Qədir Xum batini imamətə işarədir?

Qədir Xum hadisəsi o qədər aydın və açıq-aşkar bir həqiqətdir ki, onu inkar etmək mümkün deyil. Buna görə də o hadisənin necəliyini təhrif etməyə çalışır, Əli (ə)-a verilən məqamı məhdudlaşdırmaq istəyirlər. Bəziləri, xüsusən də sufi təriqətlərinə bağlı olanlar Əli (ə)-ı yalnız mənəvi-ruhani lider kimi qəbul edir, onu batini imam adlandırırlar.  Bunu inkar etmək üçün elə Peyğəmbər (s.a.v.v.)-in bu cümləsinə diqqət etmək kifayətdir: 
Mən hər kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır. 
Deməli, iddiaçılar buradakı mövla kəlməsini batini vilayət kimi yozmağa çalışırlar.  Halbuki, Peyğəmbər (s.a.v.v.) insanlara necə imam idisə, Əli (ə) da o cür imam olmalıdır.  Həzrəti Peyğəmbər (s.a.v.v.) həm dini, həm dünyəvi məsələlərdə insanlar üzərində ixtiyar sahibi idi.  Burada heç bir istisna edilməyib ki, Əli (ə) məhz batini imamdır. Eyni zamanda, Əli (ə) dünyəvi məsələlərdə də öz imamlığını göstərirdi, öz elmi, şücaəti, ədaləti və başqa fəzilətləri ilə sübut edirdi ki, insanlar içində elə dünyəvi xəlifəlik məqamına da Ondan layiqlisi yoxdur. 
Hətta ehtimal versək ki, Əli (ə) elə batini mənada movladır,bu o deməkdir ki, o mənəvi, dini liderdir və Peyğəmbər (s.a.v.v.)-in mənəvi, irfani məqamda xəlifəsidir, onda gərək biz bu mənəvi liderdən nümunə götürək və onun izi ilə gedək. Əli (ə) Peyğəmbər (s.a.v.v.)-dən sonra xilafəti qəsb etmiş şəxslərə beyət etmirdisə, onlara qarşı çıxırdısa, ən azından batini vilayətini nəzərə alıb onun dediklərini etmək lazım deyildimi? Ancaq insanlar nəinki Onun izi ilə getdilər, bu işinə görə Ona salam belə vermirdilər, Əli (ə)-a qarşı düşmənçilik edirdilər. Həm batini movla dedikdə nəyi nəzərdə tuturlar, hansı məsələlərdə vilayəti var insanlar üzərində? Quranın təfsiri və təvilindəmi, ibadətlərdəmi? Əgər qəbul etsələr ki, bu məsələlərdə vilayəti vardır, bəs nəyə görə əqidə və şəriət məsələlərini digərlərindən öyrənirlər, ona müraciət etmirlər? Hədislərdə Əli (ə)-ın ibadət məsələlərində hətta xəlifələrlə belə müxalifət etdiyi görsənir, bəs nəyə görə insanlar Əli (ə)-ı mənəvi lider kimi saymırlar? Hələ üstəlik ona qarşı düşmənçilik edir, müharibə edirlər?
Qədir Xumda Əli (ə)-ın həm batini, həm də zahiri vilayətinə sübut olaraq onu da göstərmək olar ki, bəzi insanlar Peyğəmbər (s.a.v.v.)-in bu əmri ilə müxalifət etdilər və açıq-aşkar öz düşmənçiliklərini elə orada göstərdilər.  Çünki onlar başa düşmüşdülər ki, Əli (ə)-ın insanlar üzərində ixtiyar sahibi olmağı təkcə batini və mənəvi deyil, yoxsa buna görə niyə müxalifət etsinlər ki? Oxşar hadisə Yəvmuddar günü də baş vermişdi, buna görə də Həzrəti Əbu Talib (ə)-a deyirdilər ki, qardaşın oğlun səndən istəyir ki, öz oğluna itaət edəsən. 
Bundan başqa, kifayət qədər hədislərdə Əli (ə) öz xəlifəlik haqqını müdafiyə edərkən və sonrakı hadisələrdə də Qədir Xum hadisəsinə işarət edir və dəlil kimi istifadə edir.  Heç kim də bunu inkar edə bilmir və demir ki, sən mənəvi lidersən, sənin xəlifəliklə, vəsiliklə nə işin var? Bütün bunlar gün kimi aydın həqiqətlərdir, sadəcə təəssübdən uzaq olub araşdırmaq lazımdır. İstər dünyəvi, istərsə də dini məsələlərdə müsəlmanlar arasında kifayət qədər ixtilaflar vardır və bunun da yeganə səbəbi odur ki, Allah tərəfindən həm batini, həm də zahiri rəhbərliyə seçilmiş şəxsin ardınca getmədilər.