Qədir Xum hadisəsi haqqında çox bəhslər edilib, cildlərlə kitablar yazılıb, 1400 ildir ki, müsəlmanlar Qədir Xum hadisəsi barəsində mübahisə edirlər. Bəs Qədir Xum hadisəsi baş verməsə nə olardı? Yaxud da deyə bilərik ki, Qədir Xumdan əvvəl də Əli (ə)-ın imamlığına işarə olunmuşdusa, bəs onda Qədir Xum nəyə lazım idi? Ya da əhli-sünnətin dili ilə desək, Qədir Xumda elə də ciddi bir hadisə olmamışdı və bu baş verməsə də olardı.
Qədir Xum hadisəsi Həzrəti Peyğəmbər (s.a.v.v.) və özündən öncəki peyğəmbərlərin ilahi proqramının bir hissəsi idi. O vaxta qədər min illər boyu insanlara Allah tərəfindən peyğəmbərlər göndərilmişdi. Həzrəti Muhəmməd (s.a.v.v.)-in gəlişi ilə isə yeni bir era başlamışdı və bunu müsəlmanlar da, kitab əhli da yaxşı bilirdilər ki, sonuncu peyğəmbər Odur. Hamı da bilirdi ki, Xatəmul-Ənbiya (s.a.v.v.) bir gün öləcək və təbii olaraq sual yaranırdı ki, bu ilahi proqramı kim davam etdirəcək, insanlar Qiyamətə qədər kimə tabe olmalıdırlar və dinin məsuliyyəti kimin boynundadır. Yəni Peyğəmbərin Allahın əmri ilə özündə sonra birbaşa kimisə imam təyin etməsi gözlənilən və məntiqi bir şey idi, necə ki, Qurani Kərimə əsasən də xəlifə və imamı ancaq Allah seçir. Mümkün deyil ki, 23 il ərzində ya kimsə Peyğəmbər (s.a.v.v.)-dən bu barədə soruşmasın, ya da Peyğəmbər (s.a.v.v.) öləcəyini bildiyi halda ümməti başlı-başına buraxsın və Qiyamətə qədər baş verəcək parçalanmalara, fitnələrə səbəb olsun.
Allahın sünnəsinə də bu uyğun gəlmir, çünki Allah heç vaxt dini rəhbərliyi camaatın öhdəsinə buraxmayıb. Qədir Xumda Allah öz rəhmətini insanlara göstərdi, onlara xilas yolunu tanıtdı. Ümmət isə Qədir Xumu unutdu, indiki vəziyyəti də göz önündədir, sizcə Allahın seçdiyi şəxsin ətrafında birləşsəydilər, bu qədər fitnə və səhvlər baş verərdi? Qədir Xum insanlıq üçün sonuncu şans idi ki, dünya və axirətlərini abad etsinlər, İslamdan kamil şəkildə faydalana bilsinlər. Qədir Xum hadisəsinin əhəmiyyətini başa düşmək üçün, Qədir Xumu unutmağın aqibətini araşdırmaq lazımdır. İslam tarixində imamət məsələsi qədər heç bir şey uğrunda qan tökülməyib. Bu da məsələnin əhəmiyyətini göstərir.
Bütün müsəlmanlara görə ümmətə bir imamın rəhbərlik etməyi vacibdir. Onun necə seçilməyi, hansı şərtlərə malik olmağı barədə ixtilaflar olsa da, insanların bir imama tabe olmaqları barədə ixtilaf yoxdur və bu barədə kifayət qədər Quran ayələri və hədislər vardır. Qədir Xum hadisəsi də Peyğəmbər (s.a.v.v.)-in insanlara imam təyin etməsidir və Qiyamətə qədər yol göstərməsidir. İnsan ölərkən ən mühüm şeyləri deyər, minimum sözlərdən istifadə edib çox böyük mətləbləri çatdırmağa çalışar, hələ üstəlik bu Aləmlərə Rəhmət olan Peyğəmbər (s.a.v.v.) ola! O Peyğəmbər (s.a.v.v.) ki, Quran onu insanların hidayəti üçün həris adlandırır, sizcə hidayət axtarışında olan insanları özbaşına buraxarmı? O Peyğəmbər (s.a.v.v.) ki, Təbük döyüşünə gedəndə belə yerinə xəlifə təyin edir, əbədi səfərə çıxanda ümməti başsız buraxarmı? Halbuki bu dövr daha uzun, düşmənlər də daha amansızdırlar, İblis hər əsrdə İslam üçün yeni hiylələr çıxardır və ancaq Allahın dəstəklədiyi və seçdiyi şəxs İblisin hiylələrindən amanda qalıb ümməti xilas edər bilər.
Digər tərəfdən, nəzərə alsaq ki, Rəsulullah (s.a.v.v.) Qədir Xumdan öncə də Əli (ə)-ın xəlifə və imamlığına işarə etmişdi, Qədir Xum sadəcə ümmət üçün höccəti tamam etmək idi. Heç kimin bəhanəsi qalmayacaqdı. Heç kim deyə bilməzdi ki, bilmədim kimə tabe olum, ona görə günah elədim, fitnəyə düşdüm və s. Qədir Xum günü sanki Allahın Adəmə səcdə əmrini verməsi günü kimi idi. Bu imtahandan çox özünə mömin deyən şəxslər çıxa bilmədi. Necə ki, İblis deyirdi Allaha nə qədər desə səcdə edərəm, təki Adəmə səcdə olmasın, bəziləri Peyğəmbər (s.a.v.v.)-i qəbul etmişdilər amma məsələ Əli (ə) -ın imamlığına çatanda ciddi imtahan olundular. Onlar razı idilər ki, dinin digər bütün hökmlərinə əməl etsinlər, təki bu onlardan istənilməsin. Allah qəlblərdə olanlardan xəbərdardır və necə imtahan edəcəyini də yaxşı bilir.
Bir həqiqət vardır ki, əgər tarixdə Qədir Xum hadisəsi olmasaydı belə, bütün müsəlmanlar arzulayacaqdılar ki, ey kaş Peyğəmbər (s.a.v.v.) ömrünün sonunda elə bir dəlil gətirərdi ki, ümmət arasında ixtilaf olmasın və kimə tabe olacağımızı bilərdik! Məgər indi belə arzu etmirlər? Məgər bizim ağlımıza gələn bu sadə həll yolu, Peyğəmbər (s.a.v.v.)-in ağlına gəlmirdi? Tarix özü sübut etdi ki, hələ Qədir Xum baş verə-verə ümmət nə hallara qaldı, Əhli-Beyt (ə) ilə necə davrandı, görəsən baş verməsə nə edərdilər? Bütün müsəlmanlar qəbul edir ki, Qədir Xumda Əli (ə) vurğulanıb, Peyğəmbər (s.a.v.v.) ümmətə Onu tapşırıb, adını nə qoyursunuz qoyun, amma 120 min nəfərdən ibarət o üç günlük cəm olma başqa heç bir səhabəyə görə olmayıb, amma ümmət nə cür əməl etdi bu vəsiyyətə? Qədir-Xum hadisəsinin nəyə görə lazım olmasına bir səbəb də, sonrakı nəsillər üçün ibrət olmasıdır. Eyni səhvləri təkrar etməmək üçün, eyni fitnələrə düşməmək üçün. Əvvəlki ümmətlərin də azma səbəbi ilahi rəhbərləri inkar etmələri və özbaşına şəxslər seçib onlara tabe olmaları deyildimi? Bəs nə üçün müsəlmanlar da eyni yolla gedib eyni aqibətlə üzləşmək istəyir?
Qədir Xum hadisəsi bizə bir başqa dərs də verir və elə bunun üçün də lazım idi: Haqq saya baxmaz. Haqq, çoxluqla ölçülməz. Dünyada 7 milyard əhali varsa cəmi 1.5 milyardı müsəlmandır. Haqqı axtaran şəxs, başqalarının dediyindən qorxmamalıdır, araşdırmaqdan çəkinməməlidir. Çünki bu ümmətin Qədir Xum hadisəsini inkar etmək səbəblərində biri cahilliyi idisə, digəri də qorxmasıdır. Öz "komfort zonasını" tərk etməkdən qorxan şəxs, özü üçün qurduğu minimum dinlə kifayətlənir və haqqı araşdırmaqdan qaçır. Qədir Xum bizim üçün hidayət güzgüsüdür. O başqa hadisələrə də işıq saçır: Cümə axşamı faciəsi kimi, Səqifə kimi, Aşura kimi və s. Əgər Qədir Xum olmasaydı, bəlkə də bu hadisələrə bəraət qazandırmaq üçün nəsə tapa bilərdilər, amma Qədir Xum bütün bəhanələri kəsir! Qədir Xumu araşdıran şəxs, əgər təəssübkeşlik etməsə və insafla araşdırsa, daha öncə bilmədiyi və üzləşməyə qorxduğu həqiqətlərlə üzləşər. "Camaat nə deyər"-təfəkkürü ilə yaşayanlar üçün deyil Qədir Xum!
Deməli, Qədir Xum hadisəsi insanları hidayət, fitnələrin qarşısını almaq, tarixdən ibrət götürmək, insanların imtahan olunması kimi çox vacib məsələləri özündə ehtiva edir və növbəti məqalələrdə onlarla daha da ətraflı tanış olacaqsınız.