İmam Məhdi (ə) Quranda- sünni təfsirləri

İmam Məhdi əleyhissalamın Qiyamətdən öncə zühur edib dünyanı ədalətlə dolduracağı barədə həm şiə, həm də sünnilərdə kifayət qədər hədis vardır. Bu məqalədə sünni təfsirlərində İmam Məhdi (ə) haqqında nazil olması deyilən ayələri gətirəcəyik.

1. Zuxruf surəsi, 61-ci ayə:

"Həqiqətən o, Saat (Qiyamət) elmi üçün bir nişanədir."

"Bu ayə Məhdi əleyhissalam barədə nazil olmuşdur"

"Səvaiqul-Muhriqə", İbni Həcər Heytəmi, cild 1, səh. 469

 2. Ənfal surəsi, 39-cu ayə:

"Onlarla (müşriklərlə) heç bir küfr, fəsad və təhlükə qalmayana və  din tamamilə Allaha məxsus olana kimi vuruşun. Beləliklə, əgər (şirkdən) əl çəksələr, əlbəttə Allah onların etdiklərini görəndir."

"Bu ayənin təvili budur ki, Məhdi (ə) zühur etdiyi zaman yer üzündə heç bir müşrik qalmayacaq."

"Ruhul-Məani", Alusi, cild 9, səh. 207.

3. Tövbə surəsi, 33-cü ayə:

"Öz Peyğəmbərini müşriklərə xoş gəlməsə belə, hidayət (vasitələri) və haqq din ilə bütün dinlərə qalib etmək üçün göndərən Odur."

"Bu ayə Məhdi ilə bağlıdır və haqq dinin bütün dinlərə qələbə çalmağı İsanın (ə) nazil olması və Həzrəti Məhdinin (ə) zühuru zamanı baş tutacaq"

"Məfatihul-Ğəyb", Fəxri Razi, Tövbə surəsi 33-cü ayənin təfsiri.

"Suddi dedi: Bu, Məhdinin xürucu vaxtı baş verəcək və İslama daxil olmayan yaxud xərac verməyən qalmayacaq"

"Təfsir əl-Bəsit", Vahidi, cild 10, səh. 391

"Zadul-Məsir", İbni Covzi, cild 3, səh. 437

"Camiul-əhkam", Qurtubi, cild 8, səh. 121

"Təfsir əs-Sələbi", Sələbi, cild 5, səh. 36

"Bəhrul-muhit", Əbi Həyyan Əndəlusi, cild 5, səh. 34

"Əl-Ləbab", Əbi Adil Diməşqi Hənbəli, səh. 77

"Nurul-əbsar", Şəblənci

4. Bəqərə surəsi, 114-cü ayə:

 "Onlar üçün (bu) dünyada xarlıq, axirətdə isə böyük bir əzab vardır."

"Suddi deyir: Bu dünyadakı xarlıq Məhdi qiyam edən zaman Konstantinopolu fəth edəcək və onlarla vuruşacaq."

"Təfsir ət-Təbəri", cild 2, səh. 448

"Əl-Kəşf vəl-Bəyan", Sələbi, cild 1, səh. 261

"Camiul-əhkam", Qurtubi, cild 2, səh. 79

 "Bəhrul-Muhit", Əbi Həyyan Əndəlusi, cild 1, səh. 529

"Təfsirul-Quranil-Əzim", İbni Əbi Hatəm, cild 1, səh. 1133

"Fəthul-qədir", Şövkani, cild 1, səh. 132

"Durrul-mənsur", Suyuti, cild 1, səh. 562, "əl-Havi lil fətava", cild 2, səh. 58

5. Hud surəsi, 86-cı ayə:

"Əgər möminsinizsə Allahın sizin üçün saxladığı şey daha xeyirlidir"

"313 nəfərlə Kəbədə zahir olacaq və ilk dediyi ayə bu olacaq "Əgər möminsinizsə Allahın sizin üçün saxladığı şey daha xeyirlidir" və deyəcək: "Mən Allahın sizin üçün saxladığı, sizin üzərinizdə xəlifəsi və höccətiyəm!". Ona salam verən bu cür salam verəcək: Əssəlamu aleykə ya Bəqiyyətəllahi fil ərz."

"Nurul-əbsar", Şəblənci, səh. 349

6. Ənbiya surəsi, 105-ci ayə:

"Biz Zikrdən  sonra Zəburda da yazmışdıq ki, yer üzünə Mə­­nim əməlisaleh qullarım varis olacaqlar."

"Əgər desək ki, bu ayə Məhdinin (ə) zühuru və İsanın (ə) nazil olması ilə əlaqəlidir, başqa bir sözə ehtiyac qalmır."

"Ruhul-Məani", Alusi, cild 17, səh. 95

"Allah bu şərif ayədə müjdə verir ki, öz saleh bəndələrini səadətə çatdıracaq və yer və cənnəti onlara irs verəcək"

"Təfsir", İbni Kəsir, cild 2, səh. 524

"Bu ayə Tövbə surəsi 33-cü ayəyə bənzəyir, bu Allahın vədidir ki, Allahın izni ilə, ayə və rəvayətlərə əsasən İsanın (ə) nazil olmasından öncə baş verəcək"

"əl-Əsas fit-təfsir", Səid Havvi, cild 7, səh. 3510

7. Həcc surəsi, 41-ci ayə:

"O kəslərə ki, əgər yer üzündə onlara qüdrət və güc versək namaz qılar, zəkat verər,  bəyənilən bütün işlərə vadar edər və (onları) hər bir nalayiq və çirkin işdən saxlayarlar. Bütün işlərin sonu Allaha məxsusdur."

"Ali-Muhəmməddən (s.a.a) olan Qaim qiyam edəndə deyər: Ey camaat! Biz o kəslərik ki, Allah kitabında sizə vədə verib:" O kəslərə ki, yer üzündə qüdrət versək..."

"Şəvahid ət-tənzil", Hakim Həskani, cild 1, səh. 400

8. Nur surəsi, 55-ci ayə:

"Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir."

"Onlardan Məhdi (ə) ki, adı və künyəsi Peyğəmbərinki (s.a.a) ilə eynidir, yer üzünü ədalətlə dolduracaq, necə ki, zülmlə dolmuşdur."

"Muxtəsər təfsir ibni Kəsir", əs-Sabuni, Nur surəsi 55-ci ayənin təfsiri.