Qırtas (Kağız-qələm) hədisi mötəbərdirmi?

Rəsulullah (s.a.v.v.) ölümündən bir neçə gün əvvəl ətrafında olanlara əmr edir ki, ona kağız-qələm gətirsinlər və elə bir vəsiyyət yazsın ki, ümmət yolunu əbədi olaraq azmasın. Bu hədis barədə ətraflı məqalələr olacaqdır, indiki məqalədə isə sadəcə həmin hədisin mətnini müxtəlif mənbələrdən gətirəcəyik.

Az-çox İslam elmlərindən xəbəri olan hər kəs bilir ki, əhli-sünnətə görə iki əsas səhih kitab vardır. Onlar bu iki kitabda gələn bütün hədisləri səhih bilir və qəbul edirlər. Bu iki kitab "Səhih-Buxari" və "Səhih-Muslim" kitabıdır. Ancaq son zamanlar bəzi şəxslər cavab verə bilmədikləri məqamlarda hətta bu kitablarda olan hədisləri də inkar etməyə çalışır və müxtəlif bəhanələr uydururlar. Əvvəlcə o iki kitabdakı hədisləri gətirək:

İbni Abbas dedi: Peyğəmbərin (s.a.v.v) vəfatı yaxınlaşanda, evdə içlərində Ömər ibni Xəttabın da olduğu bir dəstə adam olarkən, Rəsululullah (s.a.v.v.) buyurdu: "Gəlin sizə elə bir vəsiyyət yazım ki, ondan sonra heç vaxt yolunuzu azmayasınız." Ömər dedi: "Peyğəmbərin xəstəliyi ağırlaşdı. Yanınızda Quran vardır. Bizə Allahın Kitabı yetər!". Buna görə evdəki səhabələr ixtilaf etdilər və münaqişə edib dalaşdılar. Onlardan bəzisi: "Yazmaq üçün bir şey gətirin ki, Rəsulullah (s.a.v.v.) sizin üçün ondan sonra azmayacağınız bir yazı yazsın"-deyir, bəziləri də Ömərin dediyini deyirdilər. Onlar Peyğəmbərin (s.a.v.v.) yanında səs-küy və ixtilaflarını çoxaltdıqları zaman Peyğəmbər (s.a.v.v) onlara dedi: "Yanımdan qalxın!".

Ravi Ubeydullah ibni Abdullah belə dedi: İbni Abbas bu hədisin sonunda: "Ah, nə böyük müsibətdir o müsibət ki, səs-küy salmaları və ixtilafları üzündən Rəsulullah (s.a.v.v.) və səhabələri üçün yazmaq istədiyi bu yazı arasında pərdə oldu!"-dedi.

"Səhih", Buxari, Kitabul-İtisam, şəri hökmlərlə müxalifət etməyin kərahəti babı, hədis 7366.

İbni Abbas belə demişdir: Peyğəmbərin ağrısı şiddətlənəndə: "Yazı yazmaq üçün bir şey gətirin, sizə elə bir kitab (vəsiyyət) yazım ki, ondan sonra heç bir zəlalətdə qalmayasınız."-buyurdu. Ömər: "Peyğəmbərin xəstəliyi ağırlaşdı. Bizim əlimizdə də Allahın Kitabı vardır. O bizə yetər"-dedi. Buna görə oradakı səhabələr ixtilafa düşdülər. Sözləri bir-birinə qarışdı. Rəsulullah (s.a.v.v.): "Yanımdan gedin! Mənim yanımda deyişmək olmaz!"- dedi. İbni Abbas bu sözləri ravi Ubeydullah ibni Abbasa nəql etdikdən sonra otaqdan çıxaraq belə dedi: "Ah, nə böyük müsibətdir o müsibət ki,  Rəsulullah (s.a.v.v.) və yazmaq istədiyi yazı arasında pərdə oldu!"

"Səhih", Buxari, Kitabul-Elm, Elmin yazılması babı, hədis 114.

"Səhih", Buxari, Kitabul-Mərza vət-Tibb, xəstənin "yanımdan qalxın" deməsi babı, hədis 5669.

İbni Abbas belə deyirdi: " O cümə axşamı, necə də pis bir gün idi o cümə axşamı!.. (Sonra o qədər ağladı ki, onun göz yaşları yeri islatdı.) Ravi dedi: Ey Abbasın oğlu, o cümə axşamı nədir? İbni Abbas dedi: Cümə axşamı Peyğəmbərin (s.a.v.v.)  ağrıları şiddətləndikdə buyurdu: “Mənim üçün bir kürək sümüyü gətirin, sizin üçün elə bir kitab (vəsiyyət) yazım ki, məndən sonra heç vaxt yolunuzu azmayasınız.” Bu zaman dava-dalaşa və mübahisəyə başladılar, halbuki heç bir peyğəmbərin hüzurunda mübahisə rəva deyilir. Sonra dedilər: “Peyğəmbər  sayıqlayır! Ondan soruşun! ” Peyğəmbər (s.a.v.v.) buyurdu: “Məndən əl çəkin! Mənim hazırkı vəziyyətim sizin məni dəvət etdiyiniz şeydən daha yaxşıdır!” Və səhabələrə üç şeyi əmr etdi: 1. Bütün müşrikləri ərəb yarımadasından çıxarın! 2. Elçilərə, fərd və heyətlərə mənim izin verib hədiyyə verdiyim kimi siz də xarici elçilərə, heyətlərə hədiyyə verərək hörmət edin. 3. Üçüncüsü xeyirlidir. Ya üçüncü barədə susdu, yaxud da onu dedi amma mən unutdum. Süfyan ibni Uyeynə: Bu ravi Süleyman ibni Əbu Muslimin sözündəndir.

(Nə məsələdirsə vəsiyyət kimi vacib məsələlərdə guya ravi yaddan çıxarır)

"Səhih", Buxari, Kitabul-Cizyə, Yəhudilərin ərəb yarımadasından çıxarılması babı, hədis 3167.

"Səhih", Muslim, Kitabul-Vəsiyyət, vəsiyyəti olmayanın onu tərk etməsi babı, hədis 1637.

İbni Abbas belə deyirdi: " O cümə axşamı, necə də pis bir gün idi o cümə axşamı!.. (Sonra o qədər ağladı ki, onun göz yaşları yeri islatdı.)  İbni Abbas dedi: Cümə axşamı Peyğəmbərin (s.a.v.v.)  ağrıları şiddətləndikdə buyurdu: “Mənim üçün yazmağa bir şey gətirin, sizin üçün elə bir kitab (vəsiyyət) yazım ki, məndən sonra heç vaxt yolunuzu azmayasınız.” Bu zaman dava-dalaşa və mübahisəyə başladılar, halbuki heç bir peyğəmbərin hüzurunda mübahisə rəva deyilir. Sonra dedilər: “Peyğəmbər  sayıqlayır! ” Peyğəmbər (s.a.v.v.) buyurdu: “Məndən əl çəkin! Mənim hazırkı vəziyyətim sizin məni dəvət etdiyiniz şeydən daha yaxşıdır!” Və ölərkən üç şeyi vəsiyyət etdi: 1. Bütün müşrikləri ərəb yarımadasından çıxarın! 2. Elçilərə, fərd və heyətlərə mənim izin verib hədiyyə verdiyim kimi siz də xarici elçilərə, heyətlərə hədiyyə verərək hörmət edin. 3. üçüncüsünü unutdum.

"Səhih", Buxari, Kitabul-Cihad vəs-Siyər, elçilik və ya sair xeyir işlərdən ötrü gələn heyətlərə verilən ətalar babı, hədis 3053

İbni Abbas belə dedi: Ah o cümə axşamı, o cümə axşamı nə pis gün idi!O gün Rəsulullahın (s.a.v.v.) ağrısı şiddətlənmişdi. Dedi: Mənə yazı üçün bir şey gətirin sizə elə bir kitab yazım ki ondan sonra yolunuzu heç vaxt azmayasınız." Buna görə orada olanlar ixtilaf etdilər. Halbuki heç bir peyğəmbərin yanında ixtilaf yaraşmaz. Bəziləri: "Peyğəmbərə nə olub, sayıqladı? Soruşun ondan" -dedilər və o sözü təkrar etdirmək istədilər. Bu dəfə Peyğəmbər (s.a.v.v.):"Məni öz halıma buraxın! Mənim içində olduğum hal, sizin məni dəvət etdiyiniz şeydən daha xeyirlidir."-deyə buyurdu. Və Rəsulullah (s.a.v.v.) onlara üç şey vəsiyyət etdi: Bütün müşrikləri ərəb yarımadasından çıxarın! 2. Elçilərə, fərd və heyətlərə mənim izin verib hədiyyə verdiyim kimi siz də xarici elçilərə, heyətlərə hədiyyə verərək hörmət edin. 3. (İbni Abbas) üçüncüsü barədə sükut etdi yaxud unutdum dedi.

"Səhih", Buxari, Kitabul-Məğazi,  Peyğəmbərin (s.a.v.v.) xəstəliyi və vəfatı babı, hədis 4431

İbni Abbas belə dedi: Rəsulullahın (s.a.v.v.) vəfatı yaxınlaşdığı və evində səhabələrdən mühüm şəxslərin olduğu vaxtda Peyğəmbər (s.a.v.v.) buyurdu: "Mənə yazmaq üçün bir şey gətirin! Sizə bir kitab yazım ki, ondan sonra yolunuzu azmayasınız!" Ancaq oradakılardan bəzisi: "Rəsulullahın xəstəliyi şiddətlənmişdir. Yanınızda Quran vardır. Bizə Allahın Kitabı yetər!"-dedi.  Buna görə evdəkilər ixtilafa və dalaşmağa başladılar. Onların bəzisi: "Yazı dəsti gətirin, sizə vəsiyyətnamə yazsın, ondan sonra yolunuzu azmayasınız!"-deyirdi. Bəziləri də bundan başqa şeylər deyirdilər. Qarışıq söz və ixtilafın çoxaldığı zaman Rəsulullah (s.a.v.v.): "Qalxın"-dedi. Ravi Ubeydullah dedi: İbni Abbas: "Ah, nə böyük müsibətdir o müsibət ki, səs-küy salmaları və ixtilafları üzündən Rəsulullah (s.a.v.v.) və səhabələri üçün yazmaq istədiyi bu yazı arasında pərdə oldu!"-dedi.

"Səhih", Buxari, Kitabul-Məğazi,  Peyğəmbərin (s.a.v.v.) xəstəliyi və vəfatı babı, hədis 4432

"Səhih", Muslim, Kitabul-Vəsiyyət, vəsiyyəti olmayanın onu tərk etməsi babı, hədis 1639

İbni Abbas: "Ah o cümə axşamı günü, nə cümə axşamı günü idi o!"- dedi və göz yaşı axmağa başladı. Hətta mən onun üzündə göz yaşlarını gördüm, sanki mirvari dənələri kimi idi. İbni Abbas dedi: Rəsulullah buyurdu:"Mənə kürək sümüyü və qələm gətirin! Sizə elə bir yazı yazım ki, əbədi olaraq azmayasınız."Buna görə yanındakılar: "Həqiqətən Rəsulullah (s.a.v.v.) sayıqlayır"-dedilər.

 "Səhih", Muslim, Kitabul-Vəsiyyət, vəsiyyəti olmayanın onu tərk etməsi babı, hədis 1638

Diqqət etsəniz, Buxari məhz Ömər ibni Xəttabın adının çəkildiyi hədislərdə "sayıqlayır" əvəzinə "xəstəliyi şiddətlənib" sözünü istifadə edir. Ancaq həm bu hədislərdən, həm də sünni alimlərinin öz etiraflarından aydın olunur ki, "sayıqlayı" sözünü Ömər deyib.

"Amma Ömər onun haqqında şübhəyə düşdü ki, görəsən həqiqətən Peyğəmbərin sözü xəstəliyinin şiddətindəndir, yoxsa digər sözlər kimi doğru sözlərdəndir. Xəstəlik Peyğəmbərlər üçün mümkündür. Buna görə də “Ona nə olub, sayıqlayır?!” dedi və bu barədə şəkk etdi və onun “sayıqlamasına” əmin olmadı. Şəkk etmək də Ömər üçün mümkündür."

“Minhacus-sunnə”, İbni Teymiyyə, cild 6, səh. 24

Ömər bundan öncə də Peyğəmbərə (s.a.a) şəkk etmişdi: Ömərin Hüdeybiyyədə Peyğəmbərə (s.a.a) şəkki

Bəziləri iddia edir ki, o vaxt İbni Abbas 13 yaşında uşaq olub. Onda gərək onun heç bir hədisini qəbul etməyələr. Hər bir halda, bu hədis təkcə İbni Abbasdan rəvayət olunmamışdır:

Cabir ibni Abdullah Ənsari dedi: Rəsulullah (s.a.v.v.) vəfat etdiyi xəstəliyi zamanı səhifə istədi, elə bir yazı yazsın ki, ümməti ondan sonra azdırmasın və azmasın. Evdə bu istəyə görə səs-küy ucaldı və Ömər ibni Xəttab danışdı. Peyğəmbər (s.a.v.v) onu tərk etdi."

"Təbəqatul-Kubra", İbni Səd, cild 2 səh. 243.

Sələfi alimi Saleh Şami bu hədisi səhih bilir:

"Səbil əl-huda vər-rəşad", cild 12 səh. 248.