Bəzən şiələrə sual verirlər ki, əgər Əli (ə) və bəzi səhabələr arasında düşmənçilik var idisə, nəyə görə öz övladlarına onların adlarını qoyurdu? Allahın izni ilə bu yazımızda həmin şübhəyə cavab verəcəyik və sonda Əli(ə)-ın onlara qarşı münasibətinin necə olduğunu sübut edəcəyik:
1. Nəzərə alsaq ki, səhabələrin əksəriyyəti Əli (ə) ilə düşmən idi, gərək onda indiyədək qoyulmamış adlar seçərdilər.
"Amma Əli haqqında bu cür olmamışdır. Ona görə ki, səhabələrin və tabeinlərin çoxu onu düşmən tutmuş, ona söymüş və onunla döyüşmüşlər."
("Minhacus-sunnə", İbni Teymiyyə, cild 7 səh. 137-138)
2. Əbu Bəkr: Əvvəla, Əbu Bəkr künyədir və Əbu Bəkr ibni Əbu Quhafənin adı barədə ixtilaflar var (Əbdül-Kəbə, Ətiq, Abdullah və s.) Əli (ə)-ən oğlunun künyəsi Əbu Bəkr idi, adı isə Abdullah olub. Künyəni atanın seçməyi şərt deyil, yaşadığı zaman baş verən hadisələrə uyğun olaraq verilir. Sünni mənbələrində onun barədə deyilir:
Abdullah ibni Əli 25 yaşında Kərbəlada şəhid oldu.
"Məqatilut-talibin", Əbul-fərəc İsfəhani, cild 1 səh. 22.
3. Ömər: Bu adı sünni mənbələrinə görə Ömər ibni Xəttab elə özü Əli (ə)-ın oğluna verib.
"Ömər ibni Xəttab Ömər ibni Əlini öz adı ilə adlandırdı."
"Ənsabul-əşraf", Bəlazəri, cild 1 səh. 297.
"Ömərin zamanında dünyaya gəldi və Ömər ona öz adını qoydu"
"Siyər əlam ən-Nubəla", Zəhəbi, cild 4 səh. 134.
Tarixdə Ömər ibni Xəttab bir neçə nəfərin adını dəyişdirib:
İbrahim ibni Harisin adını dəyişib Əbdurrəhman qoyub
"Əl-İsabə", ibni Həcər Əsqəlani, cild 5 səh. 29.
Əl-Əcdəə ibni Malikin adını da Əbdurrəhman qoyub:
"əl-İsabə", ibni Həcər Əsqəlani, cild 1 səh. 186.
Eyni zamanda, Ömər adında 21 səhabə olub.
"Əl-İsabə", ibni Həcər Əsqəlani, cild 4, səh. 587-597.
3. Osman: Əli (ə) öz övladını yaxın dostu Osman ibni Məzunun şərəfinə belə adlandırıb, Osman ibni Əfvanın yox.
"Həqiqətən mən onun adını qardaşım Osman ibni Məzunun adı ilə adlandırdım"
"Məqatilut-talibin", Əbul-Fərəc İsfəhani, cild 1 səh. 23.
Həm nəyə əsasən deyirlər ki, məhz üçüncü xəlifəyə görə adını Osman qoyub, bir halda ki, Osman adında 26 səhabə olub? İbni Həcər öz kitabında hamısı barədə geniş məlumat verib.
"Əl-İsabə", ibni Həcər Əsqəlani, cild 4 səh. 447-463.
4. Bu adlar ümumi istifadə üçün açıqdır və heç kəsin inhisarında deyildir, İmamlar (ə) və şiələri də heç vaxt adla düşmənçilik etməyiblər. Hətta Yezid adında şiələr də var idi. İmam Səccad (ə)-in səhabəsi Yezid ibni Hatəm, İmam Baqir (ə)-ın səhabələri Yezid ibni Əbdulməlik, Yezid Kənasi, Yezid Saiğ və s.
5. İmamlar (ə) ən qatı düşmənlərin belə adlarını övladlarına qoymaqdan çəkinməyiblər. Məsələn, Əli (ə)-ın qatilinin adı Əbdurrəhman ibni Mülcəmdir. İmam Həsən (ə)-ın, İmam Səccad (ə)-ın, İmam Kazim (ə)-ın Əbdurrəhman adında övladı olub. Və yaxud da İmam Həsən (ə)-ın övladlarından birinin adı Əmr idi, Əmr bini Əbdəvidin adına görə qoymuşdu ya Əmr ibni Hişamın? Birincisi Əli (ə) ilə döyüşmüş yəhudi kafir idi, ikincisi isə Peyğəmbər (s.a.v.v.)-in ən qatı düşməni Əbu Cəhl olub.
Nəticə olaraq isə, Əli (ə)-ın Əbu Bəkrə və Ömərə münasibətinin necə olmasını elə Ömərin öz dilindən eşidək. Əli (ə) və əmisi Abbas Ömərin yanına gəlib ondan miras tələb edəndə Ömər belə cavab verir:
"Ömər dedi: “Rəsulullah (s) vəfat etdikdə Əbu Bəkr dedi: “Mən Rəsulullahın vəlisiyəm. Sən qardaşın oğlunun mirasını, bu isə atasından arvadına düşəcək mirası tələb etmək üçün gəlmisiniz. Əbu Bəkr dedi: “Rəsulullah (s) buyurub: “Biz miras qoymuruq. Özümüzdən sonra qoyduqlarımız sədəqədir”. Siz onu yalançı, günahkar, vəfasız və xain hesab etdiniz. Allah bilir ki, o, doğru danışan, mehriban, düz yolda olan və haqqa tabe olan idi. Sonra Əbu Bəkr vəfat etdi. Mən Rəsulullahın (s) və Əbu Bəkrin vəlisi oldum. Siz məni də yalançı, günahkar, vəfasız və xain hesab etdiniz. Allah bilir ki, mən doğru danışan, mehriban, düz yolda olan və haqqa tabe olanam”.
"Səhih", Müslim, Kitabul-Cihad vəssiyər, babu hukmil-fey, hədis 1757