İmam Hüseyn (ə) üçün matəm saxlamağın faydaları

İmam Hüseyn (ə) müsibəti onsuz da eşidən hər kəsi qəmləndirən və hissləri oyandıran bir müsibətdir, sırf faydası və ya savabı var deyə əzadarlıq edilmir. İnsan olan hər bir şəxs özünü o dəhşətli hadisələrin içində hiss edərək sanki özü o əziyyətləri yaşayır və içindən keçir ki, həmin an orada olub Peyğəmbər (s.a.v.v) ailəsinə kömək etsin. Bütün bunlar istər-istəməz insanı dərin hüznə qərq edir və o hadisələr barədə düşünməyə vadar edir. 

Ancaq əzadarlıq barədə xüsusi savab və faydalar da vardır. Məsumlar (ə) həm hədislər vasitəsilə, həm də praktiki şəkildə insanları əzadarlığa təşviq etmişlər. İmam Hüseyn (ə) üçün əzadarlıq bir sünnədir və bu barədə daha əvvəl ətraflı bu məqalədə oxuya bilərsiniz. Niyə İmam Hüseyn (ə) üçün matəm saxlayırıq?

Əzadarlığın bəzi aşağıdakı faydaları vardır:

 1. Bu iş Allahı razı salır. Çünki insan öz yaxınları üçün matəm saxlayır, ancaq Qurana görə Rəsulullah (s.a.v.v) bizə özümüzdən də yaxındır və üstündür. 

Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. (Əhzab, 6). Ona görə də Rəsulullah (s.a.v.v) - in sevinci bizim sevincimiz, qəmi də bizim qəmimiz olmalıdır. Həmçinin, Rəsulullah (s.a.v.v) möminlər üçün nümunədir (Əhzab, 21) Onun sünnəsinə əməl etməklə Allahı da razı salmış oluruq. 

2. Dinizimizin vaciblərindən biri də təvəlla və təbərradır: Allaha görə dostluq etmək və Allaha görə düşmənçilik etmək. Əzadarlıq etməklə biz öz tərəfimizi müəyyən edirik. 

3. Əzadarlıq edərək bu hadisənin baş vermə səbəbləri barədə təfəkkür edirik. Necə oldu ki, Rəsulullah (s.a.v.v) - dən cəmi 50 il sonra Onun yerində Yezid kimi biri əyləşir və nəvəsini də amansızca qətlə yetirirlər? Bütün bunlar haqqı axtaranlar üçün yol göstərən açıq-aydın işarələrdir. 

4. İslamda mühüm hadisələri təhrif etmiş sistem İmam Hüseyn (ə) - ın ölümü barədə də zaman keçdikcə yalan məlumatlar yaya bilərdi. Bu əzadarlıqlar o hadisənin unudulmasına və təhrif olunmasına qarşı ən yaxşı vasitədir. Fatimə (sa) - nın şəhadəti üçün bu qədər geniş əzadarlıq edilmədi deyə ümmət o hadisələri unutdu. Eyni səhvi İmam Hüseyn (ə) barədə etsəydik o da unudulardı. 

5. Əzadarlıq müsəlmanları bir məqsəd uğruna cəmləməyi bacarır, insanlar öz problemlərini unudur və daha yüksək dəyərlər üçün qəmlənir. Bir insanın böyüklüyü onun dərdinin böyüklüyü ilə ölçülür. Əgər bir insanın dərdi ancaq özü, maddi problemləridirsə, onun ruhunun əzəməti də elə o qədərdir.

6. İmam Hüseyn (ə)-ın hansı dəyərlərə görə o müsibətlərə düçar olduğunu anlayan şəxs o dəyərlərə daha çox önəm verər. Məsələn, görəndə ki, İmam Hüseyn (ə) və səhabələri Aşura gecəsi sübhə qədər ibadət edir, Quran oxuyur, oxların altında belə namazı vaxtında qılır, Zeynəb (sa) o qədər müsibətdən sonra gecə namazını oturan halda belə tərk eləmir, mümkün deyil ki, insan namaza və Qurana biganə yanaşsın. 

7. İmam Hüseyn (ə) üçün əzadarlıq məclislərində insanlar nələrdənsə keçməli olur. Hərə öz bacardığı səviyyədə fədakarlıq edir. Kimi öz malı ilə, kimi xidməti ilə, kimi də sadəcə öz iştirakı ilə İmam Hüseyn (ə) üçün fədakarlığını sübut etmiş olur. İnsan üçün onun ömründən dəyərli bir şey yoxdur, onun da müəyyən hissəsini İmam Hüseyn (ə) yolunda sərf etməklə bu yolun ona daha dəyərli olmasını əməli şəkildə göstərir. 

8. Əzadarlıq mərasimlərində insan özünü sındırır, təkəbbüründən əsər-əlamət qalmır, varlı-kasıb hamı ümumi məqsəd üçün çalışır. Çox əzəmətli, izzətli şəxslər özünü bu mərasimlərdə xidmət etməklə sındırır və həqiqi izzətin bu qapıda olduğunu başa düşür. İmam Hüseyn (ə) - ın əzadarı özü yüksək bir statusdur və hər kəsə nəsib olmaz, ona görə də onlara ehtiram etmək elə Əhli-Beyt (ə) - a ehtiram etməkdir. 

9. Bu məclislərdə ağlamaq, qəlbin yumşalması insanı dəyişə bilir və çox günahkar şəxslər bu məclislərin bərəkəti ilə dəyişib haqq yola qədəm qoyublar. İmam Hüseyn (ə) hidayət çırağı və nicat gəmisidir, Allahın izni ilə ən ümidsiz şəxsləri belə hidayət etməyə qadirdir.

10. Hədislərə görə bu məclislərdə ağlamaq günahların bağışlanmasına səbəb olar, bu Allah üçün qətiyyən çətin deyil. İmam Hüseyn (ə)-ın fədakarlığı müqabilində Allah dünyada da, axirətdə də Onun əzadarları üçün xüsusi inayətlər qərar verib. 

11. İmam Hüseyn (ə) - ın matəm məclislərində dualar qəbul olar, müşküllər həll olar. İnsan bu müsibətə ağlayarkən ən səmimi halındadır və bayaq da qeyd etdiyimiz kimi, təkəbbürünü də sındırmışdır. Qəlbi sınıq vəziyyətdə edilən dua isə daha tez qəbul olunar. Bir çox şəxslər əzadarlıq məclislərində iştirakla, orada xidmət etməklə öz müşküllərinə çarə tapıblar, Əhli-beyt (ə) heç kimə borclu qalmaz. Hacətlərin rəva olması üçün edilən nəzrlərdən ən təsirliləri də elə Əhli-Beyt (ə) üçün edilən xidmətdir. Hacəti olan şəxslər İmam Hüseyn (ə) üçün əzadarlıq məclisləri təşkil edərək öz hacətlərinə çatıblar. 

12. Bütün bu faydalardan başqa, ən əsas faydası Zəmanə İmamımız (ə) ilə həmahəng olmaqdır. İmamımız (ə) qəmgin olan halda bizim şad olmağımız rəva deyil. Bu müsibətləri eşidərək başa düşürük ki, İmam Məhdi (ə) nə qədər əziyyət çəkir, çünki O bu müsibətləri min ildən də çoxdur ki görür. Cəddi İmam Hüseyn (ə) - ın qisasını ala bilmədiyi üçün ürəyi parçalanır. Belə olan halda Onun həqiqi sevənləri İmam Zaman (ə) - ın salamatçılığı üçün dua edir, sədəqə verir və Onun bu halına yanırlar. Duaların qəbul olunduğu bu məclislərdə zühur üçün səmimi dualar edilir və fərəcin yetişməsi sürətlənir. Allahı İmam Hüseyn (ə) - ın haqqına and verərək istəyirik ki, zühur ilə Mövlamızın dərdlərinə son qoysun və bizləri də İmam Hüseyn (ə) - ın qisasını alanlardan qərar versin.