Yer üzü heç vaxt höccətsiz qalmaz

Allah-təala Adəm əleyhissalamı yaratdığı gündən Qiyamətə qədər yer üzünü imamsız, ilahi höccətsiz qoymamışdır.

İmam Sadiq (ə) buyurur: "Yer üzü heç vaxt imamsız qalmaz; əgər möminlər (səhvən ilahi təlimlərə) bir şeyi artırsalar, onların qarşısını alar, əgər bir şeyi azaltsalar,onu bərpa edər."

“Üsuli-kafi”, c.1, səh.178-179, 1-ci bölüm, hədis 2 və 6

İmam Əli (ə): "Yer üzü heç vaxt ilahi höccətsiz qalmaz. Mümkündür o, aşkara çıxıb tanınsın, ya da qeybdə qalaraq məxfi dolansın. Səbəbi budur ki, Allahın dəlil və aydın nişanələri aradan getməməli, həmişə yer üzündə mövcud olmalıdır!"

“Nəhcül-bəlağə”, Seyyid Rəzi, xütbə 147

Əhli-sünnət mənbələrində də bu məsələ öz təsdiqini tapmışdır:

"Həzrət İsanın (ə) dünyanın sonunda və Qiyamətə yaxın vaxtda bu ümmətdən olan bir kişinin arxasında namaz qılması, “Yer üzü heç vaxt Allaha görə qiyam edəcək bir hüccətsiz olmamışdır” rəvayətlərinin səhihliyinə dəlildir. Allah daha yaxşı bilir."

"Fəthul-Bari şərh Səhih əl-Buxari", İbni Həcər Əsqəlani, Peyğəmbərlər kitabı, 3265-ci hədisin şərhi.

Eyni təbiri Bədruddin Eyni də işlətmişdir:

"Umdətul-qari şərh Səhih əl-Buxari", Bədruddin Eyni, cild 16, səh. 40.

Alusi də "Mən yer üzündə bir xəlifə qərar verəcəyəm", Bəqərə surəsi, 30-cu ayənin təfsirində belə yazır:

"Bu ilahi xilafət kamil insanla ta Qiyamətə qədər sabitdir, əgər bu kamil insan aradan gedərsə, aləm məhv olar. Yəni aləmin varlığı bu insanın vücudu ilə kamildir. Bu kamil insan varlıq aləminin ruhudur və varlıq aləminin qalmağı ona bağlıdır. O, yer və göyün mənəvi sütunudur. Bu kamil insan, Allahın bütün isimlərinin təcəllisidir ki, dünya və axirətdə ilahi xilafət libasını əyninə geyinmişdir və aləmin tədbiri də onun öhdəsinədir. Bu Allahın izni ilədir və Allahın iradəsi onda təcəlli edib."

"Təfsir", Alusi, cild 1, səh. 220-221

Bizə görə hal-hazırda bu kamil şəxs, ilahi xəlifə 12-ci imam Həzrəti Məhdi əleyhissalamdır. Bəs sizə görə hal-hazırda yer üzündə höccət, Allahın xəlifəsi kimdir?