Niyə xəyanət etdilər?

Qədir Xum hadisəsi haqqında ən çox soruşulan suallardan biri budur: Necə olur ki, Allah tərəfindən belə bir əmr gəlsin və 120 000 səhabə bu hadisəni sonralar inkar edib Əli (ə)-ı tək qoysun? Allahın izni ilə Qurani Kərim və hədislərdən istifadə edərək bu şübhənin cavabını verəcəyik. 

İlk öncə hörmətli oxucularımıza bir sual verək: Heç olubmu ki, hansısa bir şeyin günah olduğuna əmin olasınız, onun haqqında Quran ayələri və hədislər də biləsiniz, amma yenə də o günahı edəsiniz? İnsanın bir həqiqəti bilməyi hələ onu əməldə inkar etməyəcəyi anlamına gəlmir. Necə ki, İblis Allahın varlığına inanırdı, amma bilə-bilə Onun əmrindən çıxdı və onun elminin özünə bir faydası olmadı. 

Qədir Xum hadisəsi də belə oldu.  Rəsulullah (s.a.v.v.) Allahın əmrini yerinə yetirməklə insanlara höccəti çatdırdı, baxmayaraq ki, insanların dindən çıxmağından qorxurdu, amma Allah Ona Maidə, 67 ayəsini nazil etməklə dəstək verdi. Artıq haqq aşkar olduqdan sonra, heç kimin bəhanəsi qalmırdı. Nəticə olaraq, insanlar öz beyətlərini sındırdılar və Qədir Xum hadisəsini görməzdən gəldilər. Bunun aşağıdakı səbəbləri var idi: 

1. Əvvəla, çoxluq heç də haqq demək deyil. Dünyada 7 milyard insan varsa, onun cəmisi 1.5 milyardı müsəlmandır. Bu tarix boyu belə olub ki, haqq tərəfdarları az olub. Qurani Kərim ayələri də bunu təsdiq edir: 

"Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar." (Ənam surəsi, 116-cı ayə)

"Həqiqətən, insanların çoxu fasiqlərdir." (Maidə surəsi, 49-cu ayə)

"Lakin insanların çoxu yalnız küfrü seçdi" (İsra surəsi, 89-cu ayə)

"Onların çoxusu ancaq zənnə tabe olar" (Yunus surəsi, 36-cı ayə)

2. Eləcə də keçmiş qövmlər o qədər möcüzə görmələrinə baxmayaraq peyğəmbərləri inkar etmiş, ixtilafa düşmüş, bəziləri də imandan sonra küfrə düşmüşdülər:

"Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yük-səltmişdir. Biz Məryəm oğlu İsaya açıq-aydın dəlillər verdik və onu müqəddəs Ruh (Cəbrail) ilə qüvvətləndirdik. Əgər Allah istəsəydi, onlardan sonra gələnlər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra bir-biriləri ilə vuruşmazdılar. Lakin onlar ixtilaf etdilər. Onlardan kimisi iman gətirdi, kimisi də inkar etdi. Əgər Allah istəsəydi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edir." (Bəqərə surəsi, 253-cü ayə)

"Biz Musaya otuz gecəlik vədə verdik və buna on (gecə də) əlavə etdik. Beləliklə də Rəbbinin təyin etdiyi vaxt qırx gecə oldu. Musa qardaşı Haruna dedi: “Camaatımın içərisində məni əvəz et, (onları) islah et və fəsad törədənlərin yoluna uyma!” (Əraf surəsi, 142-ci ayə)

"Musanın ardınca qövmü öz zinət əşyalarından böyürən bir buzov heykəli düzəltdilər. Məgər  onlarla danışmadığını, onlara düz yol göstərmədiyini görmürdülərmi?  Ona ilah kimi sitayiş edib zalımlardan oldular." (Əraf surəsi, 148-ci ayə)  "Musa qəzəbli və kədərli halda öz qövmünün yanına qayıtdıqda dedi: “Məndən sonra necə də yaramaz işlər görmüsünüz! Rəbbinizin əmrini qabaqlamaq istədiniz?” (Musa) lövhələri tulladı və qardaşının başından yapışıb özünə tərəf çəkdi. (Harun) dedi: “Ey anamın oğlu! Həqiqətən, camaat məni zəif bilib az qala öldürəcəkdilər. Məni rüsvay etməklə düşmənləri sevindirmə. Məni zalımlara tay tutma”. (Əraf surəsi, 150-ci ayə). 

 

700 000 nəfərlik Bəni-İsrail Musa (ə)-dan gördüyü o qədər möcüzələrdən sonra, həmin o artırılan 10 günün içərisində hamılıqla buzova sitayiş etdi və dindən çıxdı. Həzrəti Harun (ə) da Əli (ə) kimi ümmətin qarşısında zəif qaldı və məcbur sükut etdi. 

3. Səhabələr birinci dəfə deyildi ki, Peyğəmbər (s.a.v.v.)-in əmrinə qarşı çıxır və itaətsizlik edirdilər. Bu barədə həm Quran ayələri, həm də kifayət qədər səhih hədislər vardır. Hudeybiyyədə qarşı çıxmaq, Uhud döyüşündən qaçmaq, Üsamənin ordusundan qayıtmaq, Peyğəmbər (s.a.v.v.) vəsiyyət üçün kağız-qələm istədikdə gətirməmək və s. 

4. Səhabələrin əksəriyyətində Əli (ə)-a qarşı həsəd və kin var idi. Həsəd ona görə idi ki, gənc yaşında onda olan fəzilətlər heç bir səhabədə yox idi, kin isə ona görə idi ki, Əli (ə) bir çox döyüşdə bəzi səhabələrin atalarını, qardaşlarını və s yaxın qohumlarını öldürmüşdü. Bədr döyüşündə öldürülən 70 müşrikdən 36-sını  Əli (ə) özü tək öldürmüşdü. 

"Və bu Allahın vədidir, doğrudur və məlumdur ki, Allah səhabələrə məhəbbəti bütün müsəlmanların qəlblərində qərar vermişdir. Məxsusən: Xəlifələrə olan məhəbbəti (Allah onlardan razı olsun) və məxsusən ƏbuBəkr və Ömərə olan məhəbbəti onların qəlblərində yerləşdirmişdir. Belə ki, bütün səhabələr və tabeinlər (peyğəmbəri (s.a.v.v.) görməyib səhabələri görənlər) bu iki nəfəri sevmişlər. Və o zaman ən yaxşı dövr idi. Amma Əli haqqında bu cür olmamışdır. Ona görə ki, səhabələrin və tabeinlərin çoxu onu düşmən tutmuş, ona söymüş və onunla döyüşmüşlər." ("Minhacus-sunnə", İbni Teymiyyə, cild 7 səh. 137-138.)

5. Eləcə də Əli (ə)-ın ədalətinə dözə bilmirdilər və özlərinə əziyyət hesab edirdilər. Bu barədə ətraflı Qədir Xum və Yəmən ordusu şübhəsi adlı məqaləmizdə oxuya bilərsiniz. 

6.  Bəzi səhabələr də Əli (ə)-ın tərəfdarının az olduğunu görərək qorxdular və susmağı seçdilər. Əbu Bəkrə beyət etməyənlərə qarşı çox ciddi təzyiqlər var idi və ən minimumu həmin şəxsi danışdırmırdılar, hətta Qədir Xum günündə onlara mövla elan olunmuş Əli(ə) olsa da. 

"Fatimə Əbu Bəkrə acıqlandı və çıxıb getdi, ömrünün sonunadək də onu danışdırmadı. Fatimə Peyğəmbər (s.a.v.v.)-dən sonra altı ay yaşadı və vəfat edəndə Əli Əbu Bəkrə xəbər vermədən gecə ikən cənazə namazı qıldı və dəfn etdi. Əlinin Fatimə həyatda ikən insanlar arasında etibarı (hörməti) var idi. Ancaq Fatimə - rizvanullahi əleyha - vəfat etdikdən sonra insanların Əliyə münasibəti dəyişdi. Buna görə də o, Əbu Bəkrlə uzlaşma yolunu seçdi və ona beyət etdi. O bir neçə aylıq müddət ərzində isə beyət etməmişdi. Əli Əbu Bəkrə xəbər göndərərək: "Bizə gəl", - Ömərin iştirakını xoşlamadığı üçün də - "lakin yanında heç kəsi gətirmə." - dedi."

"Səhih", Buxari,  Məğazi kitabı, Xeybər ğəzvəsi babı, h.3998

7. Əli (ə)-ı sevmək və ona düşmən olmamaq barədə hədisləri bilə-bilə Ona qarşı müharibə edən, Onu haqq bilməyən şəxslərin Qədir Xumdakı beyətlərini inkar etmələri heç də təəccüblü olmamalıdır. Məgər Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində iştirak edən səhabələr bilmirdilər ki, Rəsulullah (s.a.v.v.) kimin mövlasıdırsa, Əli (ə) da onun mövlasıdır? Əli (ə) özü də dəfələrlə Qədir Xum hadisəsini yada salmışdı

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, bu qədər insanın Əli (ə)-ı inkar etmələri və beyətlərini sındırmaları tamamilə realdır. Önəmli olan haqqı tanımaqdır, sayı nə qədər az olsa da, haqq əvvəl-axır öz yerini tapacaqdır.