"Ya Əli" demək şirkdir?

Bəziləri müsəlmanları "Ya Əli" dediklərinə görə şirkdə ittiham edirlər. Əvvəlcə gəlin bu işə nəyə görə şirk dedikləri ehtimalları gözdən keçirək:

1. "Ya Əli" nidadır və Əli ibni Əbu Talibi çağırmaqdır. Sadəcə çağırmaq belə olsa, şirk hesab edəcəklər. 

2. "Ya Əli" - Əli əleyhissalama təvəssül etməklə Allaha yönəlməkdir. Buna da şirk deyirlər. 

3. "Ya Əli" - Əli əleyhissalamdan nəsə istəməkdir. Buna da şirk adı qoyublar. 

 

Birinci ehtimala şirk demək çox gülüncdür. Çünki bu sadəcə nidadır və Quranda Allah Özü də bir neçə yerdə "Ya" deyə çağırıb, "Ya Adəm", "Ya Musa", Ya Məryəm", "Ya İsa", "Ya əyyuhəlləzinə amənu" - "ey iman gətirənlər", "Kafirun" surəsində isə Rəsulullaha əmr edir ki de: "Ya əyyuhəl kafirun"- "Ey kafirlər". Nida şirk olsaydı, Allah Özü buna əmr etməzdi. Deməli, sırf "Ya Əli" deyə çağırmaqda heç bir şirk yoxdur. 

İkinci ehtimalda "Ya Əli" deyərək Allahın sevdiyi bəndəsi vasitəsi ilə Ona yaxınlaşmaq istəyirik. Allah Quranda buyurur: 

"Ey iman gətirənlər! Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün) vasitə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız."

Maidə surəsi, 35-ci ayə

Yaxşı, bəs nəyi vasitə olaraq seçək? Bizi ittiham edənlər deyirlər ki, vasitə olaraq saleh əməl və ibadətlərimizi seçə bilərik. 

"Səbr və namazla kömək istəyin"

Bəqərə surəsi, 45-ci ayə

Çox gözəl, görəsən bizim saleh əməlimiz üstündür, ya Allahın Rəsulu (s.a.a)? Bütün müsəlmanlar qəbul edir ki, Allahın Rəsulu (s.a.a) Allahın yaratdıqları içərisində ən üstünüdür. Bizim saleh əməllərimiz də Allahın məxluqatına aid deyil? Məxluqla təvəssül edəndə şirk olursa, bu saleh əmələ niyə aid olmasın? Nəyə görə qəbul olunacağı belə dəqiq bilmədiyim saleh əməlimlə təvəssül edə bilərəm, amma yaradılmışların ən üstünü ilə olmaz? Əli əleyhissalam da Quran ayəsinə görə Rəsulullahın (s.a.a) Özüdür. Ali-İmran surəsi, 61-ci ayədə "Gəlin özümüzü və özünüzü çağıraq" deyildiyində, Rəsulullah (s.a.a.) Əli əleyhissalamı yanında gətirmişdi. 

Üçüncü ehtimalda isə Əli əleyhissalamdan nə isə istəməkdir. Hamımız bilirik ki, Rəsulullah (s.a.a) zamanında Onun (s.a.a) yanına gəlib deyirdilər ki, bizim üçün dua elə, istiğfar elə, ruzi istə və s. Bundan da üstünü, İsa əleyhissalama deyirdilər ki, gəl ölümüzü dirilt! İsa (ə) da deyirdi ki, Allahın izni ilə xəstəyə şəfa verirəm, koru görən edirəm, ölünü də dirildirəm. Əgər biri "Ya İsa (ə), ölünü dirilt" desəydi, aydındır ki, onun məqsədi Allahın izni ilə diriltməsidir. Dirildən də, öldürən də, şəfa verən də Allahdır. Bizə maaşı müdir də versə, bilirik ki, ruzinin kökü hardandır. İndi biri "Ya Muhəmməd (s.a.a)" deyib nəsə istəsə, elə Rəsulullahın (s.a.a) dövründəki kimidir. Səbəbi isə budur: 

Rəsulullahın (s.a.a) sağlığında da, indi də Onu çağıranda, istənilən şeyi verən Allahdır. Allahın qüdrəti həmişə vardır. Rəsulullahın (s.a.a) Allah yanında hörməti və məqamı da həyatda olub-olmamasından asılı deyil. Biz "Ya Muhəmməd (s.a.a)" deyərək, Onun Allah yanındakı məqamına müraciət edirik, Onun müqəddəs adını zikr edərək Allahın rəhmətini cəlb etməyə çalışırıq. Əgər Peyğəmbərə (s.a.a) salavat göndərsək necə bəs? Bu saleh əməldir ya yox? Deməli, bizim Peyğəmbər (s.a.a) üçün elədiyimiz dua (salavat) Peyğəmbərin (s.a.a) özündən üstündür? Haşa! 

Ümumiyyətlə bilməliyik ki, Allah işləri vasitələrlə görür. "Ya Allah, mənə ruzi ver" deyəndə, Allah Özü ruzini necə verir? Təbii ki, bunun üçün vəzifələndirilmiş mələklər var, təbii qanunlar var, kiminsə əli ilə də maaş şəklində və ya başqa şəkildə ruzi gəlib çatır. Yaxud da "Allah şəfa versin" deyirik, amma "ey həkim, məni sağalt" demək də doğrudur, çünki bilirik ki, həkim özbaşına sağaltmır, həkimə biliyi verən də, dərmana təsiri qoyan da Allahdır. Necə ki, "Ya İsa, ölünü dirilt", "Ya Muhəmməd (s.a.a.), şəfa ver" dedikdə, işi görən Allahdır, istər çağırdığımız həyatda olsun, istər olmasın. Yəni biz peyğəmbərə nida edirik, o da dua edir və Allah dirildir. Biz ona dua et desək də, deməsək də bilirik ki, ondan bu işi istəyəndə özü görmür. Allahın verdiyi elm və qüdrətlə edir. Bunu bildiyimizə görə də bu cür istəməkdə qətiyyən şirk yoxdur. Həmçinin biz birbaşa istəyəndə də verə bilərlər, çünki Allah əvvəlcədən qüdrət verib və Allah bunu verməkdə aciz deyil. "Səhih Buxari" kitabında gəlmiş bir hədisə baxaq: 

"Bəndəm nafilə ibadətlərlə mənə o qədər yaxınlaşar ki, onu sevərəm. Onu sevdiyim zaman, onun eşidən qulağı, görən gözü, tutan əli, yeriyən ayağı kimi olaram. Diliylə də hər nə istəyərsə, mütləq onları da özünə ehsan edərəm."

"Səhih", Muhəmməd ibni İsmail Buxari, Kitabur-Riqaq, Təvazönün fəziləti babı.

(Məcazı qəbul etməyən şəxslər görəsən bu hədisi necə başa düşürlər?)

İnsafla deyin, Allah bəzi bəndələrinə belə məqam verib və zəmanət verib ki, duasını qəbul edəcək, amma mənim belə məqamım yoxdursa, nə ziyanı vardır hacətimi həmin şəxsdən istəyim? Həmin şəxs də Allahın verdiyi qüdrət və iznlə hacətimi verə bilər. 

İndi isə gəlin bu mövzuda gəlmiş hədislərə baxaq: 

"Kor bir kişi Rəsulullahın (s.a.a) yanına gəldi və dedi: Ya Rəsulullah (s.a.a)! Mənim gözlərim görmür, gözlərim üçün dua et! Rəsulullah (s.a.a) buyurdu: "Dəstəmaz al, məsciddə namaz qıl və orada mənə təvəssül edib belə de:

Ya Muhəmməd, həqiqətən mən hacətimlə bağlı sənin vasitənlə Rəbbimə üz tuturam."

 

"Mustədrək aləs-səhiheyn", Hakim Nişapuri, cild 1, səh. 458 hədis 1180

 

"Xalid ibni Vəlidin başçılıq etdiyi Yəmamə döyüşü zamanı (Rəsulullahın (s.a.a) vəfatından bir il sonra) müsəlmanlar şüar deyirdilər və onların şüarı Ya Muhəmmədah idi."

"Əl-Bidayə vən-Nihayə", İbni Kəsir Diməşqi, cild 6, səh. 324

 

"Abdullah ibni Ömərin yanındaydıq. Ayağı tutulmuşdu. Bir nəfər ona dedi: İnsanlar içində ən sevdiyin şəxsi zikr elə. Dedi: Ya Muhəmməd! Ayağı həmin an açıldı."

 

 

"Ədəbul-mufrəd", Muhəmməd ibni İsmail Buxari, səh. 207 hədis 438

"Kəlimut-təyyib", Əhməd ibni Teymiyyə əl-Hərrani, səh. 165 (İbni Teymiyyə belə bu əməldə şirk görmür!)

 

Eləcə də Ömər ibni Xəttabın zamanında bir nəfər Rəsulullahın (s.a.a) qəbrinə gəlir və deyir: Ya Rəsulullah (s.a.a), ümmətin üçün istisqa et (yağış istə)!

"Əl-Musənnəf", İbni Əbi Şeybə, cild 6, səh. 356

"Əl-Bidayə vən-Nihayə", İbni Kəsir Diməşqi, cild 7, səh. 92

 

"Yolunuzu itirdiyiniz, azdığınız zaman bu cür qışqırın: Ey Allahın qulları, dadıma çatın, ey Allahın qulları, dadıma çatın! Həqiqətən Allahın sizin görmədiyiniz qulları vardır" Təbərani dedi: Bu, təcrübə olunmuşdur. 

"Mucəmul-Kəbir", Təbərani, cild 17, səh. 117

"Məcməuz-zəvaid", İbni Həcər Heysəmi, cild 10, səh. 132

"Kəlimut-təyyib", Əhməd ibni Teymiyyə əl-Hərrani, cild 1, səh. 146

Bunu təcrübə edənlərdən biri də Əhməd ibni Hənbəldir:

Abdullah ibni Əhməd ibni Hənbəl dedi ki, atamdan belə eşitdim: Mən üçü ya ikisi miniklə olmaqla beş dəfə həccə getdim. Bir dəfə piyada həccə gedərkən yolda azdım. "Ey Allahın bəndələri, mənə kömək edin!" - deyə yolu tapana qədər qışqırdım.

"Şuəbul İman", Beyhəqi, cild 6, səh. 128 hədis 7697

 

Maraqlıdır, görəsən həmişə bizə ayələri dəlil olaraq göstərənlər nə deyəcəklər? Məgər biz ancaq Allahdan kömək istəməli deyilik? Məgər Allah bizə şah damarımızdan yaxın deyil? Nəyə görə səhabə və alimlər istiğasə edir və başqalarından yardım istəyirlər? Hətta Quranda Süleyman (ə) Bilqeysin taxtını Yəməndən gətirmək üçün deyir kim mənə kömək edə bilər? İnsanlardan və cinlərdən kömək istəyir və xüsusi elm verilmiş bir insan- Asəf ibni Bərxiya onun istəyini bir göz qırpımında yerinə yetirir. 

 

Görəsən kömək istənilən bu məxluqlar: istər həyatda olan insanlar olsun, istərsə də cinlər, mələklər ya digər məxluqlar, bunu hansı qüdrət ilə edirlər? Cismi qüdrət ilə ya ruhi? Özbaşlarına kömək edirlər ya Allahın izni və verdiyi qüdrət ilə? Cavab məlumdur. İndi isə sual: Rəsulullahın (s.a.a) ruhu üstündür ya digər məxluqatlar? Məgər ruh ölür? Yaxud da o ruha qüdrət verən Allahdırsa, müraciət etdiyimiz şəxsin həyatda olub-olmamasının nə əlaqəsi var? Ən pis halda deyə bilərsiniz ki, ölülər eşitmir. Allah istəsə, eşitdirməyə də qadirdir. Ancaq yuxarıdakı hədislərə baxanda görürük ki, Rəsulullahı (s.a.a) ölümündən sonra da çağıran şəxslər məgər bunu bilmirdilər? 

 Bizim Məsum İmamlarımız (ə) da "Ya Muhəmməd" şüarını deyiblər və bizə meyar məhz onların əməlidir. 

İmam Sadiq (ə): "Hüseynin (ə) şüarı "Ya Muhəmməd" idi və bizim də şüarımız "Ya Muhəmməddir."

"Kafi", Şeyx Muhəmməd ibni Yəqub Kuleyni, cild 5, səh. 47, hədis 1

 

Bütün bunları nəzərə alaraq, "Ya Muhəmməd", "Ya Əli", "Ya Məhdi" və s. şəkildə istiğasə etmək tovhid əqidəsinə tam uyğundur.

Necə ki, İbni Həcər Heytəmi deyir:

"Rəsulullaha (s.a.a) istiğasə etmək əslində Allaha istiğasə etməkdir. Peyğəmbər (s.a.a) istiğasə edən və Allah arasında bir vasitədir." 

"Əl-Covhər əl-munəzzəm", İbni Həcər Heytəmi, səh. 174