Əli əleyhissalamın fəzilətlərindən və imamətinə dəlillərdən biri də Mənzilət hədisidir. Bu hədis həm şiə, həm də sünni mənbələrində gəlmişdir. Rəsulullah (s.a.a) Əlini (ə) Harunla (ə) müqayisə edir. Musa (ə) Tur dağına gedəndə Harunu (ə) Bəni-İsrail üçün xəlifə təyin edir:
Və Musa ilə (Tövratı qəbul etməyə hazır olması üçün) otuz gecə (və gündüz ibadət) vədə(si) qoyduq və onu daha on gecə ilə kamilləşdirdik. Beləliklə, onun Rəbbinin qoyduğu vədə qırx gecə ilə sona çatdı. Musa (vədələşdiyi yerə gedəndə) qardaşı Haruna dedi: "Qövmümün içində canişinlik et, islahla məşğul ol və fəsad törədənlərin yoluna tabe olma"
Əraf surəsi, 142-ci ayə
Rəsulullah (s.a.a) da Təbuk səfərinə gedəndə Əlini (ə) Mədinədə xəlifə təyin edir ki, münafiqlər Ondan sonra fəsad törətməsinlər.
Şiə mənbələrində:
İmam Sadiq (ə): Rəsulullah (s.a.a) Əliyə (ə) buyurdu: “Sənin mənə nisbətin Harunun Musaya nisbəti kimidir, yalnız məndən sonra peyğəmbər yoxdur.”
"Məhasin", Bərqi, cild 1, səh. 159
"Kafi", Kuleyni, cild 8, səh. 106
Əhli-xilaf mənbələrində:
Səd ibni Əbu Vəqqas rəvayət edir ki, Rəsulullah (s.a.a) Təbuk səfərinə gedərkən Əlini (ə) öz yerinə başçı təyin elədi. Əli (ə) dedi: "Məni uşaq və qadınların içindəmi təyin edirsən?" Peyğəmbər (s.a.a) buyurdu: "İstəmirsənmi ki, sənin mənə olan nisbətin Harunun Musaya (ə) kimi olan nisbəti kimi olsun, bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur."
"Səhih", Buxari, Kitabul-Məğazi, Çətinlik qəzvəsi olan Təbuk qəzvəsi babı
"Səhih", Muslim, Səhabələrin fəziləti kitabı, Əli ibni Əbu Talibin (ə) fəzilətləri babı.
İbni Abbas rəvayət edir ki, Rəsulullah (s.a.a) camaatla birlikdə Təbuk qəzvəsinə çıxdı, Əli (ə) Ona dedi: "Səninlə gəlirəm?" Rəsulullah (s.a.a) buyurdu: "Xeyr". Əli (ə) ağladı. Rəsulullah (s.a.a) ona dedi: "Razı deyilsən ki, sənin mənə olan nisbətin Harunun Musaya (ə) olan nisbəti kimi olsun, bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur, sən məndən sonra mənim xəlifəmsən."
"Mustədrək aləs-səhiheyn", Hakim Nişapuri, cild 4, səh. 229, hədis 4652
(Həmçinin Zəhəbi də "Təlxis"-də bu hədisə səhih demişdir.)
Rəsulullah (s.a.a) Əliyə (ə) dedi: "Sənin mənə olan nisbətin Harunun Musaya (ə) olan nisbəti kimidir, bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur, mən getmərəm o vaxta kimi ki, sən məndən sonra bütün möminlərə mənim xəlifəmsən."
"Kitab əs-Sunnə", İbni Əbi Asim, səh. 551
"Zilal cənnə", Nasiruddin Əlbani, cild 2, səh. 337, hədis 1188, hədis "həsəndir" deyib.
"Mənzilət hədisi 20 səhabədən nəql edilib və mütəvatir sayılır."
"Nəzm əl-mutənasir", Muhəmməd əl-Kəttani, Mənaqib babı.
"Bu hədis ən səhih və mötəbər hədislərdəndir və çoxlu yollarla nəql olunmuşdur."
"Əl-İstiab", İbni Əbdulbirr, cild 3, səh. 1097
Rəsulullah (s.a.a) qısa müddətə getdiyi səfərdə belə camaatı başsız qoymur, xəlifə təyin edir, bəs necə ola bilər ki, ölümündən sonra ümməti özbaşına buraxsın, bir halda ki, özündən sonra daha peyğəmbər gəlməyəcək?