Son zamanlar belə bir şübhə ortaya atırlar ki, guya şiələrə görə Kərbəla həcci əvəz edir və ya şiələr "Kərbəla ziyarəti həccdən üstündür"- deməklə həcci gözdən salırlar. Allahın izni ilə bu şübhənin də cavabını ətraflı şəkildə verəcəyik.
1. Şiələrə görə Həcc Allahın vacib etdiyi ibadətdir və onu heç nə əvəz edə bilməz. Bir insan istəyir 100 dəfə Kərbəlaya getsin, əgər boynunda vacib həcc varsa, bu onun boynundan götürülməz.
"Hər kim həcci yerinə yetirmədən ölsə, - maddi çətinliyindən və ya xəstəliyindən dolayı maneəsi olmasa yaxud hökmdarın qadağası olmasa - yəhudi və ya xristian kimi ölmüşdür." "Üsuli-Kafi", Kuleyni (ra), cild 4 səh. 268.
2. Həcc vacib əməl olsa da, Kəbə hər şeydən üstündür anlamına gəlmir. Bəzi nişanələrə Allah xüsusi dəyər verir və Quranda vurğulayır. Məsələn, Kəbənin yanında İbrahim (ə) məqamı. Orada İbrahim (ə)-ın ayaq izi vardır və Allah Quranda iki yerdə o məqamı xatırladır.
"İbrahimin dayandığı yeri namazgah edin!" (Bəqərə surəsi, 125-ci ayə).
"Orada aydın nişanələr – İbrahimin məqamı vardır" (Ali İmran surəsi, 97-ci ayə).
İndi sual budur ki, İbrahim (ə)-ın ayağının izi daha üstündür, yoxsa İbrahim (ə)-ın özü? Əlbəttə ki, İbrahim (ə).
"İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan yollanan hər çür arıq dəvələr üstündə (süvari olaraq) gəlsinlər." (Həcc surəsi, 27-ci ayə). Diqqət etsəniz, Allah İbrahim (ə)-a deyir "sənin yanına", demir Kəbəyə.
Eləcə də Rəsulullah (s.a.v.v.) də Kəbədən üstündür.
3. Nəinki Rəsulullah (s.a.v.v.), hətta mömin belə Kəbədən üstündür. “İman gətirib yaxşı əməllər edənlər yaradılmışların ən yaxşılarıdır”. (Bəyyinə surəsi, 7-ci ayə). Möminin Kəbədən də əzəmətli olması barədə əhli-sünnət kitablarında da kifayət qədər dəlil vardır:
Rəsulullah (s.a.v.v.) buyurdu: Salam olsun bu evə! Sən Allah yanında nə qədər dəyərlisən! Allah yanında sənin hörmətin nə qədər ucadır! Amma Allaha and olsun ki, möminin hörməti səndən daha artıqdır. Çünki Allah səndən ötrü bir hərəm (qadağan) təyin edib. Amma mömindən ötrü üçqat haram müəyyən edib: onun həm malı, həm qanı, həm də barəsində sui-zənn etmək (pis niyyətdə olmaq) haramdır“
"Şuabul iman", Beyhəqi, cild 5 səh. 296, " Silsilə əhadis əs-səhihə ", Albani, nömrə 3420.
4. Əhli-Sünnət alimlərinin icmasına görə, Rəsulullah (s.a.v.v.)-in dəfn olunduğu yer Kəbədən üstündür.
"Və heç bir ixtilaf yoxdur ki, Onun (s.a.v.v.)-in qəbri, yerdə qalan bütün məkanlardan üstündür." "Əş-Şifa", Qazi İyad, cild 2 səh. 91.
"Alimlər və mühəddislər arasında heç bir ixtilaf yoxdur ki, Peyğəmbər (s.a.v.v.)-in cisminin olduğu qəbri şərifi bütün yerlərdən əfzəldir, hətta İmam Səbki dediyi kimi, səmalar, Ərş və Kəbədən də üstündür, Rəsulullah (s.a.v.v.)-in vücudunun dəyəri və ucalığına görə." "Nəsimur-riyad", Xəfaci, cild 5 səh. 121.
"Məkkə Mədinədən üstündür, Onun (s.a.v.v.)-in əzalarının olduğu hissədən başqa, beləliklə o hissə ən fəzilətlidir, hətta Kəbə, Ərş və Kürsidən də." "Durrul-Muxtar", Həskəfi Hənəfi, səh. 175.
"İcmaya görə Onun (s.a.v.v.)-in şərafətli əzaları olan yer bütün başqa məkanlardan, hətta Kəbədən də əfzəldir" "Sirətul-Hələbiyyə", Hələbi, cild 3, səh. 490.
5. Əgər Rəsulullah (s.a.v.v.)-in bədəninin bir hissəsi haradasa dəfn edilsəydi, ora da ziyarət olunardı? Bəli, Allah İbrahim (ə)-ın ayaq izinə belə dəyər verirsə, Rəsulunun da bədəninə dəyər verir. Bəs Hüseyn (ə)? Bu barədə olan məşhur bir hədisə nəzər salaq:
"Rəsulullah (s.a.v.v.): Hüseyn məndəndir, mən də Hüseyndənəm". "Camius-sahih Sunən", Tirmizi, hədis 3775
Hüseyn (ə) Rəsululllah (s.a.v.v.)-in tək cismindən yox, ruhundan da bir parçadır. Ona görə də rahatlıqla deyə bilərik ki, Hüseyn (ə) həm Özü Kəbədən üstündür, həm də Onun ziyarəti elə Rəsulullah (s.a.v.v.)-in ziyarəti kimidir.
6. Aydın məsələdir ki, İmam Hüseyn (ə)-ın ziyarətinin savabı Həcc ziyarətinin savabından üstündür. Sünni kitablarında Həcc savabından üstün olan əməllər qeyd olunmuşdur.
"Rəsulullah (s.a.v.v.) dedi: "Hər kəs sübh namazını camaatla qılsa, daha sonra oturub Allahı gün çıxana qədər zikr etsə, sonra da iki rükət namaz qılsa, ona Həcc və Ümrənin savabı verilər, tam şəkildə, tam şəkildə, tam şəkildə!" "Səhih camius-səğir", Albani, səh. 1086.
Bu hədisə əsasən bir il bu cür davam edən şəxs 365 Həcc və Ümrənin savabını rahatlıqla qazana bilər, məgər bu Həccin vacibliyini aradan qaldırır?
7. İmam Hüseyn (ə) Allah yolunda hər şeyindən keçdi və buna görə də Allahın Onun ziyarətinə bir neçə Həcc savabı verməsi Allah üçün heç də çətin deyil. İmam Hüseyn (ə) üçün dünya da dağılsa yeri var. Təəccüblü gəlir? Elə isə bu hədisə baxın.
"Allah yanında dünyanın yox olması, mömin bir şəxsin öldürülməsindən daha yaxşıdır." "Camius Sahih Sunən", Tirmizi, Diyə, 7.