Bir damla göz yaşı günahları bağışlada bilərmi?

İmam Sadiq (ə.s) buyurmuşdur:

 

"Hər kim bizi zikr etsə yaxud onun yanında biz zikr olunsaq və (bu zaman) gözlərindən milçəyin qanadı qədər yaş gəlsə, Allah onun günahlarını bağışlayar, günahları dənizdəki köpüklərin sayı qədər olsa belə".

 

"Vəsailuş-Şiə", cild 12, səh.20 /Həcc kitabı

 

Bu mövzuda olan hədislərə çox rast gəlmişik. Əhlibeyt (ə.s) üçün, xüsusilə İmam Hüseyn (ə.s) üçün axıdılan göz yaşının bütün günahları bağışlama səbəbi olduğu barədə hədisləri görüb, eşitmişik. Bu bizlər üçün Allahın neməti və geniş rəhmətinin göstəricisidir. Lakin bu nemət bəzi nadanların isə azğınlığını daha da artırmışdır. Necə ki, Qurani-Kərimdə buyurulur:

 

"Biz Quranda möminlər üçün şəfa və rəhmət nazil edirik. Bu, kafirlərin ancaq ziyanını (küfrünü) artırır."

 

İsra surəsi, 82-ci ayə

 

Azğın firqələrin bu mövzuda olan şübhələri bəzi şiələri də təsirləndirmiş və bu mövzuda şəkkə salmışdır.

Axı necə olur ki, bütün il boyu günah edən insan 1damla göz yaşı ilə bağışlanır?

 

Əvvəla qeyd etməliyik ki, kimin bağışlanacağına qərar verən  Allahu Təaladır. 

 

“...O istədiyini bağışlayar, istədiyinə əzab verər...”

 

Bəqərə surəsi, 284-cü ayə

 

Günahların keyfiyyəti və kəmiyyətinə görə onların bağışlanması üçün necə bir tövbə edilməsini təyin edən də Allahu Təaladır. Allahın müxtəlif günahkarlarla fərqli rəftarlarına baxsaq, bəzilərinə bağışlanmaq üçün müəyyən əməllər vacib etdiyini, bəzilərini sadəcə bağışlanmaq istəmələri ilə bağışladığını, bəzilərini isə heç özləri bilmədən bağışladığını görərik. Məsələn;

 

"Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəldikdə isə, Rəbbin tövbədən sonra (onları) bağışlayandır, rəhm edəndir"

 

Əraf surəsi, 153-cü ayə

 

Allah burada bir şərt qoymur ki siz bütün ili günah etdiniz əvəzində də 1 il tövbə edin ki bağışlayım. Deyir tövbə yəni əstəğfirullahə və ətubu ileyh.. Bir kəlmə ilə edilən tövbə günahları bağışladırsa göz yaşı ilə niyə olmasın?! Məsələ günahların çoxluğunda və müqabilində bir damla göz yaşındadırsa bu müqayisələr yerinə düşər. Başqa bir ayədə:

 

Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq.

 

Nisa surəsi, 31-ci ayə

 

 Böyük günahlardan çəkinənlərin kiçik günahlarını əməl sahiblərinin özləri də bilmədən Allah bağışlayır. Bu, Allahın mərhəmətli və əsirgəyən olmasının göstəricisidir. Allah bəndələrini bağışlamaq üçün belə desək "bəhanə" axtarır, nəinki bağışlanmaq üçün onlara çətin yollar qoymuşdur. Yaxud da:

 

"De: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!"

 

Zumər surəsi, 53-cü ayə

 

 

Əgər Allah bütün günahları bağışlayırsa və bu ayəni nazil etmişdirsə, demək ki, Allah bəndələrin bağışlanmaqlarının marağındadır, rəhmətdən uzaq düşmələrinin deyil. Kərim olduğu üçün bu bağışlanmanı şübhəsiz ki, asan tutacaqdır.

 

De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir.

 

Ali-İmran surəsi, 31-ci ayə

 

Bu əmr, Peyğəmbərin xitab etməsi üçündür. Peyğəmbər deməlidir ki, "mənə tabe olun ki Allah sizi sevsin və günahlarınızı bağışlasın." Bağışlanmaq üçün qeyd edilən şərt nədir? Sadəcə tabe olmaq. İmamət mövzularından bilirik ki, Peyğəmbərə (s) tabe olmaq barədə olan hökmlər İmamlar (ə.s) barədə də olduğu kimi keçərlidir. Çünki bu tabeçilik sadəcə nübuvvət məqamına bağlı deyil. Yəni Allahın elçisi sadəcə nəbi - xəbər gətirən olduğu üçün deyil, Allahın xəlifəsi, yer üzündə nümayəndəsi olduğu üçün ona tabe olmaq əmr edilmişdir. Allahın bir xəlifəsinə aid olan bu hökm ondan sonrakı növbəti xəlifələr üçün də eyni qaydada aiddir. Əhli Beyt (ə.s) İmamlarının insanlara dəvət və çağırışları eynilə Peyğəmbərin (s) insanlara dəvət və çağırışı kimidir. Onların insanları dəvət etməsində şəxsi mənfəətləri yox idi ki, bu qədər israrla dəvət edirdilər. Nə üçün idi bu dəvətlər?!

İmam Sadiq (ə.s) buyurur: "Əgər Allah bizim vilayət və məhəbbətimizi vacib etməsəydi, sizi qapımızdan daxil etməzdik və sizi qapımızda saxlamazdıq. Allaha and olsun biz nəfsi istəklərimizdən demirik və sizə öz rəyimizi bildirmirik. Biz Rəbbimizin dediyindən başqa bir söz demirik."

Bəsairud-dərəcat cild 1 səh.535

Təbii ki, bu dəvətlər insanların bağışlanıb əbədi səadəti qazanmaları üçün idi. Allah onlara bu dəvəti əmr edir, bizlərə də o dəvətə tabe olmağı əmr edir və Qurani Kərimdən də bildiyimiz kimi Allahdan bəndələrinə yalnız xeyir gəlirsə, demək ki, onların dəvətini qəbul edib, onlara tabe olmaq həmin xeyirin zəmanətidir.

Əhlibeytin (ə.s) hüzn günlərində hüznlənmək, onlara göz yaşı tökmək elə Peyğəmbər (s) və Əhlibeytinin (ə.s) bizlərə tövsiyyəsidir. Buna əməl edib həmin xeyiri əldə etmək zəmanətini də Əhlibeyt (ə.s) özü bizə vermişdir. Mövzunun əvvəlində bu barədə hədis qeyd etmişdik. Başqa bir hədisdə

 

İmam Rza (ə.s) buyurur:

"Ağlayanlar İmam Hüseyn (ə) kimisinə ağlasınlar. Ona görə ki, ona ağlamaq böyük günahları aradan aparır."

 

Əllamə Məclisi, "Zadul Məad", cild 1, səh.231

 

Allah kitabında buyurur ki, "O gün Rəhmanın izn verdiyi və danışmağına razı olduğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz"

 

Taha surəsi, 109-cu ayə

 

Kimlərə aiddir bu icazələr və kimlərin şəfaəti fayda verəcək? Yuxarıda qeyd etdiklərimizdən məlum olur ki, günahların bağışlanması üçün Allahın "tabe olun" dediyi kəslərdir. Onlar həmin bir damla göz yaşının günahları aradan aparacağına zəmanət verən şəxslərdir. Şübhəsiz ki, yalnız şəfaəti fayda verəcək və izn veriləcək şəxslər bəndələrə bu zəmanəti verə bilərdi.

 

Necə ki, Peyğəmbər (s) Xanım Zəhraya (s.a) buyurmuşdu: "Ey Fatimə, ümmətimin qadınları Əhlibeytimin qadınları üçün ağlayacaq, ümmətimin kişiləri Əhlibeytimin kişiləri üçün ağlayacaq... Qiyamət günü olduqda sən o qadınlara şəfaət edəcəksən, mən də o kişilərə şəfaət edəcəyəm."

 

Biharul-Ənvar, cild 44, səh.293