"İmam" sözü lüğətdə "başçı, öndər" mənasındadır.
Quranda "imam" sözü tək və cəm şəklində 12 dəfə gəlmişdir:
1. Bəqərə surəsi, 124-cü ayə:
Rəbbi İbrahimi (bəzi) kəlimələrlə sınadığı zaman o bunları tamamilə yerinə yetirdi. (Allah:) “Mən səni insanlara imam edəcəyəm!”– dedi. (İbrahim:) “Nəslimdən də (imam et)!”– dedi. (Allah:) “Zalımlar Mənim əhdimə nail olmazlar!”– dedi.
2. İsra surəsi, 71-ci ayə:
O gün bütün insanları öz imamı ilə çağıracağıq.
3. Ənbiya surəsi, 73-cü ayə:
Biz onları əmrimizlə doğru yola gətirən imamlar etdik. Biz onları xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.
4. Furqan surəsi, 74-cü ayə.
Onlar deyərlər: “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!”
5. Yasin surəsi, 12-ci ayə:
Biz hər şeyi hesaba alıb açıq-aydın imamda (Kitabda, lövhi-məhfuzda) təsbit etmişik.
6. Səcdə surəsi, 24-cü ayə:
Səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan əmrimizlə haqq yolu göstərən imamlar təyin etmişdik.
7. Qəsəs surəsi, 41-ci ayə:
Biz onları oda çağıran imamlar etdik. Qiyamət günü onlara kömək edilməyəcəkdir.
8. Tövbə surəsi, 12-ci ayə:
Əgər əhd bağladıqdan sonra andlarını pozsalar və dininizi yamanlayıb təhqir etsələr, (sözlərinin üstündə durmayan) küfr imamları ilə vuruşun. Onların həqiqətdə andları (əhdləri) yoxdur (onlar üçün heç bir andın, əhdin əhəmiyyəti yoxdur). Bəlkə, (bu yaramaz işlərdən) əl çəkələr!
9. Hicr surəsi, 79-cu ayə:
Hər iki kənd aydın görünən yol üzərində yerləşirdi.
10. Hud surəsi, 17-ci ayə:
Məgər Rəbbindən açıq-aydın bir dəlilə (Qurana) istinad edən, ardınca Allahdan bir şahid (Cəbrail) gələn, ondan da əvvəl Musanın (öz ümməti üçün) bir rəhbər və mərhəmət olan kitabının (Tövratın) təsdiq etdiyi kimsə (dünyaya meyl edənlər, ona bel bağlayanlar kimi ola bilərmi)?
11. Əhqaf surəsi, 12-ci ayə:
Ondan əvvəl Musanın rəhbər və mərhəmət olan kitabı var idi.
12. Qəsəs surəsi, 5-ci ayə:
Biz istədik ki, həmin yerdə aciz qalanlara mərhəmət göstərək, onları imamlar (öndə gedənlər) və varislər edək.
Ayələrdən də göründüyü kimi, "imam" kəlməsi hidayət imamı, "oda çağıran", "küfr" imamı, Kitab, Lövhi məhfuz, aydın görünən yol mənalarında işlədilib. Ancaq Quranda "imam" sözünə yaxın mənalı olan "nəqib"- yəni başçı sözü də işlədilmişdir:
Maidə surəsi, 12-ci ayə:
Allah İsrail oğullarından əhd almışdı. Biz onlardan (özlərinə) on iki başçı göndərmişdik.