İmam Hüseyn əleyhissalamın şəhadət gününü unutdurmaq məqsədi ilə Aşura günü ilə bağlı bir çox bidətlər qoyulmuşdur. Təbii ki, Əhli-Beyt (ə) düşmənləri bu günü bayram olaraq qeyd edirdilər və həmin bidətlərin kökü də onlara dayanır. Bəzi şəxslər isə hələ də onların yolu ilə getməyə çalışır və Aşura gününü bir bayram, mübarək gün kimi qələmə vermək istəyirlər. Bunlardan biri də Aşura günü oruc tutmaq barədədir.
Əhli-xilafın mənbələrində bu mövzuda ziddiyyətli hədislər vardır. İlk öncə onları araşdıraq:
Aişə binti Əbu Bəkr: "Qureyş cahiliyyət dövründə Aşura günü oruc tutardılar. Rəsulullah (s.a.a) da tutardı. Mədinəyə gəldikdən sonra da tutdu və başqalarına da əmr etdi ki tutsunlar. Ramazan orucu nazil olduqdan sonra onu tərk elədi. Kim istəsə tutar kim istəsə tərk edər.
"Səhih", Buxari, Kitab əs-Səum, Aşura gününün orucu babı
(Təbii ki, son cümlə Aişənin öz şəxsi fətvasıdır)
Əvvəla, hədisin sənədində Hişam ibni Urvə vardır ki, yaddaşı zəif olan və hədislərdə şişirtmə və dəyişiklik edən ravidir. İkincisi, bu hədis digər hədislə ziddiyyət təşkil edir:
Rəsulullah (sallallahu aleyhi və alih) Mədinəyə gəldi. Gördü ki, yəhudilər Aşura günü oruc tuturlar. Soruşdu: Bu nədir? Dedilər: Bu gün saleh bir gündür. Bu gün Allah Bəni-İsrailə düşmənlərindən nicat verib. Musa (ə) bu günü oruc tutub. Rəsulullah (s.a.a) buyurdu: Mən Musaya tabe olmaqda sizdən daha layiqəm. Oruc tutdu və başqalarına da əmr etdi ki, oruc tutsunlar.
"Səhih", Buxari, Kitab əs-Səum, Aşura gününün orucu babı.
(Rəsulullahın (s.a.a) Mədinəyə hicrəti Rəbiuləvvəl ayında baş vermişdir və bu səbəbdən də Mədinəyə gələndə yəhudilərin Aşura günü oruc tutmasını görməsi mümkün deyildi)
Gördüyünüz kimi, birinci hədisdə Qureyş və eləcə də Peyğəmbər (s.a.a) o günü oruc tutur, ikinci hədisdə isə o gün barədə yəhudilərdən öyrənir. Hətta fərz etsək ki, həqiqətən də Musa (ə) Aşura günü oruc tutub, necə mümkün ola bilər ki, Peyğəmbər (s.a.a) bu məsələ barədə bilmir və yəhudilərdən öyrənir? Məgər bu kafirlərin ittihamı deyildi ki, Rəsulullah (s.a.a) İslamı əhli-kitabdan öyrəndikləri ilə yaratdı?
Rəsulullah (s.a.a) buyurdu: "Özünüzü yəhudi və nəsranilərə oxşatmayın."
"Fəthul-bari", İbni Həcər Əsqəlani, cild 11, səh. 12
(Digər bir məsələ, təqribən 3000 il əvvəl baş vermiş bir hadisəni qeyd etmək olur, amma Rəsulullahın (s.a.a) ailəsinin müsibətini qeyd etmək bidətdir?)
Rəsulullah (s.a.a) Aşura günü oruc tutmağı əmr etdi amma özü tutmadı.
"Məcməuz-zəvaid", İbni Həcər Heysəmi, cild 3, səh. 186
Rəsulullah (s.a.a) buyurdu: Aşura günü oruc tutun və bu işlə yəhudilərə müxalif olun.
"Məcməuz-zəvaid", İbni Həcər Heysəmi, cild 3, səh. 188
Əmmar ibni Yasir: "Ramazan ayı nazil olmazdan qabaq bizə Aşura orucu əmr olundu, Ramazan ayı nazil olandan sonra isə əmr olunmadı."
"Məcməuz-zəvaid", İbni Həcər Heysəmi, cild 3, səh.188
Bütün bu ziddiyyətdən əlavə, çox güclü bir tarixi dəlil də var:
Yəhudilərin oruc tutduğu gün "Yom Kippur" - "Kəffarə günü" adlanır. Bu gün yəhudi təqvimi ilə 7-ci ay olan Tişrinin 10-cu gününə təsadüf edir ki, bu da Sentyabr-Oktyabr aylarına düşür.
Deməli, yəhudilərin təqvimi müsəlmanların təqvimindən fərqlidir və qəməri deyil.
Bu isə o deməkdir ki, yəhudilərin oruc tutduğu günün Muhərrəm ayının onuna düşməsi hər 36 ildən bir baş verə bilər Həmçinin, yəhudilərin orucu müsəlmanların orucu ilə fərqlidir. Günün batmasından növbəti günün batmasına qədər oruc olurlar.
Həmçinin, əhli-xilaf alimi Munavi Məcduddin Firuzabadidən nəql edir:
"Aşura gününün orucu, namazı, infaq, xına vurmaq, yağ vurmaq, sürmə çəkmək Hüseynin (ə) qatillərinin bidətlərindən bir bidətdir və o günü sürmə çəkmək Əhli-Beyt (ə) ilə düşmənçiliyin nişanəsidir və tərk edilməlidir."
"Feyzul-qədir", Munavi, cild 6, səh. 307
"Aşuranın fəzilətləri barədə orucunun müstəhəb olması barədə hədislər və başqa fəzilətlər ki, namaz, infaq, xına vurmaq, yağ vurmaq, sürmə çəkmək, dənli bitkilərdən bişirmək və sairə iftiradır. Hədis imamlarına görə o günü sürmə çəkmək Hüseynin (ə) qatillərinin bidətlərindən bir bidətdir."
"Kəşful-xəfa", Əcluni, cild 2, səh. 421
(Həmçinin, Əcluni bu kitabı xalq arasında hədis olaraq bilinən şeyləri ifşa etmək üçün yazıb)
Şiə mənbələrində də Aşura orucu barədə hədislər vardır ki, bir hissəsi səhih, digəri isə zəif hədislərdir. Bu mövzuda gələn səhih hədislər ona işarə edir ki, Aşura orucu Ramazan orucu vacib edilməzdən qabaq olub və sonra tərk edilib. Vacibin müqabilində bir əməl saxlanılmayıb, əksinə, tərk edilirsə, alimlər onun haram olmasına fətva verirlər. Yəni, Ramazan ayında oruc tutmaq vacib olunsa da, deyilə bilərdi ki, Aşura da qalsın, amma hədislərdə tərk edildi deyilir:
İmam Baqir (əleyhissəlam): "Aşura orucu Ramazan ayından öncə idi, Ramazan ayı nazil olandan sonra tərk edildi."
"Mən la yəhzuruhul-fəqih", Şeyx Səduq, cild 2, səh. 51
Bunun əksinə olaraq, Aşura gününün orucunun haram olması barədə şiə mənbələrində kifayət qədər hədis vardır:
İmam Sadiq (ə): "Bəni-Üməyyə və İmam Hüseynin (ə) qətlə yetirilməsində kömək edən Şam camaatı nəzir etdilər ki, əgər İmam Hüseyn (ə) öldürülərsə və xilafət məqamı Əbu Süfyanın sülaləsinə yetişərsə, Aşura gününü özləri üçün bayram qərar versinlər və o günü şükranlıq məqsədilə oruc tutsunlar.
Bu gün İmam Hüseynin (ə) müsibət görüb. Əgər sən də bu günü müsibətlisənsə, oruc tutma. Əgər o kəslərdənsən ki, Əhli-Beyti (ə) ittiham edir və Bəni-Üməyyənin salamatçılığına sevinir, oruc tut."
"Əmali", Şeyx Tusi, səh. 940
İmam Sadiq (ə): "Aşura günü oruc tutanın bəhrəsi o olar ki, Ali-Ziyad və İbni Mərcanənin apardığı olar. O da cəhənnəm atəşidir!"
"Üsuli-Kafi", Şeyx Kuleyni, cild 4, səh. 147
Nəticə: Aşura orucu əvvəllər mövcud olmuş olsa da, Ramazan ayı orucu ilə nəsx edilmişdir. Sonradan da Bəni-Üməyyə bu günü İmam Hüseyn əleyhissalamın qətlinə sevindikləri üçün bayram etdilər və oruc tutdular. Bu isə bidətdir və indiki dövrdə də bunu təbliğ edənlərin məqsədi həmin müsibəti unutdurmaqdır.