Mənzilət hədisi barədə olan şübhələrdən biri də odur ki, xüsusi bir yerdə deyilib və ona görə də onun xəlifəliyinə dəlil ola bilməz. Bu yazıda Mənzilət hədisinin gəldiyi müxtəlif hədisləri qeyd edəcəyik.
1. Səhabələr arasında qardaşlıq əqdi oxunan zaman:
Rəsulullah (s.a.a) buyurdu: "Məni haqq olaraq göndərənə and olsun ki, səni ancaq özüm üçün seçmişəm. Sənin mənə olan nisbətin Harunun Musaya (ə) olan nisbəti kimidir, bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur. Sən mənim qardaşım və varisimsən."
"Durrul-Mənsur", Suyuti, cild 6, səh. 86
"Əl-Mənaqib", Əhməd ibni Hənbəl, səh. 142
"Riyaz ən-nəzrə", Muhibəddin Təbəri
"Kənzul-Ummal", Muttəqi Hindi, cild 9, səh. 176
2. İmam Həsən (ə) və İmam Hüseyn (ə) doğulanda:
Cəbrail (ə) İmam Həsən (ə) və İmam Hüseyn (ə) doğulanda nazil oldu və Allahın əmrini çatdırdı: "Həqiqətən Əlinin sənə nisbəti Harunun Musaya olan nisbəti kimidir."
"Vəsilətul mutəəbbidin", Molla Ömər Mosuli, cild 5, səh. 225
3. Səddul-əbvab hadisəsi zamanı:
Əli əleyhissalamdan başqa digər şəxslərin məscidə açılan qapılarının bağlanması hadisəsi baş verəndə də Rəsulullah (s.a.a) bu cür buyurdu:
"Əlinin mənə olan nisbəti Harunun Musaya (ə) olan nisbəti kimidir."
"Mənaqib", İbni Məğazili, səh. 255
4. Həzrəti Həmzənin (ə) qızını himayə etmək hadisəsində:
Bu hadisə zamanı Rəsulullah (s.a.a) Əliyə (ə) dedi:
"Amma sən ey Əli! Sənin mənə olan nisbətin Harunun Musaya (ə) olan nisbəti kimidir, peyğəmbərlikdən başqa."
"Tarixul Mədinətul Diməşq", İbni Əsakir, cild 1, səh. 368
"Musnəd", Əhməd ibni Hənbəl, cild 1, səh. 185.
"Sunənun Kubra", Beyhəqi, cild 8, səh. 7
5. Cabirin hədisində:
Cabir ibni Əbdullah Ənsari deyir: Biz məsciddə yatmışdıq və Peyğəmbər (s.a.a) gəldi. "Məsciddə yatırsınız? Məscid yatmaq yeri deyil." Əli (ə) da onlarla idi. Peyğəmbər (s.a.a) buyurdu: "Yaxın gəl ey Əli! Məsciddə mənə halal olanlar sənə də halal olundu. Razı deyilsən ki, sənin mənə olan nisbətin Harunun Musaya (ə) olan nisbəti kimi olsun, peyğəmbərlikdən başqa?"
"Tarixul Mədinətul Diməşq" cild 1, səh. 290
6. Ummu Sələmənin hədisində:
Rəsulullah (s.a.a) Ummu Sələməyə (ra) buyurdu:
"Ey Ummu Sələmə! Həqiqətən Əli, əti ətimdəndir, qanı qanımdan, onun mənə olan nisbəti Harunun Musaya (ə) olan nisbəti kimidir, bir fərqlə ki məndən sonra peyğəmbər yoxdur."
"Tarixul Mədinətul Diməşq" cild 1, səh. 365
Bunlardan başqa mənbələrdə də Mənzilət hədisi gəlmişdir.
Nəticə olaraq, Mənzilət hədisi təkcə Təbuk səfəri zamanı deyilməmişdir və önəmli bir məsələ olduğu üçün dəfələrlə təkrar edilmişdir.