Bil ki, Rəcəb ayı, Şəban ayı və mübarək Ramazan ayı fəzilətdə son dərəcədədirlər. Çoxlu hədislər bu barədə gəlmişdir. Peyğəmbərdən (s.a.a) belə rəvayət olunur; Rəcəb ayı çox böyük aydır, heç bir ay fəzilətdə ona yetişməz və bu ayda kafirlərlə müharibə haramdır. Hər kəs bu ayda bir gün oruc tutsa, Allahın razılığına səbəb və ilahi qəzəbdən amanda olar. Cəhənnəm qapılarından biri onun üzünə bağlanar. İmam Kazimdən(ə) belə rəvayət olunur ki, hər kəs Rəcəb ayının bir gününü oruc tutsa, cəhənnəm odu bir il ondan uzaq olar. Hər kəs üç gününü oruc tutsa, cənnət ona vacib olar. Başqa yerdə buyurur:- “Rəcəb - cənnətdə süddən ağ, baldan şirin bulağın adıdır ki, Rəcəb ayında bir gün oruc tutan şəxs mütləq o bulaqdan dadacaq.”
İmam Sadiq (ə) bir hədisdə Rəcəb ayının kəramət və fəziləti ilə əlaqədar buyurur: “Qiyamət günü ilahi carçı fəryad edib deyər: «أين الرجبيّون؟» (Əynər-rəcəbiyyun?) “Rəcəb əhli (Rəcəb ayını əziz tutan və ondan layiqincə bəhrələnənlər) haradadır?”
O qədər cəmiyyətin içindən bir zümrə ayağa qalxdıqda, çöhrələrinin nuru məhşər səhrasını işıqlandırar. Onların başına “dürr və yaqut” tacı qoyular, hər birinin sağ tərəfində min mələk, sol tərəfində də min mələk duraraq, Allah tərəfindən kəramətə sahib olduqları üçün təbrikə layiq görülərlər.
Allah-Taala tərəfindən bir nida gələr: “Mənim bəndələrim və kənizlərim! İzzət və cəlalıma and olsun ki, sizə uca məqam, çoxlu ətalar verəcək, sizi altından çaylar axan bir yerdə məskunlaşdıracağam və siz orada əbədi olaraq qalacaqsınız. Çünki siz mənim möhtərəm qərar verdiyim bir ayda könüllü olaraq oruc tutdunuz.”
Sonra mələklərə xitabən buyurar: “Ey Mənim mələklərim! Bəndə və kənizlərimi behiştə daxil et...!”
Burada imam Sadiq (ə) buyurdu: “Bu savab Rəcəb ayının əvvəli, ya ortası, ya da axırında oruc tutan şəxsə əta olunacaqdır!"
“İqbal”, Seyyid ibni Tavus, səh.630.
İmam Sadiqdən(ə) peyğəmbərin belə buyurduğu nəql olunur:
“Rəcəb ayı ümmətimin istiğfar ayıdır. Bu ayda çoxlu istiğfar edin! Allah çox bağışlayan və mehribandır.”
Bu aya “Əsəbb” də (çox tökülən) deyilir, çünki bu ayda çoxlu ilahi rəhmət mənim ümmətimə nazil olur. Onda çoxlu deyin:
“Əstəğfirullahə və əs`əluhut tovbə.”
İbni Babəveyh mötəbər sənədlə Salimdən nəql edir ki, o, belə dedi:- “Rəcəb ayından bir neçə gün qalmış İmam Sadiqin(ə) hüzüruna getdim. Həzrətin mübarək gözləri mənə düşcək mənə buyurdu:- “Heç bu ayda oruc tutmusan?” Dedim:- “Xeyr, ey peyğəmbər övladı! Buyurdu :- “Sənin nə qədər savabı əldən verməyini Allahdan başqa heç kim bilmir. Həqiqətən bu ayı başqa aylardan üstün tutub, ona böyük hörmət qoyub. Onda oruc tutanı özünə əziz eləməyi vacib bilib.” Sonra soruşdum:- “Ey peyğəmbər övladı, əgər ayın qalan hissəsini oruc tutsam oruc tutanların savabına yetişərəm?” Buyurdu:- “Ey Salim, əgər bu ayın axırıncı günün kim oruc tutsa, Allah onu səkəratın, ölümün, qəbr əzabının qorxusundan qoruyar. Hər kim axırıncı iki günün oruc tutsa, Sirat körpüsündən asanlıqla keçər. Axırıncı üç gününü oruc tutsa, böyük Qiyamət gününün qorxu və şiddətindən amanda olar.”
Bil və agah ol ki, Rəcəb ayı haqqında çoxlu fəzilət yazılmışdır. Hədisdə deyilir ki, hər kim oruc tutmağa qadir olmasa, bu zikri yüz dəfə oxusa, orucun savabına çatar:
Subhanəl ilahil cəlil, subhanə mən la yənbəğit təsbihu illa ləh, subhanəl əəzzil əkrəm, subhanə mən ləbisəl izzə və huvə ləhu əhl.
Böyük Allah bütün eyiblərdən pak və uzaqdır. Bütün eyiblərdən pak və uzaqdır o Allah ki, təsbeh və zikr Ondan başqasına layiq deyil. Əziz və kərim Allah bütün eyiblərdən pak və uzaqdır. İzzət libasına məxsus və izzət sahibi olan Allah bütün eyiblərdən pak və uzaqdır.