Peyğəmbərin (s.a.v.v) vəsiyyət yazmaq barədə əmrinə qarşı çıxmış və onu sayıqlamaqda ittiham etmiş şəxsləri təmizə çıxartmaq üçün çox vaxt bu şübhəni ortaya atırlar: Əgər Ömər Peyğəmbərin (s.a.v.v) əmrinə tabe olmamışdısa, Əli (ə) də bu işi Hüdeybiyyədə görmüşdür. Bu məqaləmizdə Allahın izni ilə həmin şübhəni cavablandıracağıq.
Əvvəlcə bu mövzuda olan şiə və sünni hədislərini gətirək:
Süyehl ibni Əmr dedi: Biz səni Allahın Rəsulu kimi tanısaydıq səninlə döyüşməzdik. Bu cür yaz: Bu müqavilə Muhəmməd ibni Abdullah və Qureyş arasındadır. Öz əsl və nəsəbindən bezarsan, ey Muhəmməd? Rəsulullah (s.a.v.v.) buyurdu: "Siz təsdiqləməsəniz də mən Allahın Rəsuluyam! Sonra dedi: Sil onu ya Əli və Muhəmməd ibni Abdullah yaz. Əmirəlmöminin Əli (ə) dedi: Sənin adını peyğəmbərlikdən heç vaxt silmərəm. Peyğəmbər (s.a.v.v.) onu öz əli ilə sildi.
"Təfsir əl-Qummi", Əli ibni İbrahim əl-Qummi, cild 2 səh. 313
Hüdeybiyyə sülhündə Rəsulullah (s.a.v.v.) müqavilə yazmaq istəyəndə müşriklər etiraz etdilər ki, "Rəsulullah" sözünü "Muhəmməd ibni Abdullah" ilə dəyiş, Əli (ə) bu işi görmədi, Peyğəmbər (s.a.v.v) ona dedi: Dəyiş. Əlinin (ə) əlləri titrədi və Peyğəmbər (s.a.v.v.) özü "Rəsulullah" sözünü "Muhəmməd ibni Abdullah" ilə əvəz etdi və buyurdu: Ya Əli (ə), belə bir hadisə sənin də başına gələcək. Siffeyn döyüşündə Əli (ə) sülh müqaviləsi yazmaq istəyəndə Əmr ibni As etiraz etdi və dedi ki, Əmirəl-möminin Əli ibni Əbu Talib (ə) yazma, Müaviyə də dedi ki, əgər səni Əmirəl-möminin kimi qəbul etsəydim mən gərək çox pis insan olardım ki, səninlə döyüşərdim və "Əmirəlmöminin" sözünü "Əli ibni Əbu Talib"-ə dəyişdilər. Bu zaman Əli (ə) buyurdu: Allahu Əkbər! Rəsulullahın (s.a.v.v.) buyurduğu şey baş verdi!
"Sirətul-Hələbiyyə", Hələbi, cild 2 səh. 707
Bərra ibni Azib dedi: Rəsulullah (s.a.v.v) Hüdeybiyyə əhli ilə sülh bağlayanda Əli (ə) sülhnaməni yazırdı. "Muhəmməd Rəsulullah" yazanda müşriklər etiraz etdilər: "Muhəmməd Rəsulullah" yazma, əgər sən Allahın Rəsulu olsaydın, biz səninlə döyüşməzdik. O Həzrət (s.a.v.v) Əliyə (ə) buyurdu: Onu sil. Əli (ə) buyurdu: Mən o şəxs deyiləm ki onu silə. Rəsulullah (s.a.v.v) öz əli ilə onu sildi. Növbəti il özü və səhabələri Məkkəyə girib üç gün orada qalmaları, oraya ancaq silahları qının içində olaraq girmələri şərti ilə Məkkəlilər ilə sülh razılaşması etdilər.
"Səhih", Buxari, Kitabus-sülh, sülh anlaşması necə yazılır babı, hədis 2698.
Əlqəmə ibni Qeys nəql edir ki, Əliyə (ə) dedim: Özünlə ciyəryeyən qadının oğlu (Müaviyə) arasında həkəm (hakim) qərar verirsən? Dedi: Hudeybiyyə günü Rəsulullahın (s.a.v.v.) katibi idim. Yazdım: Bu sülh Muhəmməd Rəsulullah (s.a.v.v.) və Süheyl ibni Əmr arasındadır. Suheyl dedi: Əgər biz onu Allahın Rəsulu kimi tanısaydıq, onunla döyüşməzdik, onu sil! Mən dedim: Allaha and olsun ki, o Allahın Rəsuludur, siz istəməsəniz belə, Allaha and olsun ki, onu silməyəcəyəm! Rəsulullah (s.a.v.v.) dedi: Onun yerini mənə göstər. Mən göstərdim və o Həzrət özü sildi.
"Xəsais", Nisai, cild 1 səh. 201 hədis 191-192.
"Sunən", Nisai, cild 5 səh. 167. hədis 8576.
"Fəthul-Bari", İbni Həcər Əsqəlani, cild 7, səh. 503.
1. Hədislərə əsasən də görə bilərik ki, burada əmr verən Suheyldir, bu Rəsulullahın (s.a.v.v.) belə məcburən, istəməyərək əməl etdiyi bir məsələdir. Əli (ə) Suheylin əmrinə qarşı çıxır, Rəsulullahın (s.a.v.v.) yox.
2. Rəsulullahı (s.a.v.v.) ən yaxşı tanıyan şəxs Əlidir (ə) və Onun adının əzəmətini yaxşı bilir, buna görə də əlləri titrəyir. Məkkədə bütləri yıxmaq üçün əvvəlcə Rəsulullah (s.a.v.v.) onun çiyninə çıxanda da bu əzəmət qarşısında titrəyir, halbuki Əli (ə) fiziki cəhətdən zəif deyildi. Buna görə də Rəsulullah (s.a.v.v.) onu öz çiyninə çıxardır və bütləri Əli (ə) sındırır. Peyğəmbərin (s.a.v.v.) adını silmək də elə asan iş deyildi və zahirən nübuvvəti inkar etməyə bərabər idi. Ömər Hüdeybiyyədə Rəsulullahın (s.a.v.v.) peyğəmbərliyinə şəkk elədiyi vaxt (bax: Ömərin Peyğəmbərə (s.a.v.v.) şəkki) , Əli (ə) bu cür ehtiram göstərir və bu iki hal qətiyyən müqayisə belə oluna bilməz.
3. Sünni alimlərinin də etirafına görə, bu məsələdə Əli (ə) ittiham edilmir, ona görə ki, bu əmrə itaət etmək vacib deyildi:
Əli (ə) başa düşürdü ki, bu əmr hətmi (mütləq şəkildə edilməli) deyil, buna görə də onun bənzərinə əməl etməkdən imtina etdi.
"Fəthul-Bari", İbni Həcər Əsqəlani, cild 7 səh. 503.
Əlinin (ə) bu sözü ki, "Mən onu siləcək şəxs deyiləm", Rəsulullahın (s.a.v.v.) əmri ilə müxalifət etmək deyildi, çünki o qərinə ilə bilirdi ki, bu əmrə cavab veriləsi deyil.
"Umdətul-qari şərh Səhih Buxari", Bədruddin Eyni Hənəfi, cild 13 səh. 275.
Eyni şeyi Qəstəlani də deyib: "İrşadus-sari", Əhməd ibni Muhəmməd Qəstəlani, cild 4 səh. 340.
Hətta bəzi əhli-sünnət böyükləri Əlinin (ə) bu əməlini onun fəziləti kimi qəbul ediblər:
Əlinin (ə) bu əməli müstəhəb ədəbin qismindən idi, çünki buradan belə başa düşülmürdü ki, Rəsulullah (s.a.v.v.) lazım bilirdi ki, mütləq Əli (ə) onu silməlidir. Buna görə də Rəsulullah (s.a.v.v.) bu məsələdə işkal görmədi. Əgər Əlinin (ə) mütləq özü silməli olsa idi, ona caiz deyildi ki, o işi tərk eləsin və Rəsulullah (s.a.v.v.) də onun müxalifətini təsdiqləməzdi.
"Şərh Nəvəvi alə Səhih Muslim", Nəvəvi, cild 12 səh. 135.
(Eyni şeyi Salehi Şami də deyib: "Səbilul-huda vər-rəşad", Salehi Şami, cild 5 səh. 77.)
Əlinin (ə) "Rəsulullah" sözünü silməkdən çəkinməsi onun ədəb və imanındandır, nəinki asi olmaq və Rəsulullahın (s.a.v.v.) əmrindən boyun qaçırtmaqdır. Burada boyun qaçırtmaq ədəb və ehtiram cəhətdən itaətdən daha gözəldir.
"Şərh Səhih Buxari", İbni Bəttal Bəkri əl-Qurtubi, cild 8 səh. 88.
4. Əlinin (ə) bu əməli Rəsulullahın (s.a.v.v.) qəzəbinə və narahatçılığına səbəb olmadı.
5. Əgər Qırtas hədisində baş verən hadisələrə baxsaq, qətiyyən Ömərin əməli ilə Əlinin (ə) əməlini bir tutmaq olmaz. Ömərin elədiyi əməl a ) Peyğəmbəri (s.a.v.v.) sayıqlamaqda ittiham edərək təhqir etdi b) Peyğəmbərin (s.a.v.v.) qəzəbinə və qəminə səbəb oldu, nəticədə ətrafındakıları qovdu c) müsəlmanları azmaqdan qoruyacaq vəsiyyətin yazılmamağına səbəb oldu d) Mütləq itaət edilməsi lazım olan bir əmələ qarşı çıxılaraq asilik göstərildi. e) "Quran bizə kifayətdir" deyərək Peyğəmbərin (s.a.v.v.) sözünün qarşısında söz qoydu və əsrlərlə davam edəcək azğınlıqların əsasını qoydu. f) Bu hadisə haqlı olaraq "Cümə axşamı müsibəti" adlandırıldı. İndi bu müsibətə səbəb olacaq əməllə, Əlinin (ə) ədəb və ehtiramını bir tutmaq olarmı?