Əli (ə) öz xəlifəliyi üçün Qədir Xum hadisəsindən istifadə edibmi?

Qədir Xum hadisəsinə tutulan iradlardan biri də budur ki, Əli (ə) nəyə görə öz xəlifəliyini isbat etmək üçün Qədir Xum hadisəsini yada salmır və sübut kimi gətirmir. Bu yazımızda Allahın izni ilə göstərəcəyik ki, Əli (ə) kifayət qədər bu mövzuya işarə edib və sübut kimi gətirib.
 
Ruhbə hadisəsi, bu hadisə hicrətin 35-ci ili Kufə şəhərində baş verib. 
"... Əli (ə) insanları ruhbədə (Kufə məscidinin ortasında) cəm etdi və sonra onlara dedi: Sizi and verirəm Allaha, müsəlmanlardan hər kim Qədir Xum gününü xatırlayır və  Rəsulullah (s.a.v.v.)-in o gün nə dediyini eşidibsə, ayağa qalxsın! Onların içindən 30 nəfər şəhadət üçün ayağa qalxdı. -Və Əbu Nueym deyir ki, çox insan ayağa qalxdı- Onlar şəhadət verdilər ki, Rəsulullah (s.a.v.v.) onun əlini tutdu və camaata dedi: Bilirsinizmi ki, həqiqətən mən möminlərə özlərindən daha üstünəm (daha çox ixtiyar sahibiyəm)? Dedilər: Bəli, Ya Rəsulullah (s.a.v.v.). Ded: Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Allah, ona dost olana dost ol, onunla düşmən olana düşmən ol! (Əbu Nueym) dedi: Mən çölə çıxdım çünki içimdə sanki bir narahatçılıq var idi. Zeyd ibni Ərqəmi gördüm və dedim. Mən Əli(ə)-dən eşitdim ki, belə və belə deyir. Dedi: Eşitdiklərini inkar etmə çünki sənə deyiləni mən özüm Rəsulullah (s.a.v.v.)-dan eşitmişəm. 
Müsnəd, Əhməd, cild 4 səh. 370. hədis 19823
Heysəmi bu hədisi nəql etdikdən sonra deyir: Bunu Əhməd rəvayət edib, ricalı (raviləri) Buxarinin raviləridir, Fətr ibni Xələfdən başqa, o da siqə (etimad olunası) ravidir. (Məcməuz-Zəvaid, Heysəmi, c.9 səh. 104)
(Bənzər rəvayət Musnəd, Əhməd, c.5 səh. 366 hədis 23808 gəlib, Heysəmi eyni sözləri bu hədisin barəsində də deyir.)
İkinci hədis: 
"Əli (ə) rəhbədə insanları Allaha and verirdi ki hər kəs Qədir Xum günü Rəsulullah (s.a.v.v.)-dən "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" sözünü eşidibsə, ayağa qalxıb şəhadət versin. Əbdurrəhman dedi ki, Bədr döyüşündə iştirak etmiş 12 nəfər ayağa qalxdı və şəhadət verdi ..." "Musnəd", Əhməd, c.1 səh. 119 hədis 973, buna bənzər hədis səh 118 hədis 950-də gəlib.)
Sələfi alimi Albani yuxarıda nəql olunan hədisi  səhih sayır: Silsilətus-sahiha, c. 4 səh. 249, "Məktəbətuş-Şamilə" proqramı
Üçüncü hədis:
"Zeyd ibni Ərqəm dedi: "Əli (ə) insanlara deyirdi ki sizi and verirəm Allaha, kim Peyğəmbər (s.a.v.v.)-dən mən kimin mövlasıyamsa Əli(ə) da onun mövlasıdır, Allah, ona dost olana dost ol, ona düşmən olana düşmən ol! -sözünü eşidib. Bədr əhlindən 12 nəfər ayağa qalxıb şəhadət verdi. Mən bunu gizlədənlərdən idim və buna görə gözlərim kor oldu." 
"Məcməuz-Zəvaid", Heysəmi, c. 9 səh. 106, "Mucəmul-Kəbir", Təbərani, c. 5 səh. 510 hədis 4996
Eləcə də Əli (ə) Müaviyənin özünü təriflədiyi məktubuna bir neçə beytdən ibarət şeirlə cavab verir və orada Qədir Xum hadisəsinə işarə edir:
"... Fəəvcəbə li vəlayətəhu aləykum, 
Rəsulullahi fi Ğədiri Xum."
"Vacib etdi mənə sizin üzərinizdə, 
Rəsulullah öz  vilayətini Qədir Xumda" 
"Tarixi İbni Əsakir", 12-ci cild, səh. 397.
Həmçinin Şura günündə, xəlifə seçmək üçün oraya toplaşanlara Əli(ə)  Qədir Xum hadisəsini xatırladır: 
"Sizi and verirəm Allaha, məndən başqa sizin aranızda elə birisi varmı ki, onun  barəsində Peyğəmbər (s.a.v.v.): Mən hər kimin mövlasıyamsa, Əli(ə) də onun mövlasıdır. Allah, ona dost olana dost ol, ona düşmən olana düşmən ol, ona kömək edənə kömək et, burada olanlar olmayanlara çatdırsınlar."-deyib? - "Allaha and olsun ki, yoxdur."
"Fəraidus-Simtəyn", Həmvini, 58-ci bab, "Mənaqib", Xarəzmi, səh. 217, "Nihayətul-üqul", Fəxri Razi və s. Şiə mənbələrindən: "Şərhul-Əxbar", Qazi Numan Məğribi, c. 2 səh 191, "Əmali", Şeyx Tusi, səh. 333.
Ondan da öncə Cəməl döyüşündə Əli (ə) Qədir Xum hadisəsinə işarə edir və ona qarşı üsyan qaldırmış Təlhəyə deyir: "Səni and verirəm Allaha, Rəsulullah (s.a.v.v.)-dən "Mən hər kimin mövlasıyamsa Əli (ə) də onun mövlasıdır, Allah, ona dost olana dost ol, ona düşmən olana düşmən ol?" - dediyini eşitmisənmi?-Bəli.- Bəs onda niyə mənimlə döyüşürsən? - Xatırlamıram-dedi və Təlhə uzaqlaşdı. 
"Mustədrək aləs-sahiheyn", Hakim Nişapuri, c. 3 səh. 371, "Məcməuz-Zəvaid", Heysəmi, c. 9 səh. 107, "Tarix Dəməşq",c. 25 səh. 108, şiə mənbələrindən: "Əmali", Şeyx Səduq, səh. 184. 
Şiə kitablarında bu mövzuya aid hədislər daha çoxdur və elə Əbu Bəkrin zamanında belə Əli (ə) Qədir Xum hadisəsinə işarə edir. Onlardan elə birini gətirməklə kifayətlənirik:
"Ey Əbu Bəkr, səni and verirəm Allaha, mən sənin və bütün müsəlmanların Peyğəmbər (s.a.v.v.)-in  Qədir günündə dediyi hədisinə görə mövlasıyam, yoxsa sən? - "Sənsən".
Xisal, Şeyx Səduq, səh. 550. 
Gördüyünüz kimi, Əli (ə) Qədir Xum hadisəsini dəfələrlə xatırlatmışdır və burada məqsəd əlbəttə ki, nə özünü tərifləmək, nə də Əhli-Beyt (ə) - ə məhəbbəti yada salıb düşmənçilikdən çəkindirmək olmamışdır. Xüsusilə də Şura günü xəlifə seçimi zamanı Qədir Xuma işarə etməsi öz xəlifəliyinə gətirdiyi sübutdur. Bu hədisləri oxuduqca insan Əli (ə) - ın məzlumiyyətini daha da yaxşı başa düşür, çünki Əli (ə) çarəsiz qalıb insanları Allaha and verir, şahidlik etmələrini istəyir, əvvəlki hədislərdən də göründüyü kimi hər adam bu sözləri həzm edə bilmir və içində narazılıq yaranır. Bu zaman aydın olur ki, minlərlə səhabə niyə Əli (ə) - ı tək qoydu.