819
"Müsəlmanlar uzun zamanlardan bəri Peyğəmbərin mövludu olan (s.a.a) ayda bayram və şadlıq edib, başqalarına təam verib, onun gecələrində sədəqə veriblər və sevincə qərq olublar."
"Tarixul-Xəmis", Diyarbəkri, cild 1, səh. 323
"Əl-məvahib əl-ləduniyyə", Qəstəlani, cild 1, səh. 148
Həmçinin Həzrəti Muhəmməd (s.a.a) şəxsən Özü mövlud günündə özü üçün ikinci dəfə əqiqə qurbanlığı edib.
"Rəsulullah (s.a.a) peyğəmbərliyə yetişdikdən sonra özü üçün əqiqə qurbanlığı etdi."
"Əl-əhadis əl-muxtarə", Məqdisi, cild 5, səh. 204
"Məcməuz-Zəvaid", Əbu Bəkr Heysəmi, cild 4, səh 59 (Heysəmi bu hədisi səhih bilir)
Suyuti mövlud keçirtməklə bağlı İbni Həcər Əsqəlaninin dəlilini də qeyd etdikdən sonra öz fikrini yazır:
"Deyirəm: Mənim üçün Peyğəmbərin (s.a.a) mövlud məclisini keçirtməyə başqa bir dəlil mövcuddur və Beyhəqinin Ənəs ibni Malikdən rəvayət etdiyi hədisdir. Rəsulullah (s.a.a) peyğəmbərlik məqamına yetişdikdən sonra özü üçün əqiqə qurbanlığı edib. Halbuki rəvayətlərə görə Əbdulmuttəlib Həzrəti Muhəmməd (s.a.a) doğulandan yeddi gün sonra onun üçün əqiqə qurbanı etmişdi və əqiqə iki dəfə olmur. Deməli Rəsulullah (s.a.a) bu işi iki şeyə görə yerinə yetirib: Allaha şükr və həmd üçün, onu aləmlərə rəhmət olaraq qərar verdiyinə görə. Həmçinin öz ümməti üçün nümunə olaraq görüb, necə ki özü özünə salam və salavat göndərirdi. Deməli, bizim üçün də müstəhəbdir ki, onun mövludunun şükrü olaraq cəm olaraq bir yerə yığılaq və fəqirlərə təam verək və digər şadlıqla bağlı işləri görək."
"Əl-havi lil fətava", Cəlaləddin Suyuti, cild 1, səh. 188
"Sirətul-hələbiyyə", Hələbi, cild 1, səh. 130
Sələfi alimlərindən olan İbni Kəsir Diməşqi də padşahlardan birinin mövlud keçirtməyini qeyd edir və bu barədə heç bir əks fikir söyləmir, əksinə, həmin şəxsin yaxşılıqlarının içərisində sadalayır:
"630-cu hicri ilində dünyadan gedənlərdən biri də Muzəffər Məlik Əbu Səid Kəvkəbra idi. Nəcib şahlardan və səxavətli böyüklərdən idi, ondan yaxşı əsərlər qalıb... Rəbiul-əvvəl ayında Movludu-şərifi qeyd edərdi... Aqil, alim, şücaətli idi, Allaha ona rəhmət eləsin."
"Əl-Bidayə vən-nihayə", İbni Kəsir Diməşqi, cild 13, səh. 159
Həmçinin bəzi alimlər də mövludun caiz olmasını demişlər:
Cəmaləddin Əbul-Fərəc ibn əl-Covzi bu mövzuda "əl-Ərus" kitabını yazmışdır.
Ömər ibni Həsən (İbni Dehyə əl-Kəlbi) bu mövzuda "Ət-tənvir fi movlud əl-bəşir vən-nəzir" kitabını yazıb.
Nəvəvinin ustadı Əbu Şamə əl-Məqdisi də deyir ki, mövludu qeyd etmək müstəhəb işlərdəndir və bu böyük nemət üçün şükr etmək, Rəsulullaha (s.a.a) təzim, fəqirlərə ehsan etmək Allahın razılığına səbəb olan işlərdəndir.
"Əl-Bais alə inkar əl-bidə vəl-həvadis", Əbu Şamə əl-Məqdisi, səh. 23
Səxavi isə mövludu qeyd etmək barədə deyib: "Əgər ən azından bu iş şeytanı məyus və möminləri şad edibsə, bu elə biz müsəlmanlar üçün kifayətdir."
"Əl-əcvibə əl-mərziyyə", Muhəmməd Səxavi, cild 3, səh. 1117
İbni Həcər Heytəmi isə deyir: "Biz müsəlmanların Peyğımbərin (s.a.a) mövlud mərasimini keçirtməyi sədəqə vermək, namaz qılmaq, Rəsulullahı (s.a.a) mədh etmək və möminləri görməkdən başqa bir şey deyil. Nə qədər ki, qadın və kişi bir yerdə cəm olmayıb, bu işin işkalı yoxdur."
"əl-Fətəva əl-hədisiyyə", İbni Həcər Heytəmi, səh. 109
Hətta ibni Teymiyyə belə, mövludu bidət hesab etsə də, bu işi görənlərin yaxşı niyyətinə görə onlara böyük savab veriləcəyinə inanır.
"Mövluda təzim etmək və onu bir bayram kimi qəbul etmək, bunu bəzi insanlar edirlər və bu işdə böyük bir əcr vardır. Gözəl niyyət və Rəsulullaha (s.a.a) təzim olduğu üçün."
"əl-İqtida əs-Sıratəl Mustəqim", İbni Teymiyyə, səh. 297
Nəticə: Mövlud qeyd etmək məhəbbətin təzahürüdür və Allahı razı salan işlərdən təşkil olunubdur. Tarix boyu da şiə və sünnilər bu işlə Allaha yaxınlığa can atıblar. Eləcə də əhli-sünnətin nəzərində "yaxşı bidət" deyilən bir anlayış da var və onların nəzərinə görə bu iş ona daxildir.