Din Qədir Xum günündə kamil olmuşdu və Rəsulullah (s.a.a) ümməti üçün yazılı vəsiyyət qoyaraq Qədir Xumdakı vəsiyyətini möhkəmlətmək istəyirdi. Ancaq səhabələr ömrünün son anlarında Onu sayıqlamaqda ittiham edib vəsiyyət etməsinə mane oldular.
Şiələrin ən qədim hədis kitabı olan "Kitab Süleym ibni Qeys" - də bu mövzuda iki hədis vardır ki, Qırtas hədisinin davamıdır. Süleym bu hədisləri birbaşa Əli (ə) və Salmandan (ra) eşitdiyi üçün hədislərin mötəbərliyi barədə əminlik əldə edirik. Bu hədislər də bizim digər mənbələrdə gəlmiş minlərlə hədis kimi, Qiyamətə qədər itaəti vacib olan imamların sayının 12 olmasını təsdiq edir.
Süleym ibni Qeys deyir: Salmandan eşitdim ki, deyirdi: O kişi (Ömər) dediklərini deyəndən sonra Peyğəmbər (s.a.a) qəzəbləndi və (yazı üçün olan) "kürək sümüyünü" boş verdi, Əmirəl-möminin Əli (ə) buyurdu: Bəs Peyğəmbərdən (s.a.a) soruşmayacağıq ki, sümüyün üzərində nə yazmaq istəyirdi ki, heç kim azmayacaq və iki nəfər arasında belə ixtilaf olmayacaqdı? Mən sükut etdim və evdəkilərin hamısı getdi, təkcə Əli, Fatimə, Həsən, Hüseyn (ə) qaldılar. Mən və iki dostum Əbu Zər və Miqdad (ra) qalxmaq istəyəndə bizə buyurdu: Oturun. Əli (ə) istəyirdi Peyğəmbərdən (s.a.a) soruşsun ki, biz də eşidək. Elə bu zaman Rəsulullah (s.a.a) birinci buyurdu: "Qardaşım, məgər eşitmədinmi Allahın düşməni nə dedi? Cəbrail (ə) bir az əvvəl mənim yanıma gəldi və mənə xəbər verdi ki, o bu ümmətin Samirisidir və onun dostu isə buzovudur. Allah məndən sonra ümmətim üçün təfriqə və ixtilaf yazdı. Cəbrail (ə) məndən istədi ki, sümüyə yazmaq istədiklərimi yazım və bu üç nəfəri də özümə şahid tutam. Mənə vərəq gətirin." Həzrət (s.a.a) üçün vərəq gətirdilər. Peyğəmbər (s.a.a) özündən sonrakı hidayət imamlarının adını tək-tək dedi və Əli (ə) da öz əli ilə yazdı. Buyurdu: Mən sizi şahid tuturam ki, qardaşım, vəzirim, varisim və ümmət içində xəlifəm Əli ibni Əbu Talibdir (ə) və ondan sonra Həsən (ə), sonra Hüseyn (ə), sonra Hüseynin övladlarından doqquz nəfərdir.
"Kitab Süleym ibni Qeys Hilali, Əsrar Ali-Muhəmməd", cild 2 səh. 877. (bu kitab bizim dildə "Ali-Muhəmmədin (s.a.a) sirləri" kimi mövcuddur)
Əli (ə) dedi: Ey Təlhə, sən özün şahid deyilsənmi ki, Rəsulullah (s.a.a) kürək sümüyü istədi ki, onun üzərində elə bir şey yazsın ki, ümmət azğınlıq və ixtilafa düşməsin. Dostun deyəcəyini dedi: "Rəsulullah (s.a.a) sayıqlayır!" Rəsulullah (s.a.a) da qəzəbləndi və o mətləbi demədi? Təlhə dedi: Bəli, o hadisəyə şahidəm. Əli (ə) buyurdu: Siz Rəsulullahın (s.a.a) hüzurundan gedəndən sonra O mənə yazmaq istədiyi barədə xəbər verdi və yazmaq istədiyi üçün camaatı şahid tutmaq istəyirdi. Cəbrail (ə) ona xəbər verdi ki: "Allahın elmində vardır ki, bu ümmət ixtilaf və dağınıqlığa məruz qalacaq." Sonra vərəq istədi və kürək sümüyündə yazmaq istədiyini mənə buyurdu və üç nəfəri də şahid tutdu, Salman, Əbu Zər və Miqdadı, Allahın Qiyamətə qədər itaətini əmr etdiyi hidayət imamlarının adlarını çəkdi, birinci mənim adımı dedi, sonra oğlum Həsənin (ə), sonra Hüseynin (ə), sonra oğlum Hüseynin övladlarından olan doqquz nəfərin, ey Əbu Zər və ey Miqdad, bu cür olmuşdu? O ikisi ayağa qalxdılar və dedilər: "Biz şahidik ki, Rəsulullah (s.a.a) belə buyurdu". Təlhə dedi: Allaha and olsun ki, Rəsulullahın (s.a.a) Əbu Zər haqqında belə buyurduğunu eşitmişəm: "Allah yanında səmanın altında və yer üzündə Əbu Zərdən daha doğrudanışan və daha təqvalısı yoxdur." Və mən şəhadət verirəm ki, Əbu Zər və Miqdad haqqdan başqa şeyə şahidlik etməzlər və sən özün mənim üçün o ikisindən daha doğrudanışan və daha təqvalısan."
"Kitab Süleym ibni Qeys Hilali, Əsrar Ali-Muhəmməd", cild 2 səh. 794.