Peyğəmbərin (s.a.v.v.) vəsiyyət etmək istədiyi şey vacib idi?

Bu məqalədə iki şübhəni müzakirə edəcəyik. Birincisi odur ki, Maidə surəsi, 3-cü ayənin nazil olması ilə din kamil oldu və buna görə də vəsiyyət yazmağa ehtiyac yox idi. Peyğəmbər (s.a.v.v) hər şeyi çatdırmışdı. İkincisi də odur ki, Peyğəmbərin (s.a.v.v.) yazmaq istədiyi şey vacib idi ya müstəhəb? Əgər vacib idisə niyə təkid etmədi, müstəhəb idisə də əməl etmək vacib deyildi.

Birinci şübhənin cavabı olaraq, Maidə surəsi üçüncü ayənin nə barədə nazil olmasına ətraflı olaraq bu məqalədə baxa bilərsiniz: Maidə, 3 və Qədir Xum

Peyğəmbər (s.a.v.v.) əvvəldə bu barədə demişdisə, nəyə görə ömrünün sonunda da təkrar eyni şeyi demək istəyir? Çünki Rəsulullah (s.a.v.v.) bilirdi ki, Qədir Xumdan sonra "B" planına keçiblər və ümidlərini üzsələr də, təslim olmaq istəmirlər. Ölümündə öncə səhabələri Üsamənin ordusu ilə şəhərdən çıxartmağı da məhz buna görə idi. Vəsiyyət yazılmalı gün orada etiraz edən şəxslərin heç biri əslində orada olmalı deyildi! Onlar ordudan qaçıb gəlmişdilər, halbuki bu açıq-aşkar Peyğəmbərin (s.a.v.v.) əmrinə qarşı çıxmaq idi. Ətraflı bu məqalədə: Səhabələrin Üsamə ordusu ilə imtahanı

İkinci şübhə barədə: Peyğəmbərin (s.a.v.v.) demək istədiyi şeyin vacib ya müstəhəb olması barədə bilmək istəyiriksə, o vəsiyyətin nəticəsinə baxmalıyıq. Desəydi nə olacaqdı? ÜMMƏT HEÇ ZAMAN YOLUNU AZMAYACAQDI! Sizcə bu nə dərəcədə önəmlidir din üçün? Digər bir nəticəsi barədə isə İbni Abbasın (ra) sözlərinə diqqət edək. O, bu günü müsibət adlandırır. Müstəhəb bir şeyin yazılmamasına görə səhabə niyə bu qədər ağlayır və qəmlənir? Həmçinin, Ömər yaxşı bilirdi ki, bu məsələ müstəhəb deyil, ona görə də etiraz edir, Peyğəmbəri (s.a.v.v.) sayıqlamaqda ittiham edir və "Allahın Kitabı bizə bəsdir" -deyir.

Aydın məsələdir ki, Rəsulullah (s.a.v.v.) Özündən sonrakı xəlifəni vəsiyyət etmək istəyirdi. Buna bir neçə dəlilimiz vardır. 1. Ümməti əbədi olaraq azmaqdan qoruyacaq şey yalnız bu ola bilərdi. Digər ehtimallar ki, iddia edirlər, heç biri bu qədər əhəmiyyətli deyildilər. Şifahi olaraq deməsi iddia olunan vəsiyyətlərin də ümmətin azmaması ilə qətiyyən bir əlaqəsi yoxdur. Məsələn, müşriklərin ərəb yarımadasından çıxardılması, yaxud bütün fiqhi hökmlərin xülasəsinin yazılması belə ümməti azmaqdan qoruya bilməzdi. 2. Əhli-Sünnət alimlərinin öz etiraflarına əsasən, burada elə xilafət nəzərdə tutulurdu.

Qəzali yazır: Rəsulullah (s.a.v.v) vəfat etməzdən qabaq buyurdu: Mənə kağız və qələm gətirin ki, sizin məndən sonrakı əmrdə olan müşkülünüzü həll edim və buna haqqı çatan şəxsi sizə tanıdım. Amma Ömər dedi: Bu kişini rahat buraxın ki, sayıqlayır, yaxud boş sözlər danışır.

"Sirrul aləmin və kəşfun ma fid-darəyn", İmam Qəzali, cild 1 səh. 4.

İbni Həcər:

"O, özündən sonrakı xəlifələrin adlarını yazdırmaq istəyirdi ki, aralarında ixtilaf olmasın. Bunu Süfyan ibni Uyeynə deyir."

"Fəthul-Bari", İbni Həcər Əsqəlani, cild 1 səh. 209.

Qəstəlani:

"Sizə elə bir yazı yazım ki, orada özümdən sonrakı imamların adı olacaq"

"İrşadus-sari fi şərh Səhih Buxari", Qəstəlani, cild 1 səh. 207.

Bu vəsiyyətin vacibliyi barədə bir sübut da gətirmək istərdik. Əslində bu mövzuda hədis daha çoxdur ancaq bununla kifayətlənirik. Mövzu budur: Səhabələr Peyğəmbərin (s.a.v.v.) sözünü qoyub Əbu Bəkr və Ömərə itaət etdilər:

Muhəmməd ibni Əbdulvəhhab "Kitabut-Tovhid"-də 37-ci babda yazır: (Babın adına diqqət edin: Alimlər və əmirlərə Allahın halal etdiyini haram etməkdə və haram etdiyini halal etməkdə itaət etməklə onları Allahdan qeyri rəbb olaraq qəbul etmələri)

İbni Abbas deyirdi: "Qorxuram göydən başınıza daş yağsın, deyirəm: Rəsulullah (s.a.v.v.) belə buyurdu, deyirsiniz: Əbu Bəkr və Ömər belə dedilər."

"Kitabut-Tovhid", Muhəmməd ibni Əbdulvəhhab, Alimlər və əmirlərə Allahın halal etdiyini haram etməkdə və haram etdiyini halal etməkdə itaət etməklə onları Allahdan qeyri rəbb olaraq qəbul etmələri babı

Bu hədisin gəldiyi baba əsasən demək olar ki, o iki nəfər Allahın və Peyğəmbərinin (s.a.v.v.) halal etdiyini haram edir, haram etdiyini də halal edirdilər. Xristian və yəhudilər öz rahiblərinə ibadət etdikləri kimi, səhabələr də onları özlərinə rəbb etmişdilər. Faktiki olaraq ümmət Peyğəmbərdən (s.a.v.v.) sonra yolunu azdı, məzhəblərə bölündü, dində bidətlər yaratdı, bir-biri ilə savaşdı və bütün bunların səbəbkarı azmamağa səbəb olacaq vəsiyyətin yazılmasına mane olanlar idi. Bütün bu həqiqətləri görmək üçünsə təəssübdən uzaq olub, araşdırmaqdan qorxmamaq lazımdır.