Qırtas hədisi barədə olan şübhələrdən biri də odur ki, nəyə görə mövlamız Həzrəti Muhəmməd (s.a.v.v) səhabələr vəsiyyətin yazılmağına mane olanda bu işə təkid etmədi? Belə olan halda insanların azmağına səbəbkar olmadımı?
1. Peyğəmbərlərin işi sadəcə çatdırmaqdır, camaat qəbul etməyib etiraz etsə də peyğəmbərlərə bir məsuliyyət gəlmir.
"Sənin vəzifən yalnız çatdırmaqdır, hesab çəkmək Bizim öhdəmizədir"
Rəd surəsi, 40-cı ayə.
Camaatın hidayət olmağının şərti də peyğəmbərlərə itaətdir:
"De: Allaha itaət edin və bu Peyğəmbərə itaət edin. Beləliklə əgər üz döndərsəniz (bilin ki,) onun borcu yalnız boynuna qoyulmuş vəzifəni çatdırmaq, sizin borcunuz isə boynunuza qoyulmuş vəzifədir. Əgər ona itaət etsəniz, doğru yolu taparsınız. Peyğəmbərin vəzifəsi yalnız aşkar çatdırmaqdır".
Nur surəsi, 54-cü ayə.
"Allaha itaət edin, Onun peyğəmbərinə itaət edin və çəkinin. Beləliklə, əgər üz döndərsəniz, bilin ki, Bizim peyğəmbərimizin vəzifəsi yalnız aydın şəkildə çatdırmaqdır."
Maidə surəsi, 92-ci ayə.
"Və heç bir mömin kişiyə və möminə qadına rəva deyildir ki, Allah və Onun Rəsulu (onların barəsində) bir fərman verdikdə, onların öz işlərində ixtiyar sahibi olsunlar. Və kim Allaha və Onun Rəsuluna itaətsizlik etsə (asi olsa), şübhəsiz açıq-aşkar bir azğınlığa düşmüşdür."
Əhzab surəsi, 36-cə ayə.
Peyğəmbər (s.a.v.v) əmr edəndə Ona sayıqlayır deyib asilik edənlər əlbəttə ki, hidayətdən məhrum olmağa və azğınlığa layiqdirlər.
2. Rəsulullah (s.a.v.v) şifahi olaraq dəfələrlə Özündən sonrakı xəlifəni və eləcə də digər imamları insanlara tanıtdırmışdı. Təkcə elə Qədir Xum hədisi ümmət üçün kifayətdir və heç bir bəhanə yeri qalmır. Lakin Rəsulullah (s.a.v.v) bilirdi ki, bəziləri Qədir Xumda baş verənlərlə razı deyildi və sağlığında dəfələrlə Ona itaətsizlik etmiş şəxslər şəhadətindən sonra daha şiddətlə bu məsələ ilə mübarizə aparacaqlar. Ona görə də Rəsulullah (s.a.v.v) yazılı bir vəsiyyət ilə höccəti tamam etmək istəyirdi. Daha öncədən belə bir vəsiyyət yazsa idi, zaman keçdiyinə görə onu inkar edə bilərdilər yaxud özlərindən vəsiyyət çıxarda bilərdilər, ona görə də ölümündən bir az əvvələ saxlamışdı. Bu zaman iddia edə bilməzdilər ki, Rəsulullah (s.a.v.v) vəsiyyətini dəyişib.
3. Mövlamız Həzrəti Muhəmmədin (s.a.v.v) bu işdə təkid etməməyinin digər bir səbəbi də səhabələrin rəftarı oldu. Rəsulullaha (s.a.v.v) sayıqlayır deyib, Allahın Kitabı ilə kifayətlənənlər üçün o vəsiyyət elə kağız parçası olaraq da qalacaqdı. İddia edəcəkdilər ki, bu vəsiyyəti nəuzu billah, sayıqlayarkən dediyi üçün etibarsızdır.