Həzrəti Xədicə (sa) barədə şübhələrə cavab

İslam dünyasında belə bir mif formalaşıb ki, guya Həzrəti Xədicə (salamullahi aleyha) Həzrəti Rəsulullah (sallallahu aleyhi və alih) ilə evlənəndə 40 yaşı olub və ondan da öncə başqası ilə evli olub. Bu yazımızda Allahın izni ilə həmin şübhələrə cavab verəcəyik. İlk öncə şiə mənbələrinə nəzər salaq:

 

İbni Abbas dedi: "Həzrəti Xədicə (salamullahi aleyha) Rəsulullah (sallallahu aleyhi və alih) ilə evlənərkən 28 yaşı var idi."

 

"Biharul-ənvar", Əllamə Məclisi, cild 16, səh. 12

 

"İbni Şəhraşub dedi: Əhməd Bəlazəri, Əbul-Qasim Kufi öz kitablarında, Murtəza "Şafi"-də,  Əbu Cəfər "Təxlis" - də yazıb: Peyğəmbər (sallallahu aleyhi və alih) Xədicə (salamullahi aleyha) ilə evlənəndə o bakirə idi."

 

"Əs-sahih min sirətun-Nəbiyyil-Əzəm", Seyyid Cəfər Murtəza Amuli, cild 2, səh. 122

 

"Rəsulullahın (sallallahu aleyhi və alih) evlənəndə  25, Həzrəti Xədicənin (salamullahi aleyha) isə 28 yaşı vardı."

 

"Behcətul-məhafil", İmadəddin Yəhya ibni Əbu Bəkr, cild 2, səh. 122

 

Sünni mənbələrində də bu mövzuya işarə olunmuşdur:

 

Beyhəqi Həzrəti Xədicənin (salamullahi aleyha) ömrü barədə yazır: "Bəziləri deyirlər: Xədicə (salamullahi aleyha) 65 il yaşadı. Bəziləri isə deyirlər: 50 il yaşadı ki, ən səhih olan görüş də budur."

 

"Dəlailun-nubuvvə", Beyhəqi, cild 2, səh. 71

"Əl-Bidayə vən-nihayə", İbni Kəsir Diməşqi, cild 2, səh. 359

 

Digər bir yerdə isə yazır: "Rəsulullah (sallallahu aleyhi və alih) onunla evlənəndə 25 yaşı var idi və besətdən 15 il əvvəl baş vermişdi."

 

"Dəlailun-nubuvvə", Beyhəqi, cild 2, səh. 72

 

Beləliklə, Həzrəti Xədicə (salamullahi aleyha) besətin 10-cu ilində 50 yaşında vəfat edibsə, bu hesabla onun evlənəndə 25 yaşı var idi. Hələbi də bu fikri təsdiqləyir:

 

"Rəsulullah (sallallahu aleyhi və alih) onunla evləndi və həmin gün Xədicənin (salamullahi aleyha) 25 yaşı var idi."

 

"Əs-Sirətul Hələbiyyə", Hələbi, cild 1, səh. 229

 

Digər bir tərəfdən də bir çox tarixçi və təhqiqatçılar isə 28 yaşında olduğunu qeyd edirlər.

 

"Tarixçilərin bir çoxu deyir ki, evlənəndə Həzrəti Xədicənin (salamullahi aleyha) 28 yaşı var idi."

 

"Şəzəratuz-zəhəb", Əbdulhəyy Ərəki Hənbəli, cild 1, səh. 14

 

"Evləndiyi gün onun 28 yaşı var idi."

 

Həmçinin, Hakim Hişam ibni Urvənin indi məşhurlaşmış sözünü şaz bilir və təsdiqləmir:

 

"Xədicə (salamullahi aleyha) 65 yaşında vəfat elədi, bu deyim şazdır (zəifdir, ancaq ona məxsus fikirdir)."

 

"Mustədrək aləs-səhiheyn", Hakim Nişapuri, cild 3, səh. 182

 

İbni Abbas dedi: "Həzrəti Xədicə (salamullahi aleyha) Rəsulullah (sallallahu aleyhi və alih) ilə evlənərkən 28 yaşı var idi."

 

"Təqəbat əl-Kubra", İbni Səd, cild 8, səh. 16

"Siyər elam Nubəla", Zəhəbi, cild 2, səh. 111

"Tarix Mədinətu Diməşq", İbni Əsakir, cild 3, səh. 193

"Muxtəsər Tarix Diməşq", İbni Mənzur, cild 1, səh. 245

 

Nəticə olaraq, Həzrəti Xədicə (salamullahi aleyha) Peyğəmbərdən (sallallahu aleyhi və alih) öncə heç kimlə evli olmayıb və yaşı da ya 25, ya da 28 olub. Peyğəmbərin (sallallahu aleyhi və alih) isə həmin vaxt 25 yaşı olub.