Qədir Xum hədisi səhihdirmi?

İslamda Qədir Xum hədisi qədər sənədi güclü olan hədis yoxdur. 110 səhabədən, 84 tabeindən nəql olunmuş bu hədis haqqında həm sünni, həm də şiə alimləri ayrıca kitablar belə yazmışlar. Ancaq günəş qədər aydın olan bu həqiqəti palçıqla suvamağa çalışanlar da olmuş və onun mötəbər olmadığını iddia etmişlər. Məsələn, onların gətirdiyi dəlillərdən biri budur ki, niyə Qədir Xum hədisi açıq-aşkar şəkildə Səhih-Buxari və Səhih-Muslimdə gəlməmişdir? Baxmayaraq ki, elə Səhih-Müslimdə Qədir Xum hədisinin bir hissəsi Zeyd ibni Ərqəmdən rəvayət edilmişdir. Bu zaman belə bir sual yaranır: Məgər Buxari və Muslim əhli-sünnətdə olan bütün səhih hədisləri nəql etmişdirmi? Əgər təkrarları çıxsaq, Səhih-Buxaridə cəmisi 4000 hədis vardır. Elə bir o qədər də Səhih Muslimdə vardır. Halbuki, əhli-sünnətdə hədis sayısı bundan qat-qat çoxdur. Buxari və Muslimin niyə bu hədisi gətirmədikləri artıq onların məsələyə subyektiv yanaşmasından da qaynaqlana bilər. Bütün müsəlmanların qəbul etdiyi dünyanın sonuna yaxın yer üzünü zülmdən xilas edəcək Məhdi (əf) barədə olan hədislər də Səhih Buxari və Səhih Muslimdə gəlməyib. 

İndi isə qısaca sünni alimlərinin Qədir Xum hədisinin mütəvatirliyi və səhihliyi barədə dediklərinə nəzər salaq:

Zəhəbi: "Mən Qədir Xum hədisinin rəvayət və sənədlərinin dairəsinin genişliyindən heyrətdə qalmışam və Qədir Xum hadisəsinin doğruluğuna əmin oldum!"

Siyəri aləmi nubəla, Zəhəbi, cild 14, səh. 277

İbni Həcər Heytəmi şiələrin əleyhinə yazdığı "Səvaiqul-muhriqə" adlı kitabın 1-ci cild səh.106-da Əhməd ibni Hənbəldən nəql edir: "Allah Rəsulunun (s.a.v.v.) səhabələrindən 30 nəfər Qədir hədisini eşidib, nəql etmişlər və onun sənədlərindən çoxu səhih və yaxşıdır. Buna görə də o hədisin səhih olmasına irad tutan şəxsin sözünə etimad etmək olmaz."

"Səvaiqul-Muhriqə", İbni Həcər Heytəmi, cild 1, səh. 106

Şuəyb əl-Arnaut, Əhməd ibni Hənbəlin Musnəd inə yazdığı təliqində deyir : "Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" hədisi üçün şahidlər çoxdur, hətta mütəvatir həddindədir."

"Musnəd", Əhməd ibni Hənbəl, cild, 1 səh. 330.

Şeyx Muhəmməd Cəfər əl-Kəttani:  Hafız ibni Hacər dedi ki: "Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır" hədisini Tirmizi ilə Nəsai rəvayət etmişdir. bu hədisin geniş yolları həqiqətən çoxdur. İbni Üqdə bu hədisin bütün təriqlərini ayrıca bir əsərində bütünlüklə toplamışdır, bu hədislərin sənədlərinin çoxu səhih və ya həsəndir.

"Nəzm əl mutənasir minəl hədisi mutəvatir", Şeyx Kəttani, Mənaqib babı, səh. 232

Qurtubi deyir: "Muaxat (qardaşlıq) hədisi və Xeybər rəvayəti və Qədir hədisi tamamilə sabit və həqiqi hədislərdəndir."

Əl-İstiab, Qurtubi, cild 2, səh. 373

20-ci əsrin sələfi alimlərindən olan Nasiruddin Albani də "Mən hər kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır" hədisini səhih və mütəvatir bilir:

"Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Allahım, ona dost olana dost, düşmən olana düşmən ol."

"Mən də bacardığım qədər rəvayətin sənədlərini araşdırdıqdan sonra sənədinin səhihliyinə əmin olduqlarımı  qeyd etdim. Yoxsa bu rəvayətin sənədi çoxdur. İbn Uqdə də bir kitabında bunları ayrıca nəql edib.

 İbn Həcər Əsqəlani deyir: "Nəql olunan rəvayətlərin bəziləri səhih, bəziləri isə həsəndir."

Qısacası, bu hədis hər iki hissəsi ilə səhihdir. Birinci hissəsi isə Rəsulullahdan (s.a.v.v.) mütəvatir şəkildə nəql edilmişdir. Necə ki, rəvayətin sənədlərində təhqiqat aparanlar üçün bu çox açıq bir mətləbdir."

 "Silsilə əhadis əs-səhihə", Nasiruddin Albani, cild 4, səh. 344, hədis 1750

Gördüyünüz kimi, Qədir Xum hədisinin səhih və mütəvatir olmasını əhli-sünnətin müxtəlif məzhəbləri yekdilliklə qəbul edirlər. Bunu inkar etmək isə təəssübkeşlikdən başqa bir şey deyildir.