Bu mövzuda bəzi hədislər gəlib ki, ətraflı izah edəcəyik:
Qaim (əf) qiyam edəndə yeni əmr, yeni kitab və yeni qəzavətlə gələcək.
"Əl-Ğeybə", Numani, cild 1, səh. 255
"Biharul-ənvar", cild 52, səh. 231
Qaim (əf) qiyam edəndə, yeni əmrlə gələcək, necə ki, Rəsulullah (sallallahu aleyhi və alih) İslam başlayanda yeni əmrə dəvət etmişdi.
"İrşad", Şeyx Mufid, cild 2, səh. 384
1. Aydındır ki, Allah yanında din yalnız İslamdır, o din ki, Qədir Xum günü kamil oldu. Ona görə də dinin əsillərində heç bir dəyişiklik baş verməz. Rəsulullah (s.a.a) sonuncu peyğəmbərdir, Qurani Kərim isə sonuncu kitab. Tarixdə bunun əksini iddia edənlər isə həmişə saxta iddiaçılar olmuşlar. Bu bir növ İmam Məhdi əleyhissalamı tanıma vasitəsidir, bizim gözlədiyimiz mötəbər İslami mənbələrdə tanıdılan Məhdidir.
2. Bu hədislərdə "yeni din" yox, "yeni əmr" kəlməsi işlədilib ki, əslində "yeni iş" mənasındadır. "Yeni kitab" da "yeni Quran" demək deyil və Qurandan sonra hər hansı ilahi kitab nazil edilməyəcək. Qısaca qeyd edək ki, əgər bu Quran mənasında olsa da, Əli əleyhissalamın nazil olma sırası və geniş təfsir və təvili ilə birlikdə topladığı Qurani Kərim ola bilər ki, əlimizdəki Qurandan onda heç nə əksik deyil.
3. Quranın unudulmuş və icra edilməyən hökmlərini icra edəcək və bu insanlara yeni bir kitab kimi görünəcək.
Bir zaman gələcək ki, İslamın ancaq adı qalacaq, Quranın da ancaq rəsmi qalacaq, bu zaman Allah ona zühur icazəsi verib, onun vasitəsilə İslamı zahir edib yeniləyəcək.
"Biharul-ənvar", Əllamə Məclisi, cild 36, səh. 284
Qaim qiyam edəndə insanları yeni əmrə doğru dəvət edər. Necə ki, peyğəmbər (s.a.a) insanları belə dəvət etmişdi. İslam qərib halda zahir oldu və tezliklə başladığı gün kimi qərib olacaq. Xoş qəriblərin halına!
"Əl-Ğeybə", Numani, səh.172
4. Həmçinin, bəzi hökmlər və təfsirin zamanı deyildi deyə, zühur zamanı bəlli olacaq. Məsələn, qeybətin hikmətini bilmirik və onun əsl səbəbi zühurda bilinəcək (Eynilə Xızrla Musanın (ə) əhvalatında olduğu kimi). Digər məsələlər də bu cür üzə çıxanda yeni din təsəvvürü yaradacaq.
5. Bəzi hökmlər isə kitabların aradan getməsinə görə bizim dövrümüzə qədər çatmamışdır, amma İmam Məhdi əleyhissalam onları bilir və zühur edəndə bərpa edəcək.
6. Yaxud da bir-birinə zidd hədislər görürük və alimlər elmi dəlillərlə bunlara uyğun fətva versə və hal-hazırda bu məqbul olsa da, əsl həqiqəti İmam Zaman əleyhissalam bilir. Buraya hələ qarşılaşmadığımız yeni reallıqlar və situasiyalar da daxildir. Nəzərə alsaq ki, zühurdan sonra elmdə indiki inkişafından qat-qat çox irəliləyiş olacaq, o şəraitə uyğun verilən hökmlər də bizim üçün yeni olacaq. İnsanların də şüur səviyyəsi artdığına görə soruşduqları suallar və onlara verilən cavablar da fərqli olacaq, çünki buna hazır olacaqlar.
7. İmam Məhdi əleyhissalam Rəsulullah sallallahu aleyhi və alih kimi rəftar edəcək. Bidətləri darmadağın edəcək, necə ki, Rəsulullah (s.a.a) cahiliyyət dövründə etmişdi və İslamı yenidən bərpa edəcək.
"Biharul-ənvar", Əllamə Məclisi, cild 52, səh. 352
Qaim qiyam edəndə, Rəsulullahın (s.a.a) sirəsi ilə rəftar edəcək və Muhəmmədin (s.a.a) əsərlərini (Ondan qalan Kitab və sünnəni) bəyan edəcək.
"Biharul-ənvar", Əllamə Məclisi, cild 52, səh. 347
Rəsulullah (s.a.a) buyurdu: Qaim mənim övladlarımdandır, adı adımdandır, künyəsi künyəmdəm, görünüşü də görünüşümdən, sünnəsi də sünnəmdir, camaatı itaətə, mənim dinimə və Rəbbimin kitabına doğru dəvət edər.
"İsbatul-Hudat", Hürr Amuli, cild 7, səh. 52
8. Əhli-xilafa görə səhih hədisə əsasən, Rəsulullah (s.a.a) bəzi hökmləri öz dövründə icra edə bilmir:
Rəsulullah (s.a.a) Aişəyə dedi: "Sənin qövmünün Kəbəni bina edərkən, İbrahimin (ə) qoyduğu təməllərdən bəzilərini tərk edib qısaltdıqlarını bilirsən?" Mən də: "Ya Rəsulullah(s.a.a), sən Kəbənin divarlarını İbrahimin (ə) təməllərinə niyə qaytarmırsan?" Buyurdu: "Qövmünün zamanı kafirlik dövrünə yaxın olmasaydı, mütləq Kəbənin divarlarını İbrahimin (ə) bünövrələri üzərində tikərdim."
"Səhih", Buxari, Kitabul-Həcc, Məkkə və Kəbənin fəziləti babı, hədis 1608
Fərz edək ki, bu cür hökmlərin sayı çoxdur və ancaq İmam Məhdi əleyhissalamın zamanında həyata keçəcək, əlbəttə ki, camaat üçün bu yeni bir din kimi görünəcək. (QEYD: Şiə mənbələrində İmam Məhdi əleyhissalamın Kəbəni dağıdıb təzədən tikəcəyi barədə səhih hədis yoxdur)
9. Baxmayaraq ki, hədisdə yeni din kəlməsi keçmir, insanlar getdikcə dindən uzaqlaşdığına və batil əqidələrin daha geniş yayılmasına görə, haqq dindən xəbərsiz insanlara bu yeni din kimi görünəcək. Məsələn, dünya müsəlmanlarının əksəriyyəti imamət kimi vacib dini məsələdən xəbərsizdir və onlara bu aşkar edildikdə yeni din kimi görünəcək. Bu əmr məchuldur, hər nə iddia etsən də dəqiq deyil və ancaq zühurda bilinəcək.
10. "Əhd" duasında da İmam Məhdi əleyhissalamın sadəcə öz cəddinin dinini dirçəldiləcəyi bildirilir. İlahi, onu məzlum bəndələrin üçün sığınacaq, Səndən başqa bir köməkçi tapmayanlar üçün bir köməkçi, Kitabının icra olunmayan qanunlarını yeniləşdirən, Sənin dininin, Rəsulunun sünnələrindən gəlib çatan hökmlərini dirçəldən qərar ver.
"Bələdul-əmin", Kəfəmi, səh. 83
Nəticə olaraq, İmam Məhdi əleyhissalam cəddi Rəsulullahın (s.a.a) dinini dirçəldəcək və Qədir Xumda kamil olmuş elə həmin dini gətirəcək. Qurani Kərim də elə həmin əlimizdəki Qurandır ki, sadəcə daha geniş və həqiqi təfsiri ilə gələcək və heç kimdən çəkinmədən tətbiq ediləcək.