Xeybər döyüşü müşriklərə birləşərək müsəlmanlara xəyanət edən yəhudiləri cəzalandırmaq üçün baş vermişdir. Xeybər qalalardan ibarət şəhər idi və onu fəth etmək elə də asan deyildi. Həmin döyüşdə Əli (ə) öz xüsusi şücaəti ilə seçildi və digərlərindən daha fəzilətli olduğu bir daha üzə çıxdı. Əvvəlcə Rəsulullah (s.a.a) Əbu Bəkr və Öməri döyüşə yollamışdı:
"Əbu Leyla nəql edir ki, Əli (ə) ona dedi: "Ey Əbu Leyla, məgər Xeybər günümlə mənimlə birlikdə deyildin?" "Bəli, Allaha and olsun ki, sizinlə idim." "Rəsulullah (s.a.a) Əbu Bəkri Xeybər tərəfə yolladı, insanlarla birlikdə getdi və məğlub oldu geri qayıtdı."
"Mustədrək aləs-səhiheyn", Hakim Nişapuri, cild 3, səh. 39
"Musnəd", Əhməd ibni Hənbəl, cild 5, səh. 353
Əli (ə) dedi: Rəsulullah (s.a.a) Xeybərə getdi, o vaxt ki, çatdı, Öməri insanlarla birlikdə Xeybərə yolladı. Ömər döyüşdü amma çox keçmədi ki, Ömər və yanındakılar məğlub oldular. Qayıdanda camaat Öməri qorxaqlıqda ittiham edirdi, Ömər də onları.
Cabir ibni Əbdullah Ənsari: Rəsulullah (s.a.a)
Xeybər günü bayrağı Ömərə verdi,
Ömər getdi və qayıtdı, bir halda ki, insanlar Öməri qorxaqlıqda ittiham edirdi, Ömər də onları.
"Mustədrək aləs-səhiheyn", Hakim Nişapuri, cild 3, səh. 40
"Musnəd", Əhməd ibni Hənbəl, cild 5, səh. 353
Rəsulullah (s.a.a) onların bu məğlubiyyətinə görə çox qəzəblənmişdi:
"Rəsulullah (s.a.a) əvvəlcə Əbu Bəkri Xeybərə tərəf yolladı, o qaçdı və qayıtdı. Sonra Öməri yolladı, o da eyni cür etdi. Rəsulullah (s.a.a) qəzəbləndi, səhəri gün sübh əlində bayraq buyurdu..."
"Əl-Məvaqif", İzzəddin əl-İci, cild 3, səh. 634
"Şərhul-məvaqif", Qazi Curcani, cild 8, səh. 369
Nəhayət, Rəsulullah (s.a.a) həlledici seçimini edir:
Səhl ibni Səd dedi: Rəsulullah (s.a.a) Xeybər günü buyurdu: "Müsəlmanların bu bayrağını sabah elə bir şəxsə verəcəyəm ki, Allah Xeybərin fəthini onun iki əli ilə müyəssər edəcək. O, Allahı və Allahın Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir."
Orada olan səhabələr bayrağın kimə veriləcəyi barədə qarışıqlıq və ixtilaf içində gecələdilər. Səhər hamısı bayrağın özünə verilməsi ümidi ilə Rəsulullahın (s.a.a) hüzuruna gəldilər. Rəsulullah (s.a.a) dedi: Əli ibni Əbu Talib haradadır? - Ya Rəsulallah, o, iki gözündən şikayət edir. Rəsulullah (s.a.a) buyurdu: - Ona xəbər göndərin.
Əli (ə) gətirildi. Rəsulullah (s.a.a) ağız suyunu Əlinin (ə) gözlərinə çəkdi və dua etdi. Əli (ə) dərhal sağaldı, hətta onda heç bir ağrı yox imiş kimi oldu. Rəsulullah (s.a.a) bayrağı ona verdi. - Ya Rəsulullah (s.a.a)! Xeybər yəhudiləriylə bizim kimi müsəlman olana qədər vuruşaqmı? Rəsulullah (s.a.a) buyurdu: - Ey Əli, yavaş-yavaş irəliləyib onların açıq və geniş meydanlarına enincəyə qədər içlərinə gir. Sonra onları İslama dəvət et. Sonra İslam içində onlara vacib olan Allahın haqlarını onlara xəbər ver. Allaha and olsun, sənin əlinlə bir nəfərin hidayət olması, sənin üçün qırmızı dəvələrə sahib olmaqdan daha xeyirlidir.
"Səhih", Muhəmməd ibni İsmail Buxari, Kitabul Məğazi, Xeybər qəzvəsi babı, hədis 3973
Əbu Hureyrə dedi: Rəsulullah (s.a.a) Xeybər günü buyurdu: Bu bayrağı mütləq Allah və Rəsulunu sevən bir adama verəcəyəm. Allah onun əliylə fəthi müyəssər edəcək. Ömər ibni Xəttab: Komandir olmağı ancaq o gün dilədim,, bayraq üçün çağrıladam deyə boynumu ona doğru uzatdım. Ancaq Rəsulullah (s.a.a) Əlini çağırdı, bayrağı ona verdi və dedi:
"Get! Allah sənə fəthi nəsib eləyincəyə qədər qırağa baxma!"
"Səhih", Muslim ibni Həccac Nişapuri, Kitab Fəzailus-Səhabə, Əli ibni Əbu Talibin fəzilətləri babı.
Həmçinin Rəsulullah (s.a.a) Əli (ə) üçün dua edərək möcüzə göstərir:
"Allah, soyuğun əziyyətini ondan götür." Əli (ə): "O gündən sonra nə soyuq, nə də istidən əziyyət çəkdim."
"Durr əs-Səhabə", Şovkani, səh. 155"
Səhih ibni Macə", Nasiruddin Əlbani, səh. 95
Həsən ibni Əli (ə) xütbə edərək dedi: Dünən elə bir şəxsi itirdiniz ki, əvvəldəkilər ondan önə keçə bilmədilər və gələcəkdəkilər də ona çata bilməzlər. Rəsulullah (s.a.a) bayrağı ona verdi, bir halda ki, Cəbrail (ə) sağ tərəfində idi və Mikayıl (ə) da sol tərəfində, o, fəth və qələbə ona nəsib olmayınca geri qayıtmadı.
"Musnəd", Əhməd ibni Hənbəl, cild 2, səh. 344
"Silsilə əl-əhadis əs-səhihə", Nasiruddin Əlbani, cild 5, səh. 660
Əli (ə) həmin döyüşdə böyük şücaət göstərir, yəhudilərin pəhləvanı Mərhəbi məğlub edir və hətta qalanın qapısını belə əliylə yerindən çıxardır:
Əbu Rafe nəql edir: "... Əlinin (ə) sipəri əlindən yerə düşdü və o fürsətdən istifadə edib qalanın qapısını yerindən qopartdı və başının üstündə sipər kimi istifadə etdi. Xeybər əhli ilə döyüşdü ta o vaxta qədər ki Allah ona fəthi nəsib etdi. Sonra qapını yerə atdı. Mən və yeddi nəfər qapının yanına gedib onu qaldırmağa cəhd etsək də qaldıra bilmədik.
"Musnəd", Əhməd ibni Hənbəl, cild 6, səh. 8
"Dəlail ən-nubuvvə", Beyhəqi, cild 4, səh. 212
"Əl-Bidayə vən-Nihayə", İbni Kəsir Diməşqi, cild 4, səh. 189
Əbu Cəfərin (İmam Baqir (ə)) yanına daxil oldum. Buyurdu: Əli (ə) Xeybər döyüşündə qalanın qapısını əli ilə qaldırdı, müsəlmanlar dəstə-dəstə onun üzərindən keçib qalaya daxil oldular və onu fəth etdilər. Qalanın içində təcrübə olunmuşdu ki, qırx nəfər onu qaldıra bilməzdi.
"Musənnəf", İbni Əbi Şeybə, cild 6, səh. 374"
Camiul-əhadis", Cəlaləddin Suyuti, cild 16, səh. 253 (həsən hədisdir)
Yuxarıdakı hədislərdən də göründüyü kimi, həm Allah, həm də Rəsulu (s.a.a) Əlini (ə) xüsusi lütf və imtiyazlarla dəstəkləyərək digərləri üzərindəki üstünlüyünü açıq-aşkar göstərirlər. Çünki döyüşdən qaçanlarla misilsiz şücaət göstərən bir ola bilməz.