Qədir Xum hadisəsini inkar etməyə bir bəhanə tapa bilməyənlər bütün mümkün vasitələrdən istifadə edərək onun əsl mahiyyətini təhrif etməyə çalışırlar. Bunlardan biri də Rəsulullah (s.a.v.v.)-in "Mən hər kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır" hədisində "movla" kəlməsini "dost", "köməkçi" kimi mənalandırmaqlarıdır. Guya Qədir Xum hədisində əsl məqsəd insanları Əli (ə)-ı sevməyə təşviq etməkdir. Düzdür ki, mövla kəlməsinin ərəbcə bir çox mənaları vardır, amma Qədir Xum günü sırf hansı mənada işləndiyini başa düşmək üçün aşağıdakı dəlillər kifayətdir:
1. Rəsulullah (s.a.v.v.) bu hadisədən öncə də dəfələrlə Əli (ə)-ı sevməyi öz hədislərində bildirmişdir və orada açıq-aşkar "hubb" kəlməsindən istifadə edilib, "movla" , "vəlayət" kəlmələrindən yox. Yəni ümmət artıq bilirdi ki, Əli (ə)-ı sevmək lazımdır, çünki Əhli-Beyt (ə)-ı sevmək barədə Məvəddət ayəsi nazil olmuşdu. Möminlərin bir-birinin vəlisi və qardaşı olması haqqında da kifayət qədər ayə vardır. (Tövbə, 71, Hucurat, 10). Eyni zamanda, Əli (ə)-ı sevmək barədə ayrıca hədislər də gəlmişdir:
Əli(ə) dedi: And olsun toxumu yaran və canı yaradan Allaha ki, ummi olan Peyğəmbər (s.a.v.v) mənə söz vermişdir ki:"Məni yalnız mömin sevəcək və mənə yalnız münafiq düşmənçilik edəcək"
"Səhih Muslim", İman kitabı, 33-cü bab,cild 1,səh 87,hədis 78
Hətta bu hədislər olmasaydı belə, insanlar əməli şəkildə Rəsulullahın (s.a.v.v.) Əli (ə)ı sevdiyini görür, özləri də Onun fəzilətləri və İslama xidmətlərinin canlı şahidi olurdular. Yəni normal insani dəyərlərə malik şəxsin Əli (ə)-ı sevməməyi qeyri-mümkündür, o ki qaldı, müsəlmanlar ola. Bunu vurğulamaq üçün Qədir Xum kimi xüsusi bir hadisəyə ehtiyac yox idi.
2. Rəsulullah (s.a.v.v) bu sözləri deməzdən öncə insanların üzərində olan vilayətini yada salır. Əhzab surəsi, 6-cı ayəni xatırladaraq: "Mən sizlərə özünüzdən daha övla deyiləmmi? - deyir. İnsanlar isə bunu təsdiqləyirlər. (" Müsnəd",Əhməd cild 4 səh. 281, hədis 18011, Sunən, İbni Macə, cild 1 hədis 42). Deməli, Peyğəmbər (s.a.v.v) insanların nə mənada mövlasıdırsa, Əli (ə) da o mənada mövlasıdır.
3. Ömər ibni Xəttab Qədir Xum günü Əli (ə) - ı təbrik edir:"mənim və bütün mömin və möminələrin mövlası oldun" - deyir. (Musnəd, Əhməd, cild səh. 281, hədis 18502, bu hədisin bütün raviləri ya Səhih-Buxari ya da Səhih Muslimin raviləridir ki, bu da hədisin səhih olmağı üçün kifayətdir). Burada "mövla" dedikdə dost mənası nəzərdə tutursa, daha əvvəl özünə dost hesab etmirdi? Buna görə niyə təbrik eləsin ki?
4. Səhih Muslim, cild 5 səh 152-də 4468-ci hədisdə Ömər ibn Xəttab nəql edir: Peyğəmbər (s.a.v.v.) vəfat edəndə Əbu Bəkr dedi: Mən Rəsulullahın (s.a.v.v.) vəlisiyəm. Sonra Əbu Bəkr vəfat etdi və mən Rəsulullah (s.a.v.v.) və Əbu Bəkrin vəlisiyəm. Burada Ömər vəli dedikdə dostluğu, məhəbbəti nəzərdə tutur? (Bəzi hədislərdə Qədir Xum hədisində elə "vəli" kəlməsi də işlənib. "Mən kuntu vəliyyuhu fəƏliyyu vəliyyuh."- Mən kimin vəlisiyəmsə, Əli (ə) də onun vəlisidir. "Musnəd", Əhməd, cild 7 səh. 350, Mustədrək, Hakim, cild 3 səh. 110-da deyir bu hədis Muslimin şərtinə əsasən səhihdir.)
5 Maidə surəsi, 67-ci ayənin Qədir Xum günü, Əli (ə) barədə nazil olması həmin hadisənin nə qədər əhəmiyyətli olmasını göstərir və Allah Rəsulullah (s.a.v.v.)-a Əli (ə)-ı dost kimi tanıtması üçün bu qədər sərt şəkildə əmr etməzdi. Bu elə bir şeydir ki, əgər onu çatdırmasaydı, 23 illik zəhməti boşa çıxacaqdı.
6 Eləcə də Maidə surəsi, 3-cü ayə bu gün barədə nazil olub, dinin kamilləşməyi Qədir Xum günü baş verir və bu mesajla İslam öz hədəfinə çatır.
7. Hətta bütün bu sübutları başa düşmək istəməsələr belə, necə olur ki rəhmət Peyğəmbəri (s.a.v.v.) Həcc kimi ağır ibadətdən qayıtmış 120 000 adamı 3 gün səhrada saxlayır ki, hamı toplansın? Bunların içərisində qadınlar, uşaqlar, qocalar da var idi, səhra da gündüz çox isti, gecələr isə çox soyuq olur və bu qədər əziyyətdən sonra Rəsulullah (s.a.v.v.) qalxıb camaata deyir ki: Məgər mən sizə özünüzdən daha çox ixtiyar sahibi deyiləmmi? Guya camaat bilmirdi ki bunu? Ona görə də təsdiq edirlər bu məsələni. Sonra da Peyğəmbər (s.a.v.v.) deyir ki mən kimə dostamsa, Əli (ə) də onun dostudur? Bu hansı məntiqə sığır? Əgər kimsə bir dəstə adamı çağıra aran rayonlarımızdan birinə, 40 dərəcə istidə 3 gün yox, 3cə saat saxlaya günün altında və axırda da deyə ki sizi ona görə bura çağırmışam ki, filankəs mənim dostumdur. Həmin adama ən yaxşı halda dəli deyərlər, ən pis halda isə oradan salamat çıxa bilməz. Bəs necə olur ki, Nəcm surəsi, 3-4 -cü ayəyə görə özündən bir söz deməyən, nə desə vəhy olan Peyğəmbər (s.a.v.v.) camaata bu qədər adi məsələyə görə əziyyət edir? Haşa, bizim Mövlamız (s.a.v.v.) yaradılmışların ən üstünü və ən əxlaqlısıdır, bu Ona yaraşmaz.