İblis Allahın, Peyğəmbər (s.a.v.v.)-ın və insanların ən böyük düşmənidir və and içib ki, bütün insanları yoldan çıxaracaqdır.
Ey Adəm övladları! Məgər Mən sizdən əhd almadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir. (Yasin surəsi, 60-cı ayə)
And olsun izzət və cəlalına, bütün insanları azdıracağam (Sad surəsi, 82-ci ayə)
Buradan aydın olur ki, İblis biz insanların açıq-aşkar düşmənidir və and içib ki, hamımızı azdırıb Cəhənnəmlik etsin. Biz ondan əl çəksək də, o bizdən əl çəkən deyil və düşmənimizin bizim üzərimizdə bəzi üstünlükləri vardır ki, onları etiraf etməsək ona qalib gələ bilmərik.
Əvvəla, İblis çox elmlidir. Cinlərdən olmasına baxmayaraq, ibadəti sayəsində uca məqamlar əldə etmişdi. Allahı tanımaqda, dini bilməkdə heç birimiz ondan daha çox məlumatlı deyilik. Adəmdən də öncə yaradılıb və indiyənə qədər çox peyğəmbərlər görüb. Hətta bəzi hədislərimizdə görürük ki, peyğəmbərlərə öz hücum yollarını öyrədir, məlumatını bölüşür. Bəzən də peyğəmbərlərin işinə belə müdaxilə etməkdən çəkinmir.
O isə: “Görürsənmi, biz (həmin yerdə) qayanın yanında gizləndiyimiz zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız Şeytan unutdurdu. (Balıq dirilib) əcaib bir şəkildə dənizə yollanmışdır!” – deyə cavab verdi. (Kəhf surəsi, 63-cü ayə.)
İblis eyni zamanda bizim gözümüzə görünmür, amma qəlbimizdən keçənləri bilir. Bizim elədiyimiz günahlar vasitəsilə vəsvəsələrini daha rahat edir, bədənimizi əhatə edir. Müxtəlif vasitələrdən istifadə edərək bizi tədricən azdırmağa çalışır. Hərəyə uyğun bir metodu vardır. Hər dövrdə də yeni-yeni üsullardan istifadə edir. Bəzisini mal-dövlətlə, bəzisini təkəbbürlə, bəzisini zina ilə, bəzisini şərabla, bəzisini isə ibadətlə(!) yoldan çıxardır.
“Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et. Mallarına və övladlarına ortaq ol, onlara cürbəcür yalan vədlər ver. Şeytan ona uyanlara yalnız yalan vəd verər!” (İsra surəsi , 64-cü ayə)
Bəs bu qədər təcrübəli, elmli, qeyri-adi bacarıqları olan bir düşmənin qarşısında biz nə edə bilərik? Elə bir şəxs vardırmı ki, 1. Allah onun İblis tərəfindən azdırılmayacağına zəmanət versin. 2. İblisdən daha elmli olsun.
Belə bir şəxsi ancaq Allah seçə bilər və adi insanlar bu məsələdə acizdirlər. Biz heç kimin daxilində nələrin olduğunu, imanını, ixlasını ölçə bilmərik, İblisin uzun müddət üçün nəzərdə tutulmuş planlarını qabaqcadan bilib onlara qarşı tədbir görən şəxsi yalnız və yalnız Allah təyin etməlidir. Bəzən bir nəfər İslama xeyir vermək istəyər, düşünər ki, gördüyü iş öz-özlüyündə yaxşı işdir, amma İslama elə bir zərbə vurar ki, əsrlər keçsə də, o yara sağalmaz. Buna nümunə olaraq Siffeyn döyüşünü göstərmək olar. Müaviyə ibn Əbu Sufyanın əmri ilə Quranları nizənin başına keçirdilər və Əli (ə)-ın qoşununda olanlar Qurana qılınc qaldırmaqdan çəkindilər və öz İmamlarına tabe olmadılar. Bu, İblisin ibadətlə aldatmasına bir nümunədir.
Yaxud da bir dəstə şəxs Rəsulullah (s.a.v.v.)-ın bütün müsəlmanları Qiyamətə qədər fitnədən qoruyacaq vəsiyyətini yazmasına mane olur və onlardan biri “Allahın Kitabı bizə kifayətdir!” deyir. Allahın Kitabı çox dəyərlidir, amma təklikdə insanları fitnədən, parçalanmaqdan qorumağa, İblislə mübarizə etməyə yetərli deyil, onu bəyan edən, onunla yanaşı Qiyamətə qədər Ondan ayrılmayacaq biri mütləq lazımdır.