"Səddul-əbvab" sırf Əmirəlmuminin Əli əleyhissalama məxsus fəzilətdir ki, Rəsulullahdan (sallallahu aleyhi və alih) başqa heç kəs onda şərik deyildir. Hətta böyük səhabələr, Rəsulullahın (s.a.a) əmiləri Həzrəti Həmzə və Abbas da bu fəzilətdən məhrum idilər.
Rəsulullah (s.a.a) əmr etdi ki, məscid ilə qonşu olan bütün səhabələr ki, evlərinin qapısı məscidin daxilinə açılır, gərək o qapıları bağlasınlar. Təkcə Əli əleyhissalama izn verdi ki, qapını bağlamasın. Rəsulullahın (s.a.a) hədəfi bu idi ki, məscidi çirkinlik və pislikdən pak etsin. Əhli-Beyt əleyhimussalam ki, Təthir ayəsinə əsasən hər cür ricsdən, çirkinliklərdən pakdırlar, onlara bu istisna edildi. Bu hadisə mütəvatir şəkildə sünni və şiə mənbələrində gəlmişdir:
Zeyd ibni Ərqəm dedi: Bəzi səhabələrin qapıları məscidin daxilinə açılırdı. Bir gün Rəsulullah (s.a.a) əmr etdi ki, Əlinin (ə) qapısından başqa bütün bu qapılar bağlansın. Səhabələrdən bəziləri etiraz etdilər. Rəsulullah (s.a.a) xütbə oxudu, Allaha həmd və səna etdikdən sonra dedi: Mən əmr etdim ki, Əlinin (ə) qapısından başqa bütün bu qapılar bağlansın, bəziləriniz etiraz etdiniz. Allaha and olsun, mən kiminsə evdə qapısını açıb-bağlamıram, mənə belə əmr olundu və itaət etdim!
"Mustədrək aləs-səhiheyn", Hakim Nişapuri, cild 3, səh. 135 (Zəhəbi "Təlxis" kitabında bu hədisi səhih bilib)
"Sünən", Tirmizi, cild 3, səh. 524 (Albani bu hədisi səhih bilib)
"Fəzailus-səhabə", Əhməd ibni Hənbəl, cild 2, səh. 581
"Musnəd", Əhməd ibni Hənbəl, cild 4, səh. 369
"Sunən əl-Kubra", Nəsai, cild 5, səh. 118
"Nəzmul-mutənasir minəl hədis əl-mutəvatir", Muhəmməd ibni Cəfər Kəttani, səh. 191 (Bu hədisi mütəvatir bilir)
Əlbəttə ki, müxaliflər bu hədisə qarşılıq olaraq Əbu Bəkr barədə də belə bir "fəzilət" uydurublar:
Rəsulullah (sallallahu aleyhi və alih) (ölümündən öncə xəstəliyi zamanı) buyurdu: "...Əbu Bəkrin qapısından başqa məscidə açılan heç bir qapı qalmasın."
"Səhih", Buxari, Kitabus-Salat, Məscidə açılan kiçik qapı və keçid yeri babı.
Hələ bu hədisin sənədini araşdırmazdan qabaq mətninə baxaq. Hədisin ərəbcəsində "xuxə" deyilən söz işlədilir ki, qapıdan kiçik, pəncərədən böyükdür və adətən ya evə işıq düşməyi üçün istifadə edərdilər, ya da iki ev arasında gediş-gəliş üçün. Bir faktı da nəzərə alaq:
Rəsulullahın vəfatına qədər Əbu Bəkrin Mədinənin içində evi olmayıb ki, məscidə də qapısı açılsın.
Aişə nəql edir: "Rəsulullah (s.a.a) vəfat etdi və Əbu Bəkr sunhda (Mədinə ətrafı yüksəkliklərdə) idi. Ömər ibni Xəttab dedi: Allaha and olsun ki, Rəsulullah (s.a.a) ölməmişdir!.."
"Səhih", Buxari, Kitabul Fəzailus-Səhabə, Nəbinin (s.a.a.) "əgər özümə bir dost seçsəydim" sözü babı.
Əbu Bəkr Rəsulullahın (s.a.a) vəfatından düz altı ay sonra Mədinənin daxilinə köçmüşdür.
Digər tərəfdən, Rəsulullah (s.a.a) bu sözləri Əmirəlmuminin Əli əleyhissalam barədə deyibdir və mümkün deyil ki, ömrünün sonlarında desin ki, Əbu Bəkrdən başqa hamının qapısı bağlansın, bir halda ki, özünün də etirafına əsasən, Əli əleyhissalam barədə dediyi Allahın əmri idi.
Buxarinin Əbu Bəkr barədə rəvayət etdiyi hədisdə İkrimə adlı bir ravi vardır ki, xəvaricdən idi və digər hədisdə isə İsmail ibni Abdullah var ki, "hədis oğrusu" idi. Bu səbəbdən də hər iki hədisin sənəd cəhətdən zəif olduğu üzə çıxır.
Nəticə olaraq, həmişə olduğu kimi, Rəsulullah (s.a.a) ümmətinə müxtəlif yerlərdə Əli ibni Əbu Talib əleyhissalamın fəzilətini bildirmişdir və uydurma hədislərlə bunu ört-basdır etmək mümkün deyildir. Necə deyərlər, Günəşi palçıqla suvamaq olmaz.