Son zamanlar bəzi şəxslər iddia edir ki, guya İmam Həsən Əskərinin (ə) övladı olması barədə şiə hədisləri zəifdir və şiələr əbəs yerə inanırlar ki, 12-ci imam mövcuddur. Əlbəttə, elə şiə mənbələrində İmam Məhdinin (ə) dünyaya gəlməsi barədə kifayət qədər hədis mövcuddur və sənəd cəhətdən də möhkəmdirlər, ancaq ilk növbədə onlara məsləhət görərdik ki, öz kitablarını diqqətlə oxusunlar. Əhli-sünnətin tarix və nəsəblə bağlı kitablarında İmam Həsən Əskərinin (ə) Həzrəti Muhəmmədlə (s.a.a) eyni adda övladı olması barədə məlumatlar təvatür həddində çoxdur. Biz onlardan yalnız bəzilərini qeyd edəcəyik:
1. Şəmsuddin Zəhəbi, rical elmində tanınmış alimlərdəndir.
"Əbu Muhəmməd Haşimi Hüseyni, şiələrin imamlarındandır ki, onun məsum olmasına etiqad edirlər və ona Həsən Əskəri deyirlər, çünki o Samirrada yaşayırdı və Samirraya da "Əskər" deyirdilər, o (İmam Həsən Əskəri) o şəxsin atasıdır ki, rafizilər onun intizarındadırlar... Amma oğlu Muhəmməd ibnil Həsən (ə) ki, rafizilər onu Qaim, Xələf və Höccət bilir, 258-ci ildə dünyaya gəlib, bəziləri də deyirlər ki, 256-cı ildə."
"Tarixul-İslam", Zəhəbi, cild 19, səh. 113.
"255-ci ildə Muhəmməd ibnil Həsən Əskəri (ə) dünyaya gəldi, rafizilər onu Xələf, Höccət, Məhdi, Muntəzər və Sahibəzzaman ləqəbi veriblər, o, 12 imamın 12-cisidir."
"Əl-İbər fi xəbər mən ğəbər", cild 1, səh. 381
"Əl-Muntəzər əş-Şərif Əbul-Qasim Muhəmməd ibnil Həsən Əskəri ibni Əli əl-Hadi ibni Muhəmməd əl-Cəvad ibni Əli Ər-Riza ibni Musa əl-Kazim ibni Cəfər əs-Sadiq ibni Muhəmməd əl-Baqir ibni Əli əz-Zeynulabidin ibni Hüseyn əş-Şəhid ibni Əli ibni Əbu Talib, əl-ələvi əl-hüseyni, imamiyyənin ismətinə inandığı 12 imamın sonuncusudur."
"Siyər aləm ən-nubəla", Zəhəbi, cild 13, səh. 119
2. İbni Əsir
"260-cı il Həsən ibni Əli... əleyhissalam dünyadan köçdü, o, Əbu Muhəmməd Ələvi Əskəri və şiələrin etiqad etdiyi 12 imamdan biridir, o, şiələrin etiqad etdiyi və Muntəzər olan, Samirradakı sərdabdakı Muhəmmədin atasıdır"
(Əlbəttə, İmam Məhdinin (ə) sərdabda qalması şiəyə atılan iftiradan başqa bir şey deyildir)
"Əl-Kamil fit-tarix", cild 6, səh. 249-250.
3. Fəxri Razi
Fəxri Razi nəsəb barədə yazdığı kitabda çox təəccüblü bir iş görüb. Ona görə təəccüblüdür ki, bu şəxs Əlinin (ə) vilayətini qəbul etmir və şiə deyil, ancaq İmam Məhdi (ə) barədə maraqlı cümlələr işlədib(Qeyd: Şiə əqidəsinə görə İmam Həsən Əskərinin (ə) cəmi bir övladı olub):
"Amma Həsən Əskəri əleyhissalamın iki oğlu və iki qızı var idi, oğullarından biri Sahibəzzaman idi, Allah Onun şərəfli zühurunu tezləşdirsin."
"Əş-şəcərətul mubarəkə fi ənsab əl-talibiyyə", səh. 78-79.
Həmçinin Fəxri Razi İmam Həsən Əskərinin (ə) Musa adında oğlunun atasından öncə öldüyünü qeyd etsə də, digər oğlunun ölməyi barədə ümumiyyətlə məlumat vermir. Bütün bunlardan belə başa düşmək olar ki, Fəxri Razi həmin övladı vəd olunmuş Məhdi (ə) olaraa qəbul edir, əks halda yazdıqları məntiqsiz olardı.
4. İbni Həcər Əsqəlani
"Cəfər ibni Əli... Həsənin (ə) qardaşıdır ki, ona Əskəri deyirlər, 12 imamlı şiələrin 11-ci imamıdır və sərdab sahibi Muhəmmədin (ə) atasıdır."
"Lisanul-mizan", cild 2, səh. 119
5. İbni Həcər Heytəmi
"İmam Həsən Əskərinin (ə) Əbul-Qasim Muhəmməd əl-Huccədən başqa ovladı olmamışdır və atası vəfat edəndə 5 yaşı var idi... Amma Allah ona o az yaşında hikmət əta etmişdi və Qaim, Muntəzər... adlanırdı."
"Səvaiqul-muhriqə", cild 2,səh. 601
Həmçinin digər alimlərin də sadəcə adlarını qeyd etməklə kifayətlənirik:
6. İbni Səbbağ Maliki, "Əl-Fusulil muhimmə", səh. 274.
7. İbni Xəlləkan, "Vəfiyyat əl-əyan", cild 4, səh. 176
8. Hənəfi alimi Muhəmməd ibni Muhəmməd əl-Hafizi Buxari, "Fəslul-xitab", səh. 443
9. Sibt əl-Covzi, "Təzkirətul-xəvvas", cild 1,səh. 325
10. Əllamə Şəblənci, "Nurul-əbsar", səh. 168 və s.