Rəsulullah (s.a.v.v) ömrünün sonunda qərar verdi ki, Bizansla döyüşmək üçün qoşun yığılsın və bu qoşuna Üsamə ibn Zeydi təyin etdi. Onun cəmi 17 yaşı var idi və atası Zeyd ibni Harisə də Mutə döyüşündə Bizansla döyüşdə şəhid olmuşdu.
Ancaq bir çox səhabələr Üsamənin belə gənc yaşda başçı olmasına etiraz edirdilər. Rəsulullah (s.a.v.v) isə öz fikrində qəti idi və üstəlik qoşunun tez bir zamanda hazır olub çıxmasını təkid edirdi.
Abdullah ibni Ömər: Rəsulullah (s.a.v.v.) Rumluların üzərinə göndərmək üçün bir ordu hazırladı və başına da Üsamə ibni Zeydi əmir təyin etdi. İnsanlar, Üsamənin əmirliyini pislədilər. Buna görə də Rəsulullah (s.a.v.v.) ayağa qalxıb bir xütbə dedi: Əgər siz indi Üsamənin əmirliyini pisləyirsinizsə, siz bundan öncə onun atasının əmirliyini də tənə etmişdiniz. Allaha and olsun ki, Zeyd başçılığa necə layiq idisə və o insanlardan mənə ən sevimlilərindən biri idisə, şəksiz bu Üsamə də atasından sonra mənə insanların ən sevimlilərindəndir."
"Səhih", Buxari, Kitabul-Məğazi, "Peyğəmbərin vəfat etdiyi xəstəliyində Üsamə ibni Zeydi ordunun başında göndərməsi" babı.
İbn Teymiyyə iddia edir ki, Peyğəmbər (s.a.v.v) Əbu Bəkri Üsamənin ordusuna göndərməyib , bu yalandır və elm əhlindən heç kəs bunu nəql etməyib.
"Minhacus-sunnə", cild 4 səh. 277, cild 1 səh. 486, cild 5 səh. 486 və 491, cild 6 səh. 319
"Elm əhlinin icmasına görə Əbu Bəkrin Üsamənin ordusunda iştirakı yalandır."
"Minhacus-Sunnə", cild 8 səh. 292.
Əvvəlcə gəlin görək Əhməd ibni Teymiyyə əl-Hərrani nəyə görə bu məsələni gizlətməyə çalışır və dönə-dönə bunu qeyd edir? Sonra isə elə öz kitablarından bu məsələnin doğruluğunu sübut edəcəyik.
1. Əbu Bəkrin ordudan qaçmağı onun üçün tənədir.
2. Üsamənin ona əmr etməsi ona nöqsandır və xəlifəliyi üçün gətirdikləri dəlilləri batil edir. (Xüsusilə də Rəsulullah (s.a.v.v.) vəfatından bir az əvvəl)
3. Əbu Bəkrin Üsamənin ordusunda olması, onun Peyğəmbərin (s.a.v.v.) əmri ilə camaat namazına başçılıq etməsi xəbərini yalanlayır, halbuki bunu da onun xəlifəliyinə sübut kimi sayırlar.
4. Peyğəmbərin (s.a.v.v.) mövla Əli ibni Əbu Talibin (ə) Üsamənin ordusunda iştirak etməməyini istəməsi və Mədinədə saxlaması Əlinin (ə) Əbu Bəkrdən daha fəzilətli olmasını sübut edir.
İndi isə sünni alimlərinin kitablarından Əbu Bəkrin Üsamənin ordusunda iştirak etməsinin dəlillərinə baxaq:
"İlk mühacirlər və ənsardan orduya qoşulmayan qalmadı, onların içində Əbu Bəkr əs-Sıddiq, Ömər ibni Xəttab, Əbu Ubeydə ibni Cərrah, Səd ibni Əbu Vəqqas, Səid ibni Zeyd... var idi."
"Təbəqatul-Kubra", İbn Səd, cild 2 səh. 189.
"Onunla (Üsamə ilə) birlikdə ilk mühacirlər və ənsarlar göndərdi və onların içində Əbu Bəkr, Ömər, Səd, Səid və Əbu Ubeydə var idi."
"Kəşful-muşkili min hədisis-səhiheyn", Əbil-fərəc Əbdurrəhman ibnil Covzi, cild 2 səh. 560.
"Üsamə ilə birlikdə ilk mühacirlər və ənsardan yerləşdirdi və Əbu Bəkr və Ömər onlardandı."
"Əl-Kamil fit-tarix", İbni Əsir, cild 2 səh. 317.
"Bu döyüşə ilk mühacirlər və ənsardan göndərilməyən qalmadı, onların içində Əbu Bəkr və Ömər ibni Xəttab, Əbu Ubeydə ibni Cərrah, Səd ibn Əbi Vəqqas, Səid ibni Zeyd var idi."
"Uyunul-əsər fi funun əl-məğazi vəş-şəmail vəs-siyər", Səyyidin-nəs Yəmuri, cild 2 səh. 369.
"Rəsulullah (s.a.v.v.) onu Əbu Bəkr və Ömər olan orduya rəhbər təyin etdi."
"Təhzibul-kəmal fi əsma ər-rical", Hafiz əl-Məzzi, cild 2 səh. 340.
"Rəsulullah (s.a.v.v.) Üsaməni ordu ilə göndərdi ki içində Əbu Bəkr və Ömər də var idi."
"Əl-Vafi bil-vəfiyyat", Əs-Sədfi, cild 2 səh. 340.
"Rəsululluh (s.a.v.v.) onu 18 yaşındaykən içində Əbu Bəkr və Ömərin olduğu orduya başçı təyin elədi."
"Ət-Tuhfətul-lətifə fi tarixil Mədinə", Səxavi, cild 1 səh. 166.
"Rəsulullah (s.a.v.v.) onu Əbu Bəkr və Ömər olan orduya rəhbər təyin etdi və dedi: Allaha and olsun ki, o bu əmirliyə layiqdir."
"İsaful-mubatta bi ricalil muvatta", Suyuti, səh. 83.
"Orada mühacirlər və ənsar var idi, onlardan Əbu Bəkr və Ömər də vardı və Üsamə ibni Zeyd onlara əmirlik edirdi."
"İrşad əs-sari li şərhil Səhih Buxari", Qəstəlani, cild 9 səh. 422.
"Peyğəmbər (s.a.v.v.) onu Əbu Bəkr və Ömərin olduğu orduya əmir təyin etdi."
"Subuləl huda vərrəşad", əş-Şami, cild 11 səh. 341.
"Və onunla birlikdə Əbu Bəkr və Ömər də var idi."
"Səmtun-nucum", Əş-Şafii əl-Asımi, cild 2 səh. 308.
"Və onların içində Əbu Bəkr və Ömər vardı və bu azyaşlının böyüklərə rəhbərliyinin caiz olduğunu göstərir."
"Tuhfətul-əhvazi", əl-Mubarək, cild 10 səh. 297.
"Bu orduda Əbu Bəkr, Ömər kimi səhabənin böyüklərindən var idi və Üsamə o vaxt 18 yaşına çatmamışdı."
"Tarixul-İslam", Mahmud Şakir, cild 2 səh. 339.
İbni Teymiyyənin sözlərinə inansaq, bu alimlər yalançıdırlar və elm əhlindən deyillər. İbni Həcər Əsqəlani onun bu sözlərini qeyd edir və sonra sübutlar gətirərək Əbu Bəkrin həmin orduda iştirakını isbat edir.
"Fəthul-bari fi şərhi Səhih əl-Buxari", İbni Həcər Əsqəlani, cild 9 səh. 622.
Həmçinin Əbu Bəkrin Üsamənin ordusunda iştirakını Vaqidi və İbni İshaqdan nəql edir.
"Fəthul-bari fi şərhi Səhih əl-Buxari", İbni Həcər Əsqəlani, cild 8 səh. 115.
Fakt isə odur ki, səhabələr bu əmrə tabe olmayıb geri qayıtdılar, Üsamənin ordusu qaldı və yalnız Əbu Bəkr xəlifə olduqdan sonra Şama göndərildi. Onda da Ömər Üsamənin başçılığına etiraz edir. Əbu Bəkr:“ Anan yasına otursun, Ey Xəttabın oğlu! Peyğəmbərin (s.a.v.v.) təyin etdiyini mənim azad etməyimimi istəyirsən?"
"Əl-Kamil fit-tarix", İbni Əsir, cild 6 səh. 195.
Rəsulullahın (s.a.v.v.) qəti əmri olmasına baxmayaraq, ordudakı həmin şəxslər qayıtmışdılar. Hələ sual budur ki, nəyə görə Rəsulullah (s.a.v.v.) öləcəyini bildiyi halda Əlidən (ə) başqa səhabənin böyüklərini Mədinədən çıxartmağa çalışır və buna təkid edir? Onlar da bunu bildikləri üçün geri qayıdır və məşhur "Cüməaxşamı faciəsi" baş verir, elə həmin şəxslər Səqifəni təşkil edirlər. Bu barədə Allahın izni ilə ayrıca məqalələr olacaq.