Şiələrə atılan iftiralardan biri də budur ki, guya İmam Hüseyni (ə) elə öz şiələri qətlə yetirib. Bu məqalədə Allahın izni ilə həmin şübhələrə cavab verəcəyik.
1. Şiə tərəfdar deməkdir və şiəliyin də ilk şərti tabe olduğun şəxsi sevməkdir. İmamla (ə) döyüşmək və onu öldürmək nə vaxtdan şiəlik sayılır?
2. İmam Hüseyn (ə) özü düşmən ordusuna tərəf belə xitab edir: "Vay olsun sizə ey Əbu Süfyan ailəsinin şiələri! Əgər dininiz yoxdursa və Qiyamət günündən qorxmursunuzsa, heç olmasa bu dünyanızda azad olun..."
"Əyanuş-şiə", Seyid Əmin, cild 1, səh. 609
İmam Hüseyn (ə) harada deyib ki, onlar Əhli-Beyt (ə) şiələridir?
3. Əhli-sünnət alimlərindən Təbəri Aşura günü baş vermiş bir hadisəni qeyd edir:
"Züheyr Azrəyə dedi: Ey Azrə, Allah onu pak qərar verib və hidayət edib, Allahdan qorx, mən sənin xeyrini istəyənlərdənəm. Səni Allaha and verirəm, məbadə azmış şəxslərə o pak nəfsi öldürməkdə kömək edəsən. O cavab verdi: Ey Züheyr, biz səni bu ailənin şiələrindən bilmirdik, sən Osmani idin!"
"Tarix Təbəri", Təbəri, cild 4, səh. 316
Azrə ibni Qeys əl-Əhməsi səhabələrdən idi və İmam Hüseynin (ə) qətlində iştirak etmiş minimum 8 səhabənin adı məlumdur, onlar da şiə idi?
4. Kufə ordusundakılar Osmanın şiələrindən idi, bunu ibni Ziyadın Ömər ibni Sədə məktubundan da görmək olar:
"Hüseyn (ə) və əshabı ilə su arasında maneə yarat, heç bir damcı su da onlara çatmasın, necə ki, məzlum Osman ibni Əfvana su çatmamışdı."
"Ənsabul-əşraf", Əhməd ibni Yəhya Bəlazəri, cild 1, səh. 417
"Tarix Təbəri", Təbəri, cild 2, səh. 212, hicri 61-ci ilin hadisələri
"Nasibilər də Ömər ibni Sədi Hüseyni (ə) öldürdüyünə, Osmanın şiələrindən olduğuna və ona kömək edənlərdən olduğuna görə mədh edirdilər."
"Minhacus-sunnə", Əhməd ibni Teymiyyə əl-Hərrani, cild 2, səh. 66
5. Kufəlilərin İmam Hüseynə (ə) məktub yazıb çağırması hələ onu məsum İmam və Allahın seçdiyi xəlifə olaraq tanıması deyildi. Onlar elə Əli əleyhissalamı da sadəcə siyasi lider kimi görürdülər və dini məsələlərdə onunla müxalifət edirdilər. Şiə odur ki, 12 imamı qəbul etsin və itaət etsin. Yoxsa Əli əleyhissalamın ordusunda xristianlar belə vardı, onlar ki şiə deyildilər? Kufəlilər Əli əleyhissalamı dördüncü xəlifə bilirdilər, şiə isə birinci xəlifə bilir və Allah tərəfindən seçildiyinə inanır. Kufəlilər üçün fərqi yox idi, xəlifə kim olsa ona tabe olacaqdılar, bu da elə əhli-sünnətin əqidəsidir.
"Rəvayət olunub ki, insanlar Kufədə toplaşaraq Əmirəl-Möminindən (ə) onlara Ramazan ayının nafilə namazını (camaatla) qılmaq üçün imam təyin etməsini istədikdə o, onları çəkindirdi və bunun sünnəyə zidd olduğunu söylədi. İnsanlar onun yanından ayrıldılar və özləri toplaşıb aralarından kimisə qabağa çəkdilər (imam camaat etdilər). O, onların yanına oğlu Həsəni (ə) göndərdi. O, qamçı ilə məscidə daxil oldu. İnsanlar onu gördükdə qapılara tərəf getdilər və “Ey vay Ömər” deyə fəryad etməyə başladılar.”
"Şərhi Nəhcul Bəlağə", İbni Əbil Hədid, cild 12, səh. 283
6. Yezidin ordusundakı komandirlərdən heç biri şiə adlandırılmayıb. İstənilən rical və tarix kitablarına müraciət etsəniz, həmin şəxslərin şiə olması barədə heç bir qeyd görməzsiniz. Əksinə, səhabələrdən bəziləri ordunun komandirlərindən idi, Azrə və Əmr kimi. Deməli, səhabələr arasında Əhli-Beytə (ə) düşmən olan nasibilər var idi və qətiyyən şiəliklə əlaqəsi yoxdur.
7. İbni Teymiyyə etiraf edir ki, o dövrdə Kufədə iki dəstə var idi:
"Kufədə iki dəstə var idi: Şiələr ki, Hüseynə kömək etdilər və nasibilər ki, Əli və övladlarına (ə) buğz edirdilər (düşmən idilər).
"Minhacus-sunnə", Əhməd ibni Teymiyyə əl-Hərrani, cild 4, səh. 554
"Hüseyni (ə) nasibilər öldürdü."
"Minhacus-sunnə", Əhməd ibni Teymiyyə əl-Hərrani, cild 4, səh. 368
8. İmam Hüseyn (ə) Aşura günü düşmənlərdən soruşdu:
"Məni niyə öldürürsünüz? Mən Allahın haramını halal etmişəm ya günaha mürtəkib olmuşam? Dedilər: Biz sənin atana (Əli əleyhissalam) olan nifrətimizə görə səninlə döyüşürük."
"Yənaibul-məvəddə", Süleyman Qunduzi Hənəfi, səh. 346
Bəziləri də ona belə deyirdilər:
"Ey Hüseyn, ey yalançı oğlu yalançı!"
"Əl-Kamil fit-tarix", İbni Əsir, cild 4, səh. 67
9. Kufədə şiələrin sayı az idi, onları da hələ Müaviyənin zamanından ya öldürürdülər, ya zindana salırdılar, ya da sürgün edirdilər. Hücr ibni Ədiyy, Əmr ibni Həmiq kimi səhabələr qətlə yetirildi. Hələ 10 il əvvəl Kufə və Bəsrədən 50 000 nəfər ailələri ilə birlikdə Xorasana sürgün edilmişdi və bu da Müaviyənin "təmizləmə" siyasətinin bir hissəsi idi.
Hicri 53-cü ildə Kufə valisi Ziyad ibni əbih camaatı məscid və qalaya doldurdu, sonra Əliyə (ə) düşmənçilik etmələrini tələb etdi (lənət etmək kimi), buna qarşı çıxanı qılıncdan keçirtdi.
"Muruc əz-Zəhəb", Məsudi, cild 3, səh. 26
"Tarix Diməşq", ibni Əsakir, cild 19, səh. 203
"Ziyad Əlinin (ə) tərəfdarlarını təqib edir və onları öldürürdü. Bu xəbərlər Həsən ibni Əliyə (ə) yetişdikdə dedi: "İlahi, onu öldür. Belə ki, onun qətli rəhmətdir."
"Mucəmul-kəbir", Təbərani, cild 3, səh. 68
Muxtar Səqəfi kimi minlərlə şiə isə zindanda idi və sonradan onlar təvvabin qiyamını təşkil etdilər. Bu da onu göstərir ki, Kufədə şiələrin sayı çox az qalmışdı. Kufənin şiə olmayan hissəsi isə ya düşmənçilikdən, ya qorxudan ya da dünya malı üçün Kərbəlaya gəlmişdilər.
10. Kufəlilər tərəfindən İmam Hüseynə (ə) məktubu çatdıranlar 8 nəfər idi. Onlar və eləcə də məktub yazanların çoxu elə Kufədə öldürüldü, Həbib ibni Məzahir isə özünü Kərbəlaya çatdırmışdı deyə orada şəhid oldu.
Nəticə: İmam Hüseynə (ə) qarşı vuruşmuş şəxslər heç bir mənbələrdə şiə hesab edilmir, əksinə, onların başında Əhli-Beyt (ə) düşmənlər dayanırdılar və bunu onların etdiyi vəhşiliklərdən də görmək olar.