İncildə İmam Məhdi (ə) və Dəccal barədə

Xristian inancında da dünyanın sonuna yaxın bir xilaskarın gələcəyinə və Yer üzünü ədalətlə dolduracağına dair inam vardır. Eyni zamanda, xristianlar da müsəlmanlar kimi, ona qarşı çıxacaq bir Dəccalın zahir olmağını qəbul edirlər. Onun kimliyi və necəliyi barədə fərqli baxışlar olsa da, bu məsələ hər iki inancda öz yerini tapmışdır. Ancaq rus və ingilisdilli bəzi xristian saytları  İslamın qəbul etdiyi xilaskarı -İmam Məhdini (ə) Dəccal kimi göstərməyə çalışmışdır. Chris White və Joel Richardson hətta buna aid kitab da yazmışlar. Əvvəlcə İncildə AntiXrist (Məsih əleyhdarı) barədə gəlmiş ayələrə nəzər salaq:

Ey uşaqlar, axır zamandır. Siz «Məsih əleyhdarı»nın gələcəyini eşitmisiniz, indi də çoxlu Məsih əleyhdarı meydana çıxıb. Bundan bilirik ki, axır zamandır.  19. Onlar bizim aramızdan çıxdılar, amma bizə məxsus deyildilər. Əgər bizə məxsus olsaydılar, bizimlə qalardılar. Amma qalmadılar ki, heç birinin bizə məxsus olmadığı aşkara çıxsın.  20. Lakin siz Müqəddəs Olandan bir məsh almısınız və hamınız biliklisiniz.  21. Mən sizə həqiqəti bilmədiyiniz üçün deyil, onu bildiyiniz üçün yazdım; siz bunu da bilirsiniz ki, heç bir yalanın həqiqətlə əlaqəsi yoxdur.  22. Bəs yalançı kimdir? İsanın Məsih olduğunu inkar edən şəxs! O, Atanı və Oğulu inkar edən Məsih əleyhdarıdır.  ( 1 Yəhya, 2-ci fəsil)

İsanı iqrar etməyən hər ruhsa Allahdan deyil. Bu, «Məsih əleyhdarı»nın ruhudur ki, bu ruhun gələcəyini eşitmisiniz və indi də artıq dünyadadır. (1 Yəhya, 4-cü fəsil)

Rəbbimiz İsa Məsihin zühuruna və bizim Onunla birlikdə olmaq üçün toplaşmağımıza gəlincə, qardaşlar, sizdən xahiş edirik:  2. qoy «Rəbbin günü çatmışdır» deyə iddia edən hər hansı bir ruh, bir söz yaxud guya bizdən gələn bir məktub sizi tez ağıldan çıxarıb təlaşa salmasın.  3. Heç kim sizi heç bir şəkildə aldatmasın. Çünki əvvəl üsyan qaldırılaraq həlak edilməli qanunsuz adam meydana çıxmayınca o gün gəlməyəcək.  4. O adam, allah adlanan yaxud səcdə edilən hər şeyə qarşı çıxaraq özünü hamıdan üstün tutacaq. Belə ki Allahın məbədində əyləşib özünün Allah olduğunu elan edəcək.  5. Hələ yanınızda olarkən bunları sizə söylədiyim yadınızda deyilmi?  6. Bəli, vaxtı çatanda meydana çıxsın deyə indi o adama nəyin mane olduğunu bilirsiniz.  7. Hələ indi də qanunsuzluğun sirli gücü fəaliyyətdədir. Ancaq hələlik həmin gücə mane olan şəxs aradan qalxanadək belə olacaq.  8. Sonra həmin qanunsuz adam meydana çıxacaq və Rəbb İsa onu ağzından çıxan nəfəsi ilə öldürəcək, Öz zühurunun əzəməti ilə məhv edəcək.  9. Bu qanunsuz adam Şeytanın fəaliyyətinə əsaslanaraq hər cür yalan möcüzə, əlamət və xariqələrlə  10. və həmçinin hər cür haqsızlığın hiyləsi ilə gələcək ki, həqiqəti sevərək xilas olmaq əvəzinə, bunu rədd etdikləri üçün həlak olacaq insanları aldatsın.  11. Buna görə Allah onların üzərinə aldadıcı bir qüvvə göndərir ki, yalana inansınlar.  12. Belə ki həqiqətə inanmayıb haqsızlıq etməkdən zövq alanların hamısı mühakimə olunsun. (2 Saloniklilərə 2-ci fəsil)

Bütün müsəlmanlar bilir ki, İmam Məhdi (ə) İsa (ə) ilə birlikdə zühur edəcək və Yer üzündə hamı Allaha ibadət etsin deyə çalışacaq. Dəccal barədə isə özünü allah elan edəcəyi deyilir və bu əlamətlər Məhdi (ə) - ın əlamətləri ilə uyğun gəlmir.

İncildə İmam Məhdi (ə) və ilahi dövlətin zühuruna işarə edən ayələr isə mövcuddur:

Matta incili

5-ci fəsil

4 Nə bəxtiyardır yaslı olanlar!
Çünki onlar təsəlli tapacaq.
5 Nə bəxtiyardır həlimlər!
Çünki onlar yer üzünü irs alacaq.
6 Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar!
Çünki onlar doyacaq.
7 Nə bəxtiyardır mərhəmətli olanlar!
Çünki onlara mərhəmət ediləcək.

10 Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər!
Çünki Səmavi Padşahlıq onlarındır.

24-cü fəsil

(Qeyd  : Xristianlara görə Bəşər oğlu İsa özüdür,lakin eyni zamanda,nəuzu billəh, Tanrının da oğludur.Bu da onların məntiqə uymayan batil əqidəsidir.Bəşər oğlunun gəliş əlamətləri İmam Məhdinin əlamətləridir.)

27 Çünki şimşək şərqdə çaxıb qərbdə belə, göründüyü kimi Bəşər Oğlunun zühuru da elə olacaq.

30 O zaman Bəşər Oğlunun əlaməti göydə görünəcək. O vaxt yer üzünün bütün tayfaları şivən qoparacaq və Bəşər Oğlunun göyün buludları üzərində qüdrət və böyük izzətlə gəldiyini görəcək.  31 O, mələklərini uca şeypur səsi ilə göndərəcək. Mələklər də göylərin bir ucundan o biri ucuna qədər dörd külək istiqamətindən Onun seçdiklərini toplayacaq.  32 Əncir ağacından ibrət alın: onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, yay fəsli artıq yaxındır.  33 Eləcə siz də bütün bu şeyləri görəndə bilin ki, Bəşər Oğlu yaxındadır, lap qapıdadır.

37 Nuhun günləri necə idisə, Bəşər Oğlunun zühuru da elə olacaq.  38 Daşqından əvvəlki həmin günlərdə, Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib-içir, evlənir, ərə gedirdi.  39 Daşqın gəlib hamısını aparana qədər bixəbər idilər. Bəşər Oğlunun zühuru da belə olacaq.  40 O zaman tarladakı iki nəfərdən biri götürüləcək, o biri isə qalacaq.  41 Dəyirmanda dən üyüdən iki qadından biri götürüləcək, o biri isə qalacaq. …44 Buna görə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək.  45 Vaxtlı-vaxtında onlara yemək vermək üçün ağasının öz nökərləri üzərinə qoyduğu sadiq və ağıllı qul kimdir?  46 Nə bəxtiyardır o qul ki, ağası evinə qayıdanda onu iş başında görür!  47 Sizə doğrusunu deyirəm: ağası bu qula bütün əmlakı üzərində idarəçiliyi tapşıracaq.  48 Amma həmin qul pis olub ürəyində “ağam gec gələcək” deyərsə,  49 öz yoldaşlarını döyməyə və əyyaşlarla yeyib-içməyə başlayarsa,  50 o qulun ağası onun gözləmədiyi gün və ağlına gəlmədiyi vaxt gələcək,  51 ona ağır cəza verəcək və onu ikiüzlülərlə bir yerdə saxlayacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq …

25-ci fəsil

31 Bəşər Oğlu bütün mələklərlə birlikdə izzəti ilə gələn zaman Öz izzətli taxtına oturacaq.  32 Bütün millətlər Onun önündə toplaşacaq, O da qoyunları keçilərdən ayıran bir çoban kimi onları bir-birindən ayıracaq.

Yəqubun məktubu

2-ci fəsil

5 Ey sevimli qardaşlarım, dinləyin: Allah bu dünyada kasıbları imanda zənginləşmək və Onu sevənlərə vəd etdiyi Padşahlığın varisi olmaq üçün seçmədimi?

İbranilərə məktub

8-ci fəsil

11 Bir kəs öz həmvətənini yaxud qardaşını

‹Rəbbi tanı› deyib öyrətməyəcək.

Çünki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq.

Luka

21-ci fəsil

25 Günəşdə, ayda və ulduzlarda əlamətlər görünəcək. Yer üzündə dənizin və dalğaların gurultusundan millətlər çaşqınlıq içində qalıb əzab çəkəcək.  26 İnsanlar qorxudan və dünya üzərinə gələn fəlakətləri gözləməkdən huşunu itirəcək, çünki səma cisimləri lərzəyə gələcək.  27 O zaman onlar Bəşər Oğlunun bulud içində qüdrət və böyük izzətlə gəldiyini görəcək.  28 Bu hadisələr yerinə yetməyə başladıqda başınızı qaldırın və yuxarı baxın, çünki satınalınmanız yaxınlaşır».  29 İsa onlara bir məsəl də çəkdi: «Əncir ağacına və bütün ağaclara baxın:  30 onların yarpaqlandığını görəndə bilirsiniz ki, yay fəsli artıq yaxındır.  31 Eləcə siz də bu şeylərin baş verdiyini görəndə bilin ki, Allahın Padşahlığı yaxınlaşıb … 36 Ona görə də baş verəcək bütün bu fəlakətlərdən qaçıb Bəşər Oğlunun önündə dura bilmək üçün hər an dua edərək ayıq olun».