İmam üçün dua etdi, həyatı dəyişdi

İsfahanda Əbdurrəhman adlı tanınmış bir şiə vardı və İmamlara (ə), xüsusən də İmam Hadiyə (ə) xüsusi məhəbbəti ilə məşhur idi. Bir gün ondan soruşdular ki, şiə olmağının və bu xüsusi məhəbbətinin sirri nədir? O dedi: Şahid olduğum bir hadisəyə görədir. Mən həddən artıq çox kasıb idim və ailəmi saxlaya bilmirdim. Bu səbəbdən İraqa, Samirraya gedən karvana qoşuldum ki, Abbasi xəlifəsini görəm, bəlkə mənə kömək edə və müşküllərim həll ola. Samirraya varid olanda, Mütəvəkkil tərəfə getdik və vəd olunan vaxtı gözləməyə başladıq. Bu əsnada deyildi ki, Əbulhəsən, İmam Hadi (ə) da xəlifə tərəfindən dəvət olunub ki, onun görüşünə gələ. Birdən gördüm ki, İmam Hadi (ə) xəlifə olan yerə tərəf gəlir, bütün insanlar Ona tamaşa etməyə başladı və o Həzrət (ə) aramla insanların arasından ötüb keçirdi. Mənim yanımdan keçəndə, məhəbbət dolu və dərin bir baxışla mənə nəzər saldı. Bu zaman mən yavaşdan Onun mübarək vücudunun salamatçılığı və müvəffəqiyyəti üçün dua etməyə başladım. 

Həzrət (ə) mənim yanımda dayanıb dedi: "Allah sənin duanı qəbul etdi, ömrünü uzatdı, sərvət və malına bərəkət verdi, həmçinin övladlarını da çoxaltdı."

Bunu eşitcək bədənim titrədi və dostlarımın hər biri məni belə görüb dedi: "Nə oldu? Niyə bu haldasan?" - Dedim:"Qorxmayın, heç nə olmayıb, inşallah ki, xeyirdir."

Öz müşküllərimi də heç kimə demədim və İsfahana qayıtdım. Allah öz rəhmət və bərəkət qapılarını üzümə açdı: Rahatlıq və rifaha qovuşdum, sərvətim çoxaldı. Hal-hazırda 10 övladım var və yaşım da yetmişdən çoxdur. Bu səbəbdən Əhli-Beytə və İmam Hadiyə (ə) xüsusi məhəbbətim vardır." Mənbə: Biharul-ənvar, cild 50 səh. 141.

Bəli, o şəxs heç İmam Hadini (ə) imam kimi tanımadığı halda sadəcə dua edir və cavab olaraq İmam Hadi (ə) da onu dua edir və bütün problemləri artıqlaması ilə həll olur. Necə ola bilər ki, biz İmam Məhdiyə (ə) iman gətirək və Onun mübarək vücudunun salamatçılığı, zühurunun tezləşməsi üçün dua edək, O isə bizi dua etməsin? Biz Onu dua etməyi unutsaq da, O heç vaxt bizi unutmaz. Buna görə də o mehriban Atamızı hər gün yada salaq və öz istəklərimizi başqalarına yox, Zəmanə İmamımıza (ə) deyək. Çünki Allah yanında İmamdan (ə) daha üstün bəndə yoxdur və İmamın (ə) bizim haqqımızda etdiyi dualar mütləq qəbul olar.