Hərra faciəsi

Yezid ibni Müaviyənin törətdiyi cinayətlərdən biri də Hərra faciəsidir.Bu hadisə hicrətin 63-cü ili, Zilhiccə ayının bitməsinə üç gün qalmış baş vermişdi.  Yezidin günah əhli və fasiq olduğunu öyrənən Mədinə camaatı ona qarşı üsyan edir. Qureyşlilərə Abdullah ibni Muti, Ənsara isə Abdullah ibn Hənzələ başçı təyin edilir. Mədinəlilər Yezidin təyin elədiyi vali Osman ibn Muhəmməd Əməvini qovurlar və Əməviləri sürgün etmək istəyirlər. Yezid bundan xəbər tutur və Mədinə camaatının üstünə Muslim ibni Uqbənin başçılığı ilə təqribən 10 000 nəfərlik süvari göndərir. Yezid Muslimə deyir: "Onları itaətə dəvət elə, əgər qəbul etməzlərsə onlarla döyüş və əgər onları məğlub eləsən, Mədinəni üç gün mübah say(yəni nə istəsən elə)." 

Mədinəlilər təslim olmadı və Hərrada baş verən döyüşdə məğlub oldular. 700-ü səhabə olmaqla, ümumilikdə 10 000 nəfər müsəlman öldürüldü. Yezidin əsgərləri üç gün Mədinəni talan etdilər, 1000-ə yaxın qadına təcavüz edildi və bundan qeyri-qanuni uşaqlar dünyaya gəldi. 

("Əl Bidayə vən-Nihayə", cild 8 səh. 356-365)

Rəsulullah (s.a.v.v) buyurmuşdur: "Allah, hər kəs Mədinə əhlinə zülm etsə və qorxutsa, sən də onları qorxut! Və ona Allahın, mələklərin və bütün insanların lənəti olsun! Ondan heç bir vacib və müstəhəb əməl qəbul olunmaz!" 

("Mucəmul-ovsət", Təbərani, cild 4 səh. 53, Albaniyə görə səhihdir. "Silsilə əs-sahiha" cild 1 səh. 620.)

Bütün bu tarixi faktları bilə-bilə, hələ də Yezidə Əmirəl-möminin deyən, ondan gələn hədisləri qəbul edən şəxslər vardır. Halbuki onun fasiq, zalım olmağı barədə heç bir ixtilaf yoxdur. Hətta ona qarşı çıxmağı düzgün hesab etmir, nəuzu billah, İmam Hüseynin (ə) xəta etdiyini deyirlər. Çünki onlara görə fasiq də olsa, hakimiyyətə zülmlə gəlmiş belə olsa, xəlifəyə qarşı çıxmaq olmaz. İmam Hüseyni (ə) bu yanlış əqidə öldürdü. Bəs necə oldu ki, Yezid kimi bir şəxs asanlıqla Peyğəmbərin (s.a.v.v) xəlifəlik məqamında əyləşib İslama rəhbərlik edə bildi? Ağıl sahibləri üçün təkcə bu sual belə haqqı tapmağa kifayətdir.