Ərbəin ziyarəti və İmam Məhdi (ə)

Bu yazını paylaş ki, hər kəs burada yazılanlara əməl etsə, sənə də savab yazılsın.

Ərbəin ziyarəti möminin əlamətlərindən biridir və bu müqəddəs əməlin saysız-hesabsız savabları vardır. Ancaq həmin ziyarətin mahiyyətini başa düşmək və daha çox faydalanmaq üçün aşağıdakı əməlləri də etmək tövsiyə edilir:

1. Bu ziyarəti İmam Məhdinin (ə) tərəfindən yerinə yetir. Yəni niyyət edirsən ki, Ərbəin ziyarətinə İmam Məhdinin (ə) niyabəti ilə gedirsən. 

2. Ziyarətin savabını İmam Məhdiyə (ə) hədiyyə et. İmam (ə) çox kərimdir, hədiyyəni əliboş qaytarmaz. 

3. Öz gününü İmam Məhdiyə (ə) salam verməklə başla. Səhər oyananda ilk danışdığın şəxs İmamın (ə) olsun. 

4. Yatmazdan qabaq da gününü İmama (ə) salam verməklə başa vur. 

5. Hər namazdan qabaq İmam Məhdiyə (ə) təvəssül elə. "Əssəlamu aləykə ya Babəllah" ("Salam olsun Sənə, ey Allahın Qapısı") - de. 

6. Hər addım atanda İmam Zamanın (ə) salamatçılığı və ya zühurunun tezləşməsi niyyəti ilə salavat de. Yaxud da İmam Zamanın (ə) tərəfindən salavat de. 

7. Zəvvarlara İmam Məhdi (ə) barəsində məlumat ver, onları zühur üçün dua etməyə təşviq elə. Onların qəlbində Zəmanə İmamlarının (ə) məhəbbətini yarat. 

8. Zəvvarlara İmam Məhdi (ə) barədə doğru məlumat verən kitabları və saytları tanıt, onların şübhələrinə, suallarına bilirsənsə cavab ver, əks halda da çalış ki öyrənəsən. 

9. O cür davran ki, sənə baxanda İmam Məhdini (ə) xatırlasınlar. Əxlaqlı ol və zəvvarlara, zəvvarlara xidmət edən əhaliyə qarşı mehriban ol. Nədənsə imtina edəndə də gülərüzlə elə. Şərt deyil ki, zərihə əl vurasan, çalış başqalarına daha rahat olsun. 

10. Yoldakı çətinliklərə səbr et, İmam Hüseynin (ə) və ailəsinin müsibətlərini yada sal və bil ki, İmam Məhdi (ə) o çətinlikləri anbaan yaşayır. Onun (ə) dərdinə şərik ol. 

11. İmam Zamanın (ə) tərəfindən, yaxud da Onun (ə) salamatçılığı və ya zühurunun tezləşməyi üçün sədəqə ver, hətta çox az da olsa. 

12. Yolda xidmət edən balaca uşaqlara hədiyyə verib onları sevindir, bu işi İmamının (ə) tərəfindən gör, ya da savabını Ona (ə) hədiyyə elə. 

13. Zəvvarlara xidmət elə, az bir şeylə də olsa onlara ehsan et, savabını İmam Məhdiyə (ə) hədiyyə elə. 

14. Günahlardan çəkin və tövbə elə, bir günahı tərk etməyin İmam Məhdini (ə) daha çox sevindirər. "Əstəğfürullahə və ətubu iləyh" zikrini de və savabını İmam Məhdiyə (ə) hədiyyə et. 

15. Quran və İmam Zaman (ə) Qiyamətə qədər bir-birindən ayrılmazlar. Hər gün az da olsa Quran oxu və Həzrəti Məhdiyə (ə) hədiyyə et. 

16. İmam Zamanın (ə) şəxsən tövsiyyə etdiyi əməllərə diqqət etmək və başqalarına da demək. Aşura ziyarətnaməsi, Camieyi Kəbirə ziyarətnaməsi, Ali-Yasin ziyarətnaməsi, Əhd duası oxu, təkcə bir rükət Vitr namazı ilə də olsa gecə namazı qıl, savabını İmama (ə) hədiyyə et. 

17. Və ən əsası, hər bir halda, sidq ürəkdən o məzlum İmamızın (ə) zühuru üçün dua et. Təkidlə, gözyaşıyla istə, o cür istə ki, susuz insan suyu istəyir, o cür istə ki, sanki elə o andaca duan qəbul olacaq və İmam Zaman (ə) zühur edəcək. Hər şey Allahın əlindədir və əgər zühuru tezləşdirsə, heç kəs Allahı ittiham edə bilməz ki, niyə belə oldu. O istəsə, layiq olmasaq da zühurla boynumuza minnət qoyar. Bizim bütün problemlərimizin həlli zühurdadır! Şəxsi problemlərini unut, Onun (ə) çəkdiyi əziyyətlərin yanında bizim problemlərimiz nədir ki? Allahı İmam Hüseyn (ə) və Həzrəti Zeynəbin (sa) haqqına and ver və zühuru istə, durmadan istə, istə, tək fikrin bu barədə olsun. Birdən özünü və şəxsi problemlərini dua etmək yadından çıxsa necə? Eybi yox, sən o Rəhmət İmamını (ə) dua eləsən, heç mümkündür ki, o mehriban Atamız da səni dua eləməsin? İmamın (ə) da duası mütləq qəbul olar. Əlavə nə üçünsə dua etmək istəsən bunu istə: İmam Məhdi (ə) üçün xidmətçi olmaq! Bütün aləm qurban olsun İmam Məhdiyə (ə), bizə vəzifədir ki, hər bir əməlimizdə Ona (ə) yaxınlaşmağa çalışaq, nəyə baxsaq Onu (ə) xatırlayaq. Canımızla, malımızla, elmimizlə, ailəmizlə o Həzrətin (ə) xidmətində dayanaq, biz layiq olmasaq da, o çox gözəl Ağadır (ə), az və dəyərsiz olan əməllərimizi də qəbul edər. Dünya da istəsən, axirət də istəsən, İmam Zamanın (ə) xidmətindədir.