Əhli-Beytin (ə) fəziləti bir günəş kimi parlaqdır və nə qədər gizlətsələr də öz işığı ilə özünü biruzə verir. Vəhy xanədanının günəşlərindən biri olan İmam Kazim (ə) da istisna deyil.
İbni Həcər Heysəmi şiələrin əleyhinə yazdığı "Səvaiqul-muhriqə" kitabında qeyd edir:
"İmam Musa əl-Kazim (ə), elm, mərifət, kəmal və fəzilətdə Cəfər Sadiqin (ə) varisi idi. Onu çox güzəşt və səbr etdiyinə görə "Kazim" adlandırırdılar. İraq əhli yanında Onun evi "Babul-həvaic" (Hacətlər qapısı) kimi tanınırdı. O, öz zəmanəsinin insanları içində ən abid, ən elmli və ən səxavətlisi idi. Bir gün Harun ondan soruşdu ki, necə olur ki, deyirsiniz biz Rəsulullahın (s.a.a) övladıyıq halbuki Əlinin (ə) nəslindənsiniz?
Cavab olaraq bu ayəni oxudu ki, Davud və Süleyman da onun (İbrahimin) nəslindən idi... Və İsa (ə), bir halda ki, İsanın (ə) atası yoxdur.
Həmçinin Ali-İmran, 61-də də "Gəlin oğlanlarımızı və oğlanlarınızı çağıraq", "əbnaəna" kəlməsindən məqsəd Həsən və Hüseyndir (ə). Çünki Rəsulullah (s.a.a) mübahilə üçün yalnız Əli, Fatimə, Həsən, Hüseyndən (ə) başqa heç kimi aparmadı. Deməli, Həsən və Hüseyn (ə) Rəsulullahın (ə) övladlarıdırlar."
"Səvaiqul-muhriqə", İbni Həcər Heysəmi, cild 2, səh. 590
Xətib Bağdadi yazır: "O, səxavətli və kərim idi, əgər ona kimsə pis söz desəydi, ona 1000 dindarlıq kisə göndərərdi. Pul kisələrini 300, 400, 200 dinar olaraq bölərdi və Mədinənin fəqirləri arasında bölərdi. Onun pul kisələri xalq arasında məsələ çevrilmişdi və əgər Musa ibni Cəfərdən (ə) bir nəfərə kisə yetişsəydi, ehtiyacsız olardı."
"Tarix Mədinətus-Səlam", Xətib Bağdadi, cild 15, səh. 14
Əbu Hatəm nəql edir: "Musa ibni Cəfər (ə) etimad oluması, doğrudanışan idi və müsəlmanların imamlarından biri idi."
"Təhzibul-kəmal", Əl-Mizzi, cild 18, səh. 452
Bu cür misallar çoxdur, ancaq sual budur ki, nəyə görə Buxari "Səhih-Buxari" kitabında Əhli-Beyt (ə) düşmənlərindən hədis nəql etdiyi halda, İmam Kazimdən (ə) hədis nəql etməmişdir? Digər bir sual da budur ki, əgər İmam Musa ibni Cəfər (ə) sünni kitablarının da etiraf etdiyi kimi öz dövrünün ən elmli və ən abid şəxsi idisə, nəyə görə başqalarının ardınca düşüb dini Əhli-Beytdən (ə) öyrənməyiblər?