Əhli-sünnət alimlərinə görə İmam Məhdinin (ə) haqqında mütəvatir sayda hədislər gəlmişdir və bu, əhli-sünnətin icma olaraq qəbul etdiyi məsələdir.
Sələfi alimi Əhməd ibni Teymiyyə əl-Hərrani bu barədə yazır:
"Məhdinin qiyamı höccət olaraq söykənə biləcəyimiz hədislərdəndir. Bu hədislər səhihdirlər, onları Əbu Davud, Tirmizi, Əhməd ibni Hənbəl və başqaları nəql ediblər."
"Minhacus-sunnə", İbni Teymiyyə, cild 4, səh. 211
"Bil ki, əsrlər boyu bütün müsəlmanlar arasında məşhurdur ki, axırzamanda mütləq Əhli-Beytdən (ə) olan bir kişi zühur edəcək ki, dinə kömək etsin və ədaləti aşkar etsin... Adı Məhdidir, İsa (ə) ya onunla eyni zamanda, ya da ondan sonra nazil olacaq və ona Dəccalı öldürməkdə kömək edəcək və namazda ona iqtida edəcək. Məhdi barəsində hədisləri bir dəstə böyüklər nəql etmişdir, o cümlədən, Əbu Davud, Tirmizi, İbni Macə, Bəzzar, Hakim, Təbərani, Əbu Yəla. Bu hədislərin bəzilərinin sənədləri səhih, bəziləri isə ya həsən, ya da zəifdir. "
"Avnul-məbud şərh Sunəni Əbu Davud", Muhəmməd Əşrəf ibni Əmir Əzimabadi, cild 11, səh. 243
"Bu barədə rəvayətlər o qədər çoxdur ki, məna cəhətdən təvatür həddinə çatmışdır. Bu rəvayətlər əhli-sünnə alimlərinin arasında geniş yayılmışdır, hətta onların əqidələrindən hesab olunur.
İmam və hafiz olan İbn İskaf məqbul sənədlə Cabir ibn Abdullahdan Peyğəmbərin (s.a.a) belə buyurduğunu nəql edir: Hər kəs Dəccalın və İmam Mehdinin (ə) qiyamını inkar etsə, kafirdir.
Mehdinin (ə) qiyam etməsinə inanmaq vacibdir. Əməl əhlinin və əhli-sünnə vəl cəmaətin də etiqadı budur. Eynən şiələr də bu əqidədədirlər, lakin onlar güman edirlər ki, Mehdi həmin Muhəmməd ibn Həsən Əskəridir (ə.f)"
"Ləvamiul-Ənvar", Muhəmməd ibni Əhməd Səfarini Hənbəli, cild 2, səh. 70
"Məhdi məsələsi məlum bir əmrdir və hədisləri də mütəvatirdir. Elm əhlindən bir neçə nəfər onu mütəvatir saymışdır."
"Məcmu fətava və məqalat mutənəvviə", Əbdüləziz ibn Baz, cild 4, səh. 98
"Sual: Bəzi şəxslər var ki, Məsihin gəlməyini, Məhdini, Dəccalı, Yəcuc və Məcucu inkar edir... Onun hökmü nədir? Cavab: Bu cür şəxsin hökmü kafirdir, çünki Rəsulullahdan (s.a.a) sabit olmuş bir şeyi inkar edir... Bu məsələlər səhihdir və mütəvatirdir."
"Fətava nurun alə əd-dərb", Əbdüləziz ibn Baz, cild 1, səh. 355
Əhli-sünnət alimlərindən olan Muhəmməd ibni Cəfər Kəttani də məhdəviyyat hədislərini mütəvatir bilir və bu məsələdə İbni Xəldunun səhv etdiyini deyir. Buna dəlil kimi də Məhdi (ə) barəsində olan hədislərin 20 kanalını qeyd edir. Həmçinin bu mövzuda əhli-sünnət alimi Şövkaninin də fikirlərini gətirir ki, ona görə çox az hədis var ki, bu mövzuda olduğu qədər sənədi olsun.
"Nəzmul-mutənasir minəl hədis əl-mutəvatir", Muhəmməd ibni Cəfər Kəttani, səh. 225-227
Qurtubi də Tövbə surəsi 33-cü ayənin təfsirində deyir:
"Deyirlər ki, Məhdi (ə) elə həmin İsadır (ə), bu söz doğru deyil, çünki mütəvatir həddə səhih rəvayətlər gəlmişdir ki, Məhdi (ə) Rəsulullahın (s.a.a) nəslindəndir. Deməli, onu İsaya (ə) aid etmək olmaz."
"Əl-Camiul-əhkam", Qurtubi, cild 10, səh. 79, Tövbə surəsi 33-cü ayənin təfsiri
Sələfi alimi, "zəmanənin Buxarisi" olaraq tanınmış Nasiruddin Albani isə daha da irəli gedərək belə deyir:
"Və o qruplar ki, Məhdinin xürucunu (ə) inkar edirlər, mənim nəzərimdə o kəslər kimidir ki, Allah əzzə və cəllənin üluhiyyətini inkar edirlər."
"Silsilətul əhadis əs-sahihə", Nasiruddin Albani, cild 4, səh. 43
"Kənzul-ümmal" kitabının müəllifi Müttəqi Hindi də İmam Məhdi (ə) barəsində olan hədisləri mütəvatir sayır və bunu təsdiq edən Məkkədəki 4 məzhəbin alimlərinin adını çəkir və fətvalarını gətirir: Əhməd ibni Həcər Heytəmi Şafei, Şeyx Əbus-surur Əhməd Hənəfi, Muhəmməd ibni Muhəmməd Xətabi Maliki, Yəhya ibni Muhəmməd Hənbəli.
"Əl-Burhan fi əlamat Məhdi axirəzzəman", Muttəqi Hindi, səh. 175-183.
Suyuti isə öz "Havi əl-Fətava" kitabının bir hissəsini bu mövzuya ayırıb və adını "Əl-ərful-vərdi fi əxbaril-Məhdi" qoyub. Həmin kitabda Rəsulullahdan (s.a.a) hədis gətirir:
"Hər kəs Məhdini inkar etsə, kafirdir"
"Əl-ərful-vərdi fi əxbaril-Məhdi", Cəlaləddin Suyuti, cild 2, səh. 161
Bu mövzuda hədisi İbrahim ibni Muhəmməd Cuveyni də gətirib:
"Hər kəs Məhdinin xürucunu inkar eləsə, sanki Muhəmmədə (s.a.a) nazil olanlara küfr etmişdir."
"Fəraidus-simteyn", cild 2, səh. 336