Qədir Xumda hava isti idi?

Qədir Xum hadisəsi ilə bağlı olan dəlillərə kölgə salmaq istəyənlər bu dəfə də sözün əsl mənasında Qədir Xumun hava şəraiti barədə "kölgə salırlar." Onlar iddia edir ki, heç də deyilən kimi Qədir Xumda hava isti deyildi.  Aləmlərə rəhmət olan Rəsulullah (sallallahu aleyhi və alih) o istidə camaatı o qədər gözlədib sadəcə "Əli əleyhissalam mənim dostumdur." -deməzdi. Bu dəlilə qarşı da onlar belə bir iddia irəli sürüblər.

Qədir Xum Cuhfə məntəqəsində yerləşir və elə indi axtarış sistemlərində axtarsanız, mart ayında orada olan maksimum temperaturun 36 dərəcə olduğunu görərsiniz. Ancaq  sırf həmin vaxtı orada havanın necə olduğunu bilmək üçün hədislərə müraciət etməliyik.

 

1. Zeyd ibni Ərqəm deyir: "Rəsulullah (sallallahu aleyhi və alih) ilə o qədər getdik ki, Qədir Xuma çatdıq. Orada bir ağac var idi və əmr etdi ki, onun altını təmizləsinlər. O gün hava elə isti idi ki, o günkü kimi isti hələ görməmişdik..."

 

"Mucəmul-Kəbir", Təbərani, cild 5, səh. 171

"Mustədrək aləs-sahiheyn", Hakim Nişapuri, cild 3, səh. 613

"Təlxis", Zəhəbi, 6272-ci hədis

 

2. "...Günortanın istisində namaz qıldı və sonra xütbə etdi, onun üçün bir ağacın üzərinə parça salıb kölgəlik düzəltmişdilər. Buyurdu: Şəhadət verirsiniz ki, mən hər möminin üzərinizdə özündən daha övlayam(ixtiyar sahibiyəm)? Dedilər: Bəli. Buyurdu: Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Allah, onunla düşmənçilik edənə düşmən ol, onunla dost olana dost ol!"

 

"Fəzailus-səhabə", Əhməd ibni Hənbəl, cild 2, səh. 597

"Musnəd", Əhməd ibni Hənbəl, cild 4, səh. 372

 

3. "...O günü çox isti idi, bizlərdən bəziləri paltarlarını ayaqlarının altına qoymuşdular, bəziləri də başlarına çəkmişdi."

 

"Təlxis əl-mutəşabihə", Xətib Bağdadi, cild 1, səh. 383

"Mənaqib Əmirəlmuminin", İbni Məğazili, səh. 44

 

Hədislərdən də göründüyü kimi, o günü hava çox isti olub və bir ərəbi isti ilə təəccübləndirmək çox çətin məsələdir, çünki onlar onsuz da isti havaya alışıblar və hər havaya çox isti deməzlər. Deməli, Rəsulullah (sallallahu aleyhi və alih) o cür isti havada Həccdən yeni gəlmiş minlərlə adamı zöhr azanı vaxtı yığır bir yerə. Təkcə ondan ötrü ki, "Əli mənim dostumdur"- desin? Ağıl sahibləri bu barədə düşünməli və təəssübsüz araşdırmalıdırlar.