Cəbrail (ə) xəyanət etdi?

Uzun müddətdir  şiə düşmənləri iftira atırlar ki, guya Cəbrail əleyhissalam peyğəmbərliyi Əli əleyhissalama gətirməli imiş, səhvən Rəsulullaha (sallallahu aleyhi və alih) verib. Həm də buna görə şiələr hər namazdan sonra 3 dəfə "Xanəl Əmin", yəni Əmin (Cəbrail) xəyanət etdi deyirmiş. Subhənallah, bu cür iftiralardan Allaha pənah aparırıq. Əvvəlcə bu iftiraların əslinə baxaq:

 

"Yəhudilər Cəbrailə (ə) düşməndirlər. Deyirlər ki, o bizim mələklərdən olan düşmənimizdir. Rafizilər də belədir, deyirlər ki, Rəsulullaha (sallallahu aleyhi və alih) vəhydə xəta elədi."

 

"Minhacus-sunnə", İbni Teymiyyə əl-Hərrani, cild 1, səh. 27 və 32

 

İndi isə bu mövzuda şiənin əqidəsinə baxaq:

 

Əllamə Əmini, "Əl-Ğədir", cild 3, səh. 117

 

"Bir şiə Cəbrailin vəhydə xəta etdiyini necə düşünə bilər? Halbuki, o bütün fərz və nafilə namazlarında, azanda və iqamədə və öz imamlarından (salavatullahi aleyhim) nəql olunan bir çox dualarda (Peyğəmbərin) peyğəmbərinə şəhadət verir! Bütün bunlara onların fiqh, hədis, kəlam, əqaid, miləl və nihəl elmlərində yazdıqları əsərlər şahidlik edir. Görəsən mümkündürmü ki, şiələr- bu iftiraya əsasən- iddia etsinlər ki, pak və münəzzəh olan Allah təkcə Cəbrailin səhvinə görə bu xətanı təsdiqlədi, bir halda ki, Əli əleyhissalamı peyğəmbər etmək istəyirdi?"

 

Şiələr hər namazdan sonra üç dəfə "Allahu Əkbər" deyir.

 

"Muqniə", Şeyx Mufid, səh. 114

"Əs-Sərair", İbni İdris Hilli, cild 1, səh. 232

"Əd-durus lişəriə", Şəhid Əvvəl, cild 1, səh. 184

 

Dünyanın harasına gedirsinizsə gedin, gizlincə qulaq asın, heç bir şiə Cəbrail xəyanət etdi deməz, hər namazdan sonra üç təkbir deyər. İnanın, şiələr sizin bu sözlərinizə sadəcə gülüb keçər.

 

Şiələr namazlarında da Rəsulullahın (sallallahu aleyhi və alih) peyğəmbərliyinə şəhadət verirlər və bu olmazsa namazın batil olmasına inanırlar.

 

"Muqniə", Şeyx Mufid, səh. 143

"Rəsail", Şeyx Tusi, səh. 148

"Cəvahirul-əhkam", Şeyx Cəvahiri, cild 10, səh. 246

 

Həmçinin şiələr mələklərin də peyğəmbərlər və imamlar kimi məsum olmasına inanırlar:

 

"Etiqadımız budur ki, nəbilər, rəsullar, imamlar və mələklər (salavatullahi aleyhim) məsumdurlar, hər növ çirkinlik pakdırlar, kiçik ya böyük günah etməzlər, Allahın əmr etdiklərinə qarşı çıxmazlar, onlar nə əmr edilsə yerinə yetirərlər."

 

"Etiqadat", Şeyx Səduq, səh. 96

 

Şiələr Həzrəti Cəbrail əleyhissalama da xüsusi ehtiram bəsləyirlər:

 

"Onu Ruhul-Əmin vasitəsilə nazil etdi."

 

Şuəra surəsi, 193-cü ayə

 

"Yəni Cəbrail əleyhissalam, və o, Allahın vəhyinə əmanətdardır, onu dəyişməz və əvəz etməz."

 

"Məcməul-bəyan", Şeyx Təbərsi, cild 7, səh. 353

 

Nəticə: Şiələrin Rəsulullahın (sallallahu aleyhi və alih) peyğəmbərliyinə şübhəsi və etirazı yoxdur ki, Əli əleyhissalam niyə peyğəmbər olmadı desinlər. Əli əleyhissalam özü üçün fəxr bilirdi ki, "Muhəmmədin (sallallahu aleyhi və alih) nökərlərindən bir nökərdir." Şiələrin Əli əleyhissalama olan sevgisi və itaəti, Allahın və Rəsulunun (sallallahu aleyhi və alih) əmrinə görədir.  Rəsulullah (sallallahu aleyhi və alih) nəinki Əli əleyhissalamdan, bütün məxluqlardan daha üstündür. Cəbrail əleyhissalam isə Allahın əmin mələyidir və hətta, nəuzu billah, bu baş versə idi də, Allah öz qərarını hansısa səhvə görə dəyişməzdi. Bizim əqidəmizə görə insanlara rəhbəri Allah seçir, təsadüfən, seçki və ya zor gücünə  İslama başçı seçənlərdən deyilik.