Qədir Xum hadisəsinin səhihliyi və mütəvatir olmasına görə onu inkar edə bilməyənlər hadisənin baş vermə səbəbini təhrif etməyə cəhd etmişlər. Bu barədə sünnilərdə mövcud olan hədislərə əsaslanaraq deyirlər ki, Əli (ə) Yəmənə yürüş edir və qənimətləri bölərkən ordudakılar ondan inciyir və gəlib Peyğəmbər (s.a.v.v.)-ə şikayət edirlər. Rəsulullah (s.a.v.v.) da Qədir Xum günü öz məşhur "Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır" sözünü buna görə deyir. Allahın izni ilə bu yazımızda həmin şübhəyə cavab verəcəyik.
İlk öncə bu şübhəni qeyd etmiş qədim və müasir sünni alimləri barədə araşdıraq:
1. Beyhəqi, "Əl-Etiqad" kitabı səh. 356-da yazır: "Muvalat hədisi səhih olsa belə Əli (ə)-ən Peyğəmbər (s.a.v.v.)-dən sonrakı vilayətinə işarə etmir, onu Yəmənə göndərdiyi zaman çoxlu şikayət və düşmənçilik etdilər və Rəsulullah (s.a.v.v.) də istəyirdi ki, onun məhəbbətini və dostluğunu çatdırsın və düşmənçiliyindən çəkindirsin, dedi: Mən hər kimin vəlisiyəmsə, Əli (ə) də onun vəlisidir."
2. İbni Kəsir, "Əl Bidayə vən-Nihayə" kitabı, 5-ci cild səh. 122-də yazır: "Həzrəti Əli (ə)-ın zəkat dəvələrini istifadə etməyə icazə verməməsi və vəkilinin onlara verdiyi paltarları da geri alması orduda xeyli dedi-qoduya səbəb oldu. Rəsulullah (s.a.v.v.) Vida həccini tamamladıqdan sonra və Mədinəyə dönüş yolunda Qədir Xum adlı yerə çatdı. Orada qalxıb insanlara xitab etdi və Əli (ə)-ın günahsız olduğunu deyib şənini ucaltdı."
3. İbni Həcər Məkki, "Səvaiqul-Muhriqə" kitabı, cild 1 səh. 109-da yazır: "Əli (ə) ilə birlikdə Yəməndə olanlar onun barəsində danışdılar, Rəsulullah (s.a.v.v.) da həccini bitirdikdən sonra onlara xütbə etdi, Bureydə kimi ki, ona dedi: "Ya Bureydə, mən hər möminə özündən daha övla deyiləmmi? Niyə, elə o cürsən, Ya Rəsulullah (s.a.v.v.)- Mən kimin mövlasıyamda, Əli (ə) da onun mövlasıdır." (Qeyd: Bureydə Əsləmi (ra) haqqında bu hədis iftiradan başqa bir şey deyil. O sonuna qədər Əli (ə)-a sadiq qalmış möminlərdən idi.)
4. Müasir sələfi alimlərindən Nasir ibni Abdullah əl Qəffari, şiələrin əleyhinə yazdığı "Üsul məzhəb əş-şiə", cild 2 səh. 843-də yazır: "Əli (ə) ilə Yəməndə olanların şikayətləri çoxaldı, Beyhəqinin dediyi kimi ... (sonra Beyhəqinin dediyi sözləri təkrar edir.)
Şəkk yoxdur ki, bu alimlər öz dedikləri üçün doğru bir dəlilə, elmi əsasa söykənməyiblər, çünki əhli-sünnətin səhih və mötəbər hədislərinə əsasən Əli (ə) Yəmənə bir neçə dəfə gedib və bunun Qədir Xumla bağlılığını sübut edəcək bir tarixi və ya rəvayət cəhətdən sübutu yoxdur.
Birinci dəfə Əli (ə) Yəmənə onları İslama dəvət etmək üçün gedir. Bu barədə sünni mənbələrində bir neçə hədis gəlib:
a) Bureydə (ra) belə demişdir: Rəsulullah (s.a.v.v) Əli (ə) - ı qənimət mallarının beşdə birini almaq üçün Yəmənə, Xalid ibni Vəlidin yanına göndərmişdi. Bu səfərdə mən Əli (ə) - a qəzəblənirdim, çünki Əli (ə) (öz qənimət hissəsinə bir cariyə almış, səhəri də) qüsl etmişdi. Mən Xalidə: Əli (ə) - ni görürsən? - dedim. Rəsulullah (s.a.v.v) - in yanına gəldikdə onun bu hərəkətini dedim. Peyğəmbər (s.a.v.v): Ya Bureydə, Əli (ə) - a qəzəblənirsən? - Bəli-dedim. Rəsulullah (ə): Əli (ə) - a qəzəblənmə, çünki onun qənimət malının beşdə bir hissəsi, aldığı cariyədən çoxdur. ("Səhih", Buxari, Kitabul Məğazi, Əli (ə) və Xalid ibni Vəlidin Vida Həccindən öncə Yəmənə göndərilməsi babı, hədis 4393.)
b) İmran ibn Həsin deyir: “Allahın rəsulu (s) bir dəstəni döyüşə göndərdi və Əlini qoşunun başçısı təyin etdi. O, qələbədən sonra xüms payından bir kənizi özü üçün seçdi. Ordudakılar ona irad tutdu. Onlardan dörd nəfəri əhd bağladılar ki, Peyğəmbərə şikayət etsinlər. Qayıdandan sonra onlardan biri Peyğəmbərə dedi: Ey Allahın rəsulu, Əlinin nə etdiyini bilirsənmi? Peyğəmbər üzünü ondan çevirdi. İkincisi qalxıb həmin sözü dedi. Peyğəmbər ondan da üz döndərdi. Üçüncüsü qalxıb iki nəfərin sözünü təkrar etdi. Peyğəmbər ondan da üz çevirdi. Dördüncüsü qalxıb o üç nəfərin dediyini təkrar etdi. Bu dəfə Peyğəmbər üzünü onlara tutub qəzəbli halda buyurdu: Əlidən nə istəyirsiniz? Əli məndən, mən də ondanam. O, məndən sonra bütün möminlərin vəlisidir.” ("Musənnəf", İbni Əbi Şeybə, cild 7 səh. 504, Hakim Nişapuri "Mustədrək aləs-səhiheyn" kitabı, cild 3 səh. 110-da yazır ki, bu hədis Muslimin şərtinə əsasən səhihdir.)
c) Bərra deyir: "Peyğəmbər (s.a.v.v.) Xalid ibni Vəlidi Yəmənə göndərdi, mən də onunla gedənlərdən idim. Orada altı ay qaldıq. Bu müddət ərzində Xalid onları İslama dəvət edirdi. Ancaq onlar dəvətinə cavab vermədilər. Sonra Rəsulullah (s.a.v.v.) Əli (ə)-ı Yəmənə göndərdi və ona Xalidi Mədinəyə geri göndərməsini əmr etdi. Ancaq Xalidlə orada olanlardan kim istəsə Əli (ə)-ın yanında qala biləcəyini dedi. Mən Əli (ə) ilə qalanlardan oldum. Yəmənlilərə yaxınlaşanda qarşımıza çıxdılar, yanımıza gəldilər. Sonra Əli (ə) irəli keçib bizə namaz qıldırdı. Bizi tək cərgə halında düzdü. Sonra qarşımıza keçib bizə Rəsulullah (s.a.v.v.)-in məktubunu oxudu. Həmdanlıların hamısı müsəlman oldu. Əli (ə) da onların müsəlman olduqlarını bir məktubla Rəsulullah (s.a.v.v)-ə bildirdi. Peyğəmbər (s.a.v.v.) o məktubu oxuyanda (şükür üçün) səcdəyə getmiş, sonra başını qaldırıb demişdi: Həmdana salam olsun! Həmdana salam olsun!" ("Sunənul-Kubra", Beyhəqi, cild 2 səh. 369, "Tarixul-İslam", Zəhəbi, cild 2 səh. 690, Albani bu hədisə səhih deyir: "İrvaəl-ğəlil, cild 2 səh. 229)
Bu hədislər barədə vacib nöqtələr:
1. Əli (ə) - ın Yəmənə ilk səfəri hicrətin səkkizinci ilində, Məkkənin fəthindən sonra baş vermişdir. Məkkə müftisi və sələfi alimi Zeyni Dehlan, Sirətun Nəbəvi 2 ci cild səh. 371.
2. İbni Əbi Şeybə və Təbəraninin rəvayətlərindən də göründüyü kimi, şikayət hadisəsi vida həccindən qabaq Məkkədə yox, Mədinədə baş vermişdir və Qədir Xumla bir əlaqəsi yoxdur.
3. Səhabələr Əli (ə) - ı Rəsulullah (s.a.v.v) - in gözündən salmaq istəyirdilər.
4. Rəsulullah (s.a.v.v) Əli (ə) - dan şikayət edənlərə qəzəblənir
5. Rəsulullah (s.a.v.v) Əli (ə) - ı özündən sonra möminlərin ixtiyar sahibi - vəlisi kimi tanıtdırır.
Hədislərdə deyilən Əli (ə) - ın cariyə ilə evlənməsi isə uydurmadır, çünki Əli (ə) Həzrəti Fatimə (sa) - ın sağlığında Onun ehtiramına görə heç kimlə evlənməmişdi, necə ki Rəsulullah (s.a.v.v) Xədicə (sa) sağlığında heç kimlə evlənməmişdi. Guya Əbu Cəhlin qızı ilə evlənmək istəməsini uydurduqları kimi, bu məsələni də Bəni Üməyyədən olan düşmənlər uydurmuşdular. Həzrəti Fatimə (sa)-nən ehtiramı barəsində sələfi alimi Alusi "Həl-Əta" (İnsan) surəsinin təfsirində Əhli Beyt (ə) barədə olan ayələrdə cənnətin nemətlərinin sadalanması, amma hurilər barədə danışılmamasına işarə edir və deyir ki, bunun səbəbi Rəsulullah (s.a.v.v) -ın gözünün nuru Həzrəti Bətul (sa) - nın hörmətini qorumaq üçündür. (Təfsir, Alusi, cild 29 səh. 158)
Əli (ə) - ın Yəmənə ikinci səfəri qəzavətlə bağlı olur və bu səfərdə ondan heç bir şikayət nəql olunmayıb. Bu barədə gələn hədislərdən birini qeyd edək:
Əli (ə): Rəsulullah (s.a.v.v) məni Yəmənə göndərirdi, dedim: Ya Rəsulullah (s.a.v.v), məni onların arasına göndərirsən, halbuki mən cavanam və təcrübəm yoxdur? - Əli ilə sinəmə vurub dedi: Allah, onun qəlbini hidayət et və dilini möhkəmlət! - Bundan sonra iki nəfər arasında hökm edərkən heç vaxt şəkk etmədim. ("Sunən", İbni Macə, cild 2 səh. 520, Albaninin təhqiqi: səhihdir)
Əli (ə)-ın üçüncü səfəri Vida Həcci vaxtı, sədəqələri yığmaq üçün olmuşdur. Bu məzmunda bir çox hədis gəlmişdir amma onlar arasında bəzi ziddiyyətlər vardır.
d) İbni Rükanə: "Əli (ə) Yəməndən qayıdanda Rəsulullahı (s.a.v.v.) tez görmək üçün öz yerinə ordunun başına adam qoydu. O şəxs də şəhərə yeni paltarlarla girmək üçün Yəməndən gətirilən qənimət və hədiyyə paltarları geyinməyə icazə verdi və Əli (ə) geri qayıdıb onları belə görəndə dedi: Vay olsun sənə! Bu nədir? -O dedi: İstədim ki, camaat içinə çıxanda gözəl görünsünlər. Əli (ə): Vay olsun sənə! Rəsulullah (s.a.v.v.)-a yetişməmişdən qabaq çıxartdır bunları. Onlar da paltarları çıxardıb yerinə qaytardılar. Orduda onlara qarşı edilənə qarşı şikayətlər baş verdi." ("Sirətun-nəbəviyyə", İbni Hişam, cild 4 səh. 1021)
e) Oxşar hədisi İbni Əsir azacıq fərqlə gətirir və şikayətin Məkkədə, Vida Həccində baş verdiyini deyir. (Əl-Kamil fit tarix, cild 2 səh. 301)
f) Əbu Səid Xudri: " İnsanlar Əli (ə)-dan şikayət etdilər, Rəsulullah (s.a.v.v.) ayağa qalxıb bizə xütbə dedi: Ey insanlar, Əli (ə)-dən şikayət etməyin! Allaha and olsun ki, Əli (ə) ilahi haqq yolunda çox sərtdir və ondan şikayətin faydası yoxdur. Sonra Peyğəmbər (s.a.v.v.) həccinə davam etdi və insanlara həccin qaydalarını başa saldı..." ("Sirətun-nəbəviyyə", İbni Hişam, cild 4 səh. 1022, "Musnəd", Əhməd ibni Hənbəl, cild 3 səh. 86-da həcclə bağlı cümlə olmadan, ixtisarla gətirib)
Bu iki hədisdən də göründüyü kimi, şikayət Həcc vaxtı, Məkkədə baş vermişdir.
g) Beyhəqinin rəvayəti: Əbu Səid Xudri dedi: "Rəsulullah (s.a.v.v.) Əli (ə)-ı Yəmənə göndərdi, onunla birlikdə gedənlərdən biri də mən idim. Zəkat dəvələrini aldığımız zaman Əli (ə)-a dedik ki, öz dəvələrimizə istirahət verib zəkat dəvələrinə minək, çünki dəvələrimizi yorğun görürdük. Əli (ə) bu istəyimizi qəbul etmədi və dedi: Digər müsəlmanların bu dəvədə nə qədər haqqı varsa sizin də o qədər haqqınız var, başqa da yoxdur. Əli (ə) işini tamamlayıb Yəməndən qayıdanda başımıza bir adam təyin elədi. Özü təcili gedib həccə çatdı. Həccini tamamladığı zaman Rəsulullah (s.a.v.v.) ona: Yoldaşlarının yanına get ki, onları də gətirəsən. Biz, Əli (ə)-ın öz yerinə təyin etdiyi adamdan da eyni şeyi istədik və o qəbul etdi. Əli (ə) yanımıza qayıtdıqda zəkat dəvələrinin minilmiş olduğunu gördü və onların belində bunun izlərini tapdı. Həmin adamı yanına çağırıb danladı. Mən də:"Əgər Mədinəyə getsəm Allaha söz verirəm ki, bu baş verənləri və Əli (ə)-dan gördüyümüz sərtliyi və təzyiqi Rəsulullah (s.a.v.v.)-a danışacağam."- dedim. Mədinəyə gəldikdə and içdiyim şeyi yerinə yetirmək üçün Rəsulullah (s.a.v.v.)-in yanına getdim. Əbu Bəkrin Rəsulullah (s.a.v.v.)-in yanından çıxdığını gördüm. Əbu Bəkr məni görüncə "xoş gəldin" dedi. Nə vaxt gəldin- dedi. Mən də dünən gəldim dedim. Mənimlə birlikdə qayıdıb içəri girdi və "Səd ibni Malik ibni Şəhid (Əbu Səid Xudri) yanına girmək istəyir"-dedi. Rəsulullah (s.a.v.v.): İzn ver.-dedi. İçəri girib salam verdim və salamımı aldı. Hal-əhval tutdu. Təkrar-təkrar soruşdu. Mən də: Ya Rəsulullah(s.a.v.v.), bir bilsən Əli (ə) bizə qarşı nə qədər kobud, pis və təzyiqlə rəftar etdi! Rəsulullah (s.a.v.v.) ağır davrandı. Mən isə əziyyətləri sıralamağa başladım. Sözlərimin ortasına gəlincə Rəsulullah (s.a.v.v.) ayağıma vurdu, mən yaxınında idim. Mənə belə dedi: Ey Səd ibni Malik ibni Şəhid, sözlərinin bir hissəsini qardaşın Əli (ə) üçün burax, Allaha and olsun ki, Onun Allah yolunda daha sərt olduğunu anladım. Mən də öz-özümə dedim ki: "Anan səni itirsin, ey Səd ibni Malik!" O gündən sonra Əli (ə)-ın xoşuna gəlməyəcək bir davranışda olduğumu düşünmürəm. Allaha and olsun ki, onu nə gizli, nə də aşkar bir pisliklə yad etmədim." ("Dəlailun-nubuvvə", Beyhəqi, cild 5 səh. 398, "Əl Bidayə vən Nihayə", İbni Kəsir, cild 5 səh. 220. Beyhəqi deyir: Nəsainin şərtinə əsasən isnadı yaxşıdır.
h) Əmru ibni Şas deyir: "Əli (ə) ilə Yəmənə getmişdik, yolda mənə bu cür əziyyət elədi. özümdə ona qarşı bəzi şeylər hiss etdim. Qayıdanda məsciddə qarşıma kim çıxdı şikayət edirdim, bu Rəsulullah (s.a.v.v.)-ə çatdı. Məsciddə oturan Rəsulullah (s.a.v.v.) ilə qarşılaşdım, ona baxdığımı görüncə, gözləriylə məni yanına çağırdı. Yanına gedib oturunca mənə belə dedi: "Yetər, ey Əmr! Məni incidirsən." Dedim ki: Sənə əziyyət etməkdən Allaha sığınıram, ya Rəsulullah(s.a.v.v.). - Əli(ə)-ni incidən məni incitmiş olar. ("Musnəd", Əhməd ibni Hənbəl, cild 3 səh. 483, Hakim Nişapuri "Mustədrək aləs-səhiheyn" cild 3 səh. 122-də bu hədisə səhih deyir)
i) Həmçinin Vaqidi "Məğazi" kitabında cild 3 səh. 1079 və cild 2 səh. 1081-də bu mövzuda iki uzun hədis nəql edib ki, ixtisara riayət etmək üçün gətirmirik. Bu hədislər də şikayətin Məkkədə, Vida Həccində baş verdiyini göstərir. Bu hədislərdən həmçinin görünür ki, Yəmənin hamısı İslamı birbaşa qəbul etmir, üçüncü yürüş zamanı Mizhəc qəbiləsi ilə döyüş olur və sonra İslamı qəbul edirlər.
Üçüncü yürüş barədə bəzi mülahizələr:
1. Vaqidi və İbni Əsirə görə üçüncü yürüş hicri onuncu ildə, Vida Həccində olub və Rəsulullah (s.a.v.v.) Məkkədə idi.
2. Əli (ə)-dan kimlər şikayət elədi: İnsanlar, Əli (ə) yol yoldaşları, Ordu, Əbu Səid Xudri, Əmru ibni Şas Əsləmi.
3. Şikayət harada olub? Əbu Səid Xudri və Əmru ibni Şas Əsləmi- Mədinədə, qalanı- Məkkədə.
4. Əgər şikayət Məkkədə olubsa, Həccdən əvvəl olub yoxsa sonra? Əgər əvvəl olubsa, bunun Qədir Xumla heç bir əlaqəsi yoxdur, sonra da olubsa, hədislərə görə elə yerindəcə, Məkkədə Rəsulullah (s.a.v.v.) şikayətə cavab verir və bu Mədinəyə yola çıxmamışdan qabaq baş verir. Əgər şikayət Mədinədə olubsa, bu da Həccdən çox əvvəl baş verib və yenə də Qədir Xumla əlaqəsi yoxdur.
Qədir Xum hadisəsi Allahın əmri idi və Maidə, 67-də əmr edildiyinə görə baş vermişdi. Bunun bəzi insanların şikayət etməsinə görə baş verməsini demək mümkün deyil, çünki Qədir Xumla bağlı heç bir hədisdə camaatın şikayət etməsinə toxunulmur və Peyğəmbər (s.a.v.v.) demir ki, şikayət etməyin. Qədir Xum hədisi həm mətn cəhətdən ən güclü hədisdir, həm də onun məzmunu, mahiyyəti belə primitiv səbəblərdən uzaqdır. Beləliklə, Qədir Xum hadisəsinin Yəmən ordusunun şikayəti ilə heç bir əlaqəsi yoxdur.