İmam Zaman əleyhissalamın Samirradakı sərdabda olan ziyarətnaməsində o Həzrətə (əf) belə müraciət edilir:
"Əssəlamu aleykə ya rəbiul-ənam və nəzrətul-əyyam."
"Salam olsun sənə, ey aləmin baharı və günlərin təravəti."
"Misbah", Kəfəmi, cild 1, səh. 495
"Zadul-Məad", Əllamə Məclisi, cild 1, səh. 540
Rəbi (ربیع) ərəb dilində həm bahar mənası verir, həm də bahar yağışı deməkdir. Ənam (انام) isə nəfslər, qəlblər, insanlar və cinlər, yer üzündə yaşayanlar, hətta bütün məxluqatı əhatə edən geniş mənaya malikdir və lüğət kitablarında buna işarə olunmuşdur. Bütün məxluqatın, aləmin baharı o mənada deyilib ki, İmam Məhdi (əf) gələndə ölmüş yeri dirildəcəkdir. Necə ki, yaz gələndə bütün təbiət oyanır və torpaq sanki dirilir. Necə ki, hədisdə də yazı dirilməyə bənzədiblər.
Rəsulullah (s.a.a) buyurub: "Yazı gördüyünüz zaman qəbirdən dirilməni yada salın. Yaz necə də qəbirdən dirilməyə oxşayır!"
"Təfsirul-Kəbir", Fəxri Razi, Əbəsə surəsi 21-24-cü ayələrin təfsiri
İmam Məhdi əleyhissalam da zühur etdiyi zaman həm ölmüş qəlbləri dirildəcək, həm də xarabalıqlar abad olacaq, səhralar yaşıllaşacaq, ağaclar bol bəhər verəcək və yer öz nemətlərini aşkara çıxardacaq. Onun ləqəblərindən biri də "Maun Məin" - dir, yəni "axar su":
"De: Deyin görüm, əgər axar suyunuz dibə çəkilsə kim onu sizin üçün geri gətirər?"
Mülk surəsi, 30-cu ayə
İmam Baqir (ə) bu ayə barəsində buyurub: Bu ayə Qaim (əf) haqqında nazil olmuşdur. Allah deyir ki, əgər imamınız sizin gözlərinizdən qeybə çəkilsə ki, bilməzsiniz haradadır, kim onu sizin üçün aşkar edər ki, yer və göylərin xəbərlərini sizə, Allahın halal və haramını sizə bəyan etsin. Bu ayənin təvili hələ gəlməyib və gələcək."
"Nəcmus-saqib", Hacı Nuri, ikinci bab, səh. 108
İmam Məhdi əleyhissalamın cümə günü ziyarətnaməsində isə bu cür müraciət edilir:
"Əssəlamu aleykə ya əynəl-həyat."
"Salam olsun sənə, ey həyat bulağı."
"Məfatihul-cinan", Şeyx Abbas Qummi, İmam Zamanın (əf) cümə günü ziyarətnaməsi.
İmam Məhdi (əf) həqiqətən də həyat bulağıdır ki, ölmüş yeri dirildəcək. Ancaq hər kəs ondan faydalana bilməyəcək. Necə ki, qışın sərt şaxtasında qurumuş ağaclar artıq yaz gəlsə belə daha göyərmir, zühurdan öncə də qəlbləri ölmüş bəzi şəxslərə faydası olmayacaq və öz küfrlərində qalacaqlar. Zühurdan öncəki sərt imtahanlar və sınaqlarda imanımızı qoruya bilməsək, Aləmlərin Baharının gəlişi də təsir etməz. Buna görə də günahlardan uzaq durmaq və mənəvi cəhətdən özümüzü Aləmin Baharına bağlamalıyıq. Allahdan istəyək ki, İmam Zaman əleyhissalamın zühurunu tezləşdirsin və bizləri Həyat Bulağı ilə dirilənlərdən qərar versin!