Təqva nədir

 

 

"...Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır..."¹

 

Xütbələrdə, dərslərdə bütün mövzuların əvvəlində, şəriətin buyurduğu kimi tövsiyyə olunan "təqva"nı çox eşitmişik. Bunu günahlardan çəkinmək, ibadətə ciddi yanaşmaq kimi xarakterizə etmişik. Təqva bunları əhatə etsə də, bunlarla məhdudlaşırmı? Peyğəmbər və Əhlibeytinin (ona və ailəsinə salam olsun) bizə əmr olunmuş sevgisi, ziyarətlərinin tövsiyyəsi, onların sözlərini (xidmətlə) diri saxlamaq, (şad və hüzn günlərində) məclislərini təşkil etmək, bu qəbildən olan fəaliyyətlər təqva məfhumunun təsir dairəsinə aid ola bilərmi?

 

Təqva - təqa, ittəqa fellərinin məsdəri olub qorxmaq, çəkinmək mənasındadır. Bu fel Allaha nisbət verildikdə Allahın vaciblərinə əməl edib, qadağalarından çəkinmək mənası verir. Allahın vacib etdikləri nələrdir?

 

İlk ağla gələn namaz, oruc, həcc kimi ibadətlərdir. Bunlarla yanaşı lakin bunlardan daha zəruri olan əmrlər isə etiqad mövzularında doğru əqidə sahibi olmaq və əməl etməkdir.

 

"Ey iman gətirənlər, Allaha, peyğəmbərə və aranızdakı əmr sahiblərinə itaət edin" ²

 

Cabir ibn Abdullah Ənsar deyir ki, "bu ayə nazil olanda dedim: "Ey Allahın Rəsulu, Allahı və Rəsulunu bildik, bəs əmr sahibləri kimlərdir ki, Allahın itaətlərini sizin itaətinə əlavə edib?" Buyurdu ki, "Ey Cabir, Onlar mənim xəlifələrim və məndən sonra müsəlmanların İmamlarıdırlar. Onların birincisi Əli ibn Əbu Talib, sonra Həsən və Hüseyn, sonra Əli ibn Hüseyn..." ³

 

Allahın təyin etdiyi xəlifələrə itaət birbaşa Allahın əmridir. Bu mövzuda insanlara ən aşkar nümunə İblisin halıdır. Belə ki, hədislərə əsasən o 6000 il Allaha ibadət etmişdi, etməkdə də davam edirdi. Lakin Allahın Xəlifəsinə təzim etməməsi onun bütün ibadətlərini aradan apardı, İlahi rəhmətdən qovuldu və əbədi cəhənnəm damğasını qazandı. İblisin bu asiliyi nədən xəbər verirdi? O, Allaha qarşı çıxmaq və Ona ibadətdən boyun qaçırmaq istəyirdimi? Quran ayələrinə və hədislərə baxsaq görürük ki, o elə Allahın birbaşa Özünə təzim etmək istəyirdi. Şeytan iddia edirdi ki, Allaha elə bir ibadət edər ki, heç kim belə bir ibadət etməyib. Lakin Adəmə təzim etmək istəmirdi. Allah isə ona bildirdi ki, "ibadət - ürəyin istəyəni etmək deyil, ibadət - əmrinə itaət etməkdir".

 

İblisin bu əhvalatını Qurani-Kərimdə 7 dəfə qeyd etməklə və məsumların kəlamlarında bizə bunu dəfələrlə xatırlatmaqla Allah bəşəriyyətə bir mesaj ünvanlamışdır ki, ibadət, yəni bəndəlik yalnız və yalnız Allahın əmrlərinə itaət etməklə yerinə yetirilmiş olur. Yuxarıda qeyd etdiyimiz kimi Allahın əmrləri həm (fiziki ibadətlər) cismin əməllərini, həm (etiqad) qəlbin əməllərini əhatə etmişdir.

 

"Əgər onlar, özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın, tövbələri qəbul edən və mərhəmətli olduğunu görərdilər." ⁴

 

Ayəyə diqqət etsək, bağışlanmaq üçün bunu həm Allahdan istəmək, həm peyğəmbərin yanına getmək, həm də peyğəmbərin Allahdan gələnlər üçün məğfirət istəməsi tələb olunur. Allahın bu sözünü "qulaq ardına vurub", Xəlifəsini tanımadan gecə-gündüz ağlayıb tövbə edənin təqvası ola bilərmi? Xeyr.

 

Allahın Xəlifəsinin qapısını tanımadan Allaha ibadət edənin halı İblisin halından heç də fərqli deyil. O da birbaşa Allaha ibadət etmək arzusunda idi və ibadətin belə olduğunu düşünürdü.

 

Allahın əmrləri həm Quranın möhkəm (açıq aşkar) ayələrində, həm də mütəşabih (izahı yalnız əhlinə məxsus olan) ayələrində yer alır. Məlumdur ki, bütün ayələr hər bir bəndə üçün əlçatan deyil. Zahiri oxunuşu, onun savabı hər kəs üçün əlçatan olsa da, ayələrin nə üçün, nə zaman, nə barədə nazil olması və digər sirrləri barədə heç də bütün bəndələrə imtiyaz verilməmişdir.

 

"...Kitabı sənə, hər şeyi bəyan edən və müsəlmanlar üçün hidayət, rəhmət və müjdə olaraq nazil etdik." ⁵

 

"...Sənə bu zikri nazil etdik ki, insanlara açıqlayasan. Bəlkə düşünərlər" ⁵

 

Yəni bu kitab və onda olan hökmlər Allahın elçisinə nazil olmuşdur ki, o da insanlara açıqlasın. Nəinki insanlar özləri Qurandan başa düşdükləri kimi hökm hasil etsinlər. Allah Rəsulu (s) və özünün də buyurduğu kimi ondan sonrakı Əhlibeyt (ə.s) İmamları bu hökmləri açıqlayanlar və insanlar üçün yol göstərən hidayət çıraqlarıdır. Beləliklə Allahın bütün əmr və qadağaları, bəyənilən və bəyənilməyən işlər barədə hökmləri həmin şəxslər vasitəsilə bizə yetişir. Bu səbəbdən onlara itaət Allaha ibadətin özüdür. Necə ki, Adəmə təzim etmək o məmur məxluqlar üçün Allaha ibadətin özü idi. Bu təlimdən boyun qaçıran Allaha nə qədər səcdə etsə və etmək istəsə də, bütün əməlləri puç oldu.

 

İmam Sadiq (ə.s) buyurdu: "Kim bizi inkar edərsə, Allah Adəmə səcdə əmrini verərkən inadkarlıq göstərmiş İblisin

 

nisbətində olar. Kim bizi tanıyıb, itaət edərsə Allah Adəmə səcdə əmrini verərkən itaət etmiş mələklərin nisbətində olar." ⁶

 

Qeyd etdiyimiz kimi təqva - Allahın əmrlərinə itaət etməkdir. Bu əmrlərə itaətin üstün dərəcəsi təqvanın üstün dərəcəsidir. İbadətdə diqqətli olan bəndələr vaciblərdən başqa Allahın vacib etmədiyi lakin tövsiyyə xarakterli (müstəhəb) əmrlərinə də itaət edərlər. Bu üstün təqvanın göstəricisidir. Dolayısıyla Allahın Vəlisinin (istər vacib, istər tövsiyyə tipli) əmrlərinə itaətdə daha çox cəhd edənlər, təqvası daha çox olanlardır. Məsələn İmamlar bizə buyurmuşdur ki, "Heç vaxt höccətdən başqa birinə söykənib onun hər dediyini təsdiq etmə" ⁷

 

Bu göstəriş bizə məlumatların isnadı ilə necə rəftar etməli olduğumuzu deyir. Bu göstərişə diqqət etmək həm itaət, həm riski baxımından təqvanın özü deyilmi?!

 

Başqa bir hədisdə buyurulur ki, "Hüseynin qəbrini ziyarət edin, onun ziyarətinə soyuq yanaşmayın..." ⁸

 

İmam Hüseynin (ə.s) ziyarəti bu dinin mühüm və möhkəm sütunudur. İl ərzində elə bir mühüm (Nimeyi-Şaban, Qədr gecələri və s.) gün yoxdur ki, o günün və gecənin üstün əməlləri arasında İmam Hüseynin (ə.s) ziyarəti olmasın.

 

İstər kişi, istər qadınlara, istər asayiş, istər çətinlik zamanında yeganə ziyarət İmam Hüseynin (ə.s) ziyarətidir ki, Əhlibeyt (ə.s) İmamları tövsiyyə etmişdir.

 

Dedik ki, dolayısıyla Allahın, birbaşa isə məsumların əmrləri və tövsiyələri müqabilində itaətkarlıq təqvanın üstün dərəcəsidir. Allaha ən çox itaət edən şübhəsiz ki təqvası ən çox olandır. Əhlibeytin (ə.s) xüsusilə İmam Hüseynin (ə.s) ziyarətinə soyuq yanaşan və şövqü olmayan şəxsin təqvası sual altındadır. Çünki üstün təqva Əhlibeytin (ə.s) əmr və tövsiyələrini üstün tutmaqdır.

 

Hamımızın əzbər bildiyi "məvəddəh" ayəsi bizə Allahın əmri deyilmi? Peyğəmbərin Əhlibeytinə məvəddəhi (daha ali məhəbbət) olmayan gecə-gündüz zahidlik etsə təqvalı hesab edilə bilərmi?! Xeyr.

 

Çox sayda hədislərdə Əhlibeyt tərəfdarlarının dostlarının bu meyarına xüsusi diqqət yetirilmişdir ki, o şəxslər Əhlibeytin hüzn günündə qəmlənər, şad günündə sevinərlər. Bu xüsusiyyət bir fəzilət olmaqla yanaşı dinin namaz, oruc kimi əsas hökmlərindən olan təvəlla və təbərranın göstəricisidir. Allahın (yəni Allah vəlilərinin) dost və düşmənlərinə münasibət bizlərə Allahın vacib əmridir və bu mövzuda səhlənkarlıq edən ibadət əhlinin ibadətləri onlara zahidlik libası geyindirsə də, "təqva libası daha xeyirlidir"⁹.

 

Bütün məzhəblərin qəbul etdiyi və əksər müsəlmanların əzbər bildiyi bir hədis vardır: "Hər kim zəmanəsinin imamını tanımadan ölərsə cahiliyyət dövründə ölmüş kimidir."

 

Bu hədis istənilən əmrdən daha vacib əmr, istənilən təhdiddən daha qorxulu təhdiddir. İnsan bütün ömrünü ibadətdə keçirsə amma zəmanə İmamından qəflətdə ikən dünyasını dəyişsə sanki bir ömür cahiliyyət ərəbləri kimi yaşamışdır. Tanımamaq zəlalətə düçar edirsə, tanımaq da məsuliyyət yaradır. Çünki tanıyan şəxs artıq əməl etməyə mükəlləfdir. Nəyə əməl edəcək? İmamını tanımayan insanlara tanıdacaq və özü də tanıdıqca ona tərəf gedəcək.

 

Bu şəxslər barədə Əsr surəsində Allah bizlərə vəsflər etmişdir:

 

"And olsun əsrə, insan zərərdədir. Yalnız iman gətirən, xeyirli işlər görən və bir-birlərinə haqqı, səbri tövsiyyə edənlərdən başqa" ¹⁰

 

Zərərdə olmamaq üçün mühüm şərtlərdən biri haqqı tövsiyyə etməkdir. İmamını tanıyan və tanıdan şəxslər zərərdən uzaqda olan, üstün təqva sahibləri. 

 

Bu ayə və hədisləri bir yerə cəm etdikdə nəticə yalnız bu olur ki, iman gətirənlər yalnız bir yolla Allah yanında dəyər taparaq üstün təqva sahibi hesab edilə bilərlər. O yol yalnız Peyğəmbər (s) və onun Əhlibeytinin (ə.s) qapısının yoludur. Yalnız bu qapıda olanlar Nuhun gəmisində xilas olmuş şəxslər kimidirlər. Hər kimə çətin gəlirsə, bilsin ki, ondan tələb olunan sadəcə cəhd etməkdir. Uca Allah buyurur:

 

"Hər kim bizə doğru cəhd etsə, şübhəsiz onu yollarımıza hidayət edərik"¹¹

 

Əmirəl-Muminin tərəfdarlarından olan Rumeylə xəstələnmişdi. İmamla görüşdüyü zaman İmam ona buyurdu:

 

Ey Rumeylə! Xəstələndin, sonra gördün ki yaxşılaşmısan, gəldin namaza.

 

Rumeylə dedi:

 

- Bəli ey seyyidim, bunu necə bildin?

 

İmam dedi:

 

- Ey Rumeylə, elə bir mömin və möminə yoxdur ki, xəstələnsin, onun xəstəliyi ilə biz də xəstələnməyək. Hüznlənsin, onun hüznü ilə biz də hüznlənməyək. Dua etsin, duasına amin deməyək, sükut etdikdə biz ona dua etməyək. Şərqdə və qərbdə elə bir mömin yoxdur ki biz onunla birgə olmayaq.¹²

 

Ən üstün təqva da elə budur.

 

¹ Hucurat, 19

 

² Nisa, 59

 

³ Kəmalud-din, c.1 səh.253

 

⁴ Nisa, 64

 

⁵ Nəhl, 89, 44

 

⁶ Şeyx Müfid "Əl-İxtisas" səh.334

 

⁷ Biharul-Ənvar c.2 səh.83

 

⁸ Mustədrəkul-Vəsail c.10 səh.256

 

⁹ Əraf, 26

 

¹⁰ Əsr surəsi

 

¹¹ Ənkəbut, 69

 

¹² Biharul-Ənvar c.26 səh.153